Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Bütün SSRİ-ni güldürən Anatoli Papanov öz qəhrəmanlarından niyə narazı idi?

Bütün SSRİ-ni güldürən Anatoli Papanov öz qəhrəmanlarından niyə narazı idi?

Publika ona sadəcə, pərəstiş edirdi. Aktyorun yaxın dostları isə çox deyildi. O, özünü işə və evə sərf etməyi xoşlayırdı: «Mən yalnız bir qadını sevmişəm: bir qadın, bir teatr». O, çoxlu filmlərə də çəkilmişdi: «Sabah gəlin», «Doğma qan», «Belarusiya vağzalı», «Avtomobildən özünü gözlə», «Uğur centlmenləri», “Brilyant əl”… kimi sovet kinosunun inciləri sayılan ekran əsərlərində rol almışdı və sevilmişdi Anatoli Papanov.

«Mən sadə rusiyalı, kəndli balasıyam», – Papanov bu sözləri özü haqqında addımbaşı söyləyərdi, lakin onun müqəddəratı heç də yaxşı olmadı.

Həyatda qalmaq 

Anatoli Papanov 1922-ci il, oktyabrın 31-də Vyazma şəhərində doğulub. Onun anası Yelena Boleslavovna Roskovskaya polşalı idi və ailə Belarusiya ilə Polşa sərhədində yaşayırdı. 1918-ci ildə bu torpaqlar bölündü və Yelena Boleslavovna tək qaldı: onun qohumları Polşada, o isə Belarusiyada. Anatolinin atası Dmitri Filippoviç Yelenadan 10 yaş böyük idi və qadın həmişə ona «siz» deyə müraciət edərdi. 1920-ci illərin axırlarında Papanovun valideynləri Moskvaya köçdülər. Anatolinin paytaxt həyatı sadə və iddiasız idi. Atası kimi o da məktəbi bitirəndən sonra fəhləliyə getdi. O, kürəcik-podşipnik zavodunda tökməçi işləyirdi. 10 saatlıq işdən sonra Papanov «Kauçuk» klubundakı teatr dərnəyinə gedirdi. 1939-cu ildə o, məzhəkə teatrında «Qırılmış fincan» tamaşasında oynayır və «Mosfilm»də «Lenin oktyabrda» filminin yığıncaqlarında çəkilirdi.

Papanov müharibənin nə olduğunu yaxşı bilən aktyorlardan idi. Təkcə cəbhədə təbliğat briqadalarında və hərbi kino çəkilişlərinə görə yox, səngərlərdəki şəxsi təcrübəsinə, döyüş meydanında hər an ölüm təhlükəsini hiss etdiyinə görə, o, müharibəyə bələd idi. Onu cəbhəyə 1941-ci ilin avqust ayında çağırdılar. Demək olar ki, getdiyi gündən od-alovun içərisinə düşdü. Bir il keçmiş Papanovun polku Xarkovda bombardman zamanı böyük itkilərlə üzləşdi. Onun polk yoldaşlarının hamısı qırıldı, özü isə ayaqlarından ciddi yara aldı – ayaq barmaqlarının ikisini və pəncəsinin bir hissəsini itirdi. Beləcə, 21 yaşlı Anatoli 3-cü dərəcəli əlilə çevrildi və davamlı müalicələrdən sonra tərxis edildi.

«Moskvaya dönəndən sonra Tolya Kinematoqrafiya İnstitutuna daxil olmaq qərarına gəldi» – deyə Papanovun dul qadını Nadejda Karataeva danışır: “O gələndə, qəbul imtahanları artıq bitmişdi. İnstitutun bədii rəhbəri Mixail Tarxanov o vaxt Anatoliyə dedi: «Əlbəttə, mən səni birdəfəlik ikinci kursa götürə bilərəm, bir halda ki, orada qətiyyən kişilər yoxdur. Ancaq sən – axsayan və əlində əsa olan bir insan kimi necə aktyor olmaq fikrinə düşmüsən?” Tolya: “Söz verirəm ki, tezliklə siz mənim axsadığımı hiss etməyəcəksiniz” deyir. Belə də oldu. Tolyanın əlilliyini demək olar ki, az adam bilirdi. Axsadığını isə uzun illər onunla bir teatrda çalışan həmkarları belə hiss etməmişdilər.

