Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Cəlilabadda təhsil rəzaləti – “Komsovat” edilən və diplomunda problem olduğu deyilən  idman müəllimi işə necə götürülüb?

Cəlilabadda təhsil rəzaləti – “Komsovat” edilən və diplomunda problem olduğu deyilən  idman müəllimi işə necə götürülüb?

Cəlilabad rayon Qarakazımlı kənd sakini Emil Bayramov Qarakazımlı kənd orta məktəbinin direktoru Nazim Əliyev və Sarxanlı kənd orta məktəbinin direktoru Camal Bəşirovdan şikayətçidir. O, iddia edir ki, N.Əliyev və C.Bəşirov məktəbdə qanunsuz əməllərlə məşğuldur.

Şikayətçi bildirib ki, müvafiq qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, problemi həll olunmayıb. Bu baxımdan məsələni ictimailəşdirmək üçün mətbuata üz tutub.

Şikayətçi geniş formada problemini aşağıdakı kimi anladıb:

“Qarakazımlı kənd orda məktəbinin direktoru Nazim Əliyev, təhsil naziri Mikayıl Cabbarov tərəfindən məktəb direktoru vəzifəsindən azad edilib. Lakin rayon Təhsil şöbəsinin müdiri Elminaz Nadirova onu dərs hissə müdiri təyin etmiş və məktəb direktoru vəzifəsini də ona tapşırıb. N. Əliyev öz vəzifə səlahiyətlərindən istifadə edərək aşağıdakı qanunsuzluqları edib: Belə ki, nazirin qərarını pozaraq, özbaşına müəllim işə götürür. Qarakazımlı kənd ərazi nümayəndəliyində valideynləri və özləri yaşamayan şagirdlərin hazırda adları jurnalda gedir. Nazim Əliyev həmin şagirdlərin yazı və test işlərini məktəbin digər şagirdlərinə yazdırır. Məktəbə verilən qiymətli inventarların bir qismini satır, digər hissəsini isə öz evinə aparır. Təhsil naziri tərəfindən verilən şəhadətnamə və attestatları sahiblərinə deyil, başqalarına satır”.

Emil Bayramov rayonun Sarxanlı kənd ümumi orta məktəbinin direktorundan da şikayətini bildirib:

“Bu adam Kitabxanaçılıq fakültəsini qiyabi qurtardığı halda məktəb direktoru işləyir. Eyni zamanda 36 saat dil-ədəbiyyat dərsi deyir. Altı ildir ki, 10 saat dərs yükü olan tarix, fizika, biologiya və kimya fənləri üzrə Təhsil Nazirliyinə vakant yerləri göstərir. Ancaq dil-ədəbiyyat fənləri üzrə heç zaman vakant yer göstərmir. Hal-hazırda Sarxanlı ümumi orta məktəbində dil-ədəbiyyat, kimya, biologiya, fizika, tarix fənləri üzrə pedaqoji təhsili olan müəllim yoxdur. Bu fənləri də direktor Camal, öz istəyi ilə bölüb, paylayıb. İngilis dilinin əlifbasını belə bilməyənlər, bu dildən dərs keçirlər.

Atam Dənizxan Bayramov hazırda Sarxanlı kənd ümumi orta məktəbində müəllim işləyir. Camal Bəşirov onu oktyabr ayında bir ay işlədib, sonra isə deyib ki, sənin işin burada düzəlmədi. Atam müvafiq qurumlara şikayət etdikdən sonra direktor atamı çağırıb, ona 18 saat dərs yükü ayırıb. Müqavilə noyabrın 18-nə bağlanıb. Ancaq bu dəfə də atamın Azərbaycan dili müəllimi olmasını müqavilədə gizlədib. Məqsəd də odur ki, özünün 29 saat dərs saatını əlində saxlasın. Bundan əlavə o, noyabr ayında atama əmək haqqı verməyib. Bildirib ki, hamısını birlikdə dekabr ayında alarsan. Dekabrda məlum oldu ki, noyabr ayı üçün 2 saat dərsin əmək haqqı ( 30 manat), dekabr ayı üçün isə 4 saat dərsin əmək haqqı yazılıb. Yəni iki aya cəmi 96 manat əmək haqqı verilib. Pedaqoji təhsili olmayan Camal Bəşirov isə 900 manat əmək haqqı alır. Məsələ ilə bağlı bütün müvafiq qurumlara şikayət etsək də, şikayətimizə baxan yoxdur”.

Yuxarıda adı çəkilən Nazim Əliyevin də mövqeyini öyrənməyə çalışdıq. Onun özü ilə əlaqə qura bilməsək də oğlu Mahir Əliyev bildirdi ki, şikayət tamamilə əsassızdır: “Onun qardaşı məşhur bir adamın oğlunu öldürüb hazırda isə həbsdədir. Həmin ərəfədə isə Xarici Dillər Universitetində işləyən atası Dənizxan Bayramov işdən çıxarıldı. İndi isə orta məktəbdə müəllim işləməsi üçün gərək müvafiq imtahanlardan keçsin. Dənizxan Bayramova bunu dediyimizdə isə bildirir ki, yox, məni işə götürməlisiniz. Bir daha qeyd edirəm ki, səslənən fikirlər tamamilə əsassızdır”. (musavat.com)

Cəlilabad təhsilində acınacaqlı faktların ictimailəşməsi Azinforum.az-ın marağına səbəb olub. Biz qərara gəldik ki, real vəziyyətin necə olduğunu tərəflərdən deyil, tamamilə  neytral adamlardan öyrənək. Adının çəkilməsini istəməyən kənd sakinləri bildirdilər ki, Emil Bayramovun etdiyi şikayət konkret faktlara əsaslanır və reallığı əks etdirir. Bizə deyildi  ki, şikayətçi ilə məsələyə münasibət bildirən Mahir Əliyevin öz xalaoğlusudur.  Maraqlıdır ki, məsələyə barəsində ittihamın səsləndirildiyi direktorlar deyil, onlardan birinin oğlu cavab verib və mövzunu tamamilə başqa rakursa yönəldib.  Mənbəmiz bildirdi ki, kiminsə qardaşının cinayət törədib həbs edilməsinin bu şikayətə heç bir dəxli yoxdur:

“Eləyə qalsa, yaxşı olar ki,  Mahir Əliyev bir qədər də özü barədə ətraflı məlumat versin. O, hazırda siyasi mühacir həyatı yaşayan Elşad Abdullayevin rəhbəri olduğu ABU-nun hansısa filialında təhsil alıb. Universitet qalmaqallı şəkildə bağlanandan sonra,  Mahir diplom ala bilmədi və hansısa arayış əsasında məktəbdə işə başladı. Bizdə olan məlumata görə, onun diplomla bağlı hələ də problemi qalmaqdadır.  Digər maraqlı fakt isə ondan ibarətdir ki, Mahir Əliyev  gözünün zəif görməsi səbəbindən hərbi xidmətdən də möhlət hüququ alıb. Müvafiq komissiya ona bu möhləti veribsə, deməli, söhbət ciddi xəstəlikdən görədir. Elədirsə, xəstə olan adamın şagirdlərə idman dərsini tədris etməsi maraqlı görünür”.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

Aytən CEYHUNQIZI

AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın