Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Cəmil Həsənlidən Razi Nurullayevə sərt sözlər:  “… ona “Brend Razi” deyirdilər”

Cəmil Həsənlidən Razi Nurullayevə sərt sözlər:  “… ona “Brend Razi” deyirdilər”

Milli Şuranın sədri, professor Cəmil Həsənli Facebook səhifəsində Razi Nurullayevin yeni qurum yaratmağı ilə bağlı hadisəni ciddi tənqid edib.  Azinforum.az olaraq onun paylaşdığı statusu təqdim edirik:

“Dostlar! Hökumət cəbhəçilər arasından ələ aldığı Razi Nurullayevi də belə batırdı. Onunla çoxdan razı-niyaza başlamışdılar. Öz mübarizə yoldaşlarına yuxarıdan aşağı baxdığına görə cəbhədə ona “brend” Razi də deyirdilər. Görünür, brend neftin qiyməti düşdükcə, hökumətimiz böhrandan “brend” Razi vasitəsi ilə çıxmağa üstünlük vermiş və onu keçmiş cəbhədaşlarına qarşı savaşa sövq etmişdir.

Onun hələ bir müddət əvvəl Milli Şura üzvləri arasında tərəfdarlar toplamaq çabaları haqqında mənə də demişdilər. Bəzi Milli Şura üzvləri ilə görüşüb, onları hökumətin proyektinə cəlb etmək üçün yağlı vədlər vermişdi. Hakim komandadan ona böyük etimadın olduğunu, Milli Şurada tərəfdar toplamağın, möhkəmlənməyin vacibliyin vurğulamışdı. Deputat mandatı, yüksək vəzifə sahibləri ilə görüş və müxtəlif təminatlar olacağını bildirmişdi. Sonra məlum oldu ki, eyni işi cəbhədə də aparır. Ona verilən tapşırıq hər iki təşkilatda tərəfdarlar toplamaq olsa da, Cəbhə də, Milli Şura da onunla vaxtında üzülüşdü. Hökumətin ümidlərini doğrultmadı, uzun müddət təşkilatda gizli şəbəkə qurmağa çalışsa da, bir şey hasil olmadı. Bu prosesdən cəbhəçilər daha da güclü çıxdı, hakimiyyətin əsas rəqibinə, siyasi mübarizənin mərkəzi təşkilatına çevrildilər.

Hökumət zaman-zaman Əli Kərimli və AXCP-yə qarşı sürprizlər hazırlayıb. Gah bir məhbus vasitəsilə onu fiziki cəhətdən məhv etməyi planlayıb, gah Elçibəyin zəhərlənməsi kimi absurd ittihamla yarğıya çəkməyin müxtəlif yollarını cızıb. Amma bütün hallarda cizgi filmi səviyyəsində olan bu macaralar onu quraşdıranların iflası ilə nəticələnib. Əli Kərimli bu mübarizədə qalib çıxıb. Bu gün ölkənin siyasi səhnəsində onun və rəhbərlik etdiyi partiyanın yeri və rolu göz önündədir. Qarşıdakı parlament seçkiləri ilə bağlı siyasi “təlatümlər” yaratmağı düşünən hökumət rəsmiləri, öz çirkin niyyətləri yolunda başlıca maneə hesab etdikləri AXCP ilə bağlı növbəti avantüraya əl atdılar. Bu məqsədlə bəzi ehtiyat variantları olsa da, onu zamanına saxlayıb cəmiyyət üçün heç bir maraq kəsb etməyən Razini selə verdilər.

Onun ikinci əl təsiri bağışlayan 8 nəfərlik nimdaş bir dəstə ilə publika qarşısına çıxması uğursuz bir günə-19 avqust QKÇP-nin (onlar da 8 nəfər idi) yarandığı və elə yarandığı gün də məğlub olduğu tarixə təsadüf edirdi. Cəbhənin QKÇP-si nəinki tarix, heç onun ironiyası da deyil. “Brend” oğlan bunu da bacarmadı. Orada vur-tut iki cəbhəçi var idi. Cəbhənin “Müasir Müsavat” variantını yaratmaq da belə iflasa uğradı.

Adamın Rafiq Daşdəmirliyə yazığı gəlir. Vaxtilə mənim bir elmi rəhbərim var idi. O, “Adın nədir? – Daşdəmir – Yumşalırsan, yumşalır” deyiminə bu məzmunda redaktə etmişdi: “Adın nədir? Daşdəmir- Yumuşalırsan, kak xəmir”. İndi bu yazıq o qədər yumşalıb ki, hətta kütə gedir. Ya elə götürək bu Rafael Becanovu. Bu adam XX əsrdə Cəbhədən çıxıb. İndi guya AXCP-dən yeni çıxan birisi kimi bunu gətirib Razinin yanında oturtmaq bir az utanmazlıq əlamətidir.

Bizim Xramçaylı şairlə orucluğun sonuncu həftəsində Azərbaycan nəşriyyatının qarşısında qarşılaşdıq. İçkiliydi. Dərddən, xüsusilə dolanışıq dərdindən içdiyini dedi. Əli bəyin və mənim haqqımda çoxlu tərifli sözlər səslndirdi. Ölkənin bizim kimi kişilərin çiyinlərində dayandığını vurğuladı. Ağzımı açmağa, onu dayandırmağa imkan vermədi. Düzünü deyim, həmin vaxt onun tərifindən bir az utandım. Bu gün onu Cəbhə QKÇP-çiləri sərgisində görəndə, xeyli güldüm və öz-özümə dedim ki, bu işin bircə Moşusu çatışmırdı. Şair Moşusu”.

Adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb

2020-ci ilin dekabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,44 Mbit/s-ə …

Bir cavab yazın