Papanov və Karatayeva kurs yoldaşı idilər. Onlar bir-birinə ilk baxışdan vurulmamışdılar, hissləri də Şekspirin ehtiraslı məhəbbət romanlarındakı qəhrəmanlar kimi deyildi. «Mən dərslərə “gimnastyorka” və sapoqlarda gedirdim. Tolya buna fikir verib bir gün: «Sən də müharibədə iştirak etmisən?» soruşanda «hə»  cavabı verdim. Bu zaman o, dərindən nəfəs alaraq dedi: «Allaha çox şükür ki, söhbət etməyə adam tapıldı». Beləcə, bizim dostluğumuz başladı və tədricən məhəbbətə çevrildi. Dördüncü kursda biz evləndik. O, kinodakı kimi, qadına pərəstişkarlıq etməyi bacarmırdı. Çox ciddi və sadə ailədən idi, gözəl sözlər söyləyə bilmirdi, amma mənə həmişə qayğıkeşlik göstərərdi. O vaxt məni daha bir nəfər sevirdi. Necə oldusa, bir gün Tolya ilə bu haqda söhbət etməyə başladıq. Mən dedim ki, o, mənim xoşuma gəlmir. Papanov isə soruşdu: «Bəs kim sənin xoşuna gəlir?» «Sən mənim xoşuma gəlirsən»  dedim və münasibətlərimizə aydınlıq gətirdik. 1945-ci ildə qələbə günündə nikah üçün ərizə verdik. Birlikdə 43 il yaşadıq. Vaxt keçdikcə bizim məhəbbətimiz bir-birini dərindən başa düşməyə qədər artdı».

 

Dedi-qodunu sevmirdi

Papanovun aktyorluq taleyi uzun müddət baş tutmur. İşlədiyi Satira Teatrında ona epizodik rollar tapşırılırdı. Buna görə o, çox fikir edirdi: «Axı, mən hiss edirəm ki, oynaya bilərəm». Rejissorların onun aktyorluq qabiliyyətini hiss etmələri üçün on illərlə vaxt tələb olundu. “Cavanlığında Otellonu oynamağı arzulayırdı, ahıllığında isə Kral Liri”- deyə həyat yoldaşı xatırlayır: “Əfsus ki, bu arzusunu həyata keçirmək ona müyəssər olmadı. Buna baxmayaraq, həyatında ciddi rolları çox olmuşdu. Xalq arasında onun obrazları milliləşmişdi. Baxmayaraq ki, özü bu rolları o qədər də sevmirdi. Söhbət «Brilyant əldə»ki Lyolikdən, «Düşərsən əlimə» cizgi filmindəki canavardan gedir”.

A.Papanov kontrabandist Lyolikdən sonra ümumittifaq şöhrəti qazanır. Filmin çəkilişləri Bakıda, Krasnodarda və “Mosfilm”də gedirdi. O zaman Azərbaycan kinematoqraflar üçün fabrik sayılırdı. İçərişəhər, Xəzər dənizi, Qobustan Türkiyə, İran, Argentina, keçmiş SSRİ rejissorlarının sevdiyi yerlər idi.

“Brilyant əl” filminin çəkilişləri Bakıda 15 gün uzanır. Qız Qalası, qala divarları, Cümə məscidi, Şirvanşahlar sarayı filmdə turistlərə göstərilir. Sonra ekrana «Çikanuk» aptekinin yerləşdiyi, məşhur «Lənətə gəlsin» sözlərinin səsləndiyi Kiçik qala küçəsi gəlir. Təəssüf ki, Anatoli Papanova filmin heyətinin tərkibində Bakıya gəlmək qismət olmur. Yaxın dostu Andrey Mironov xatırlayırdı: «Brilyant əl»in çəkilişlərini yadıma salanda təəssüflənirəm ki, tərəf-müqabilim Anatoli Papanova Bakını – onun özünəməxsus gözəlliyini görmək, Xəzər üzərində uçuşan qağayıların nəğməsini dinləmək, İçərişəhərin dar küçələri ilə gəzmək qismət olmadı. Mənim xatirələrim isə unudulmazdır”.

A.Papanov filmdəki rolundan danışanda deyirdi: «Tamaşaçılar mənim “Brilyant əl”dəki rolumu həmişə xatırlayırlar. Ancaq mən öz rolumdan o qədər də razı deyildim. Olsun ki, obraz mənim daxili aləmimlə zahiri aləmimi tam əks etdirmirdi. Qəribədir ki, tamaşaçılar mənim kinoda oynadığım rollar içərisindən həmişə məhz bu obrazı xatırlayırlar. Ümumiyyətlə, mən səhnədə və ekranda personajı təcəssüm etdirməyə o qədər də maraqlı deyiləm”.

Aktyorun qızı Anatoliya Papanova Yelena xatırlayır: “Atam mənə danışardı ki, Lyolik rolunu tamam başqa cür oynamaq arzusunda idi. Ancaq Qayday tələb etdi ki, bu, üzündə səfeh gülüşü olan bir personaj olmalıdır. Əlbəttə, film pis alınmamışdı. Sonralar lətifələr yaranmışdı. Amma bu rol heç vaxt atama yaxın olmamışdı. Buna bənzər vəziyyət «Düşərsən əlimə» cizgi filmi ilə də baş vermişdi. Cizgi filmi o qədər populyarlaşmışdı ki, atam yolla gedərkən uşaqlar arxasınca «Canavar gəlir! Canavar gəlir!»  deyib, qışqırışırdılar. Bir gün atam Vyaçeslav Mixayloviç Kotyonoçkinlə qarşılaşır və ona deyir: «Bilirsən, sənin Canavarın bütün həyatımı çeynəyib!»

Papanov üçün ən vacib rollarından biri «Dirilər və ölülər» filmindəki general Serpilin olub. Məhz bu rol Anatoli Dmitriyeviçin yeni qabiliyyətini üzə çıxarıb. Bu rol alınmaya da bilərdi, çünki Papanov sonuna qədər ondan imtina edirdi. «Tolyanı heç cür yola gətirmək olmur, bütün məsləhətlərə əl yelləyərək: «Məndən heç general olar!” deyirdi» – deyə Nadejda Karatayeva xatırlayır: “Həm də bu rola onu Simonovun özü məsləhət görmüşdü. Amma Tolya inad edirdi. O zaman mən ona «heç utanmırsan, axı səndən hamı xahiş edir» deyərək, yola gətirməyə çalışırdım. O, kitabxanadan «Dirilər və ölülər» kitabını götürüb oxuyandan sonra mənə dedi: «Bilirəm nəyə görə məndən əl çəkmirdilər, orada yazılıb ki, Serpilov at sifətli olsa da, ağıllı gözlü idi». Tolya öz xarici görünüşünə görə işə də şübhə ilə yanaşardı: «Nəyə görə onlar məni belə tərifləyirlər? Başa düşmürəm. Mən oynadığım kimi oynayıram».

Papanov gündəlik həyatında necə idi? Dostları ilə həmkarlarının hamısı bir ağızdan belə deyir: «O, çox ciddi və utancaq idi. Səhnədən kənarda diqqəti özünə çəkməyi sevmirdi. Şəxsi işləri üçün diqqəti cəlb etməyə çalışmırdı. Hərdən bu, mənasız olurdu. Məsələn, uzun müddət heç kim bilmirdi ki, Papanovun avtomobili var. O, heç vaxt avtomobilini teatrın yaxınlığında saxlamazdı. Həmişə onu həmkarlarının gözündən kənarda saxlayardı. Öz hərəkətini sadə dillə başa salırdı: «Bizim aktrisalarımızın çoxu yamaqlı “kalqotka”da işə gəlirlər, birdən mən «Volqa»da peyda oluram! Ədəbsizlikdir».

Papanovun qızı Yelena danışır: «Bizə atamla birlikdə kinoya çəkilməyi mütəmadi olaraq təklif edirdilər. Atam isə hər zaman imtina etmək üçün bəhanə tapırdı. Yalnız bircə dəfə o, özü birlikdə işləməyi təklif etdi. Rejissor kimi «Axırıncılar» tamaşasını səhnəyə qoyurdu. Ancaq bu tamaşanın premyerası artıq Papanov rəhmətə gedəndən sonra baş tutdu. Bir gün avtomobildə gedərkən o, mənə dedi: «Len, orada sənə məxsus rol var, mən bunu hiss edirəm». Bir müddətdən sonra mən ondan: “Nə oldu ata, mən oynayacağam?»-deyə soruşanda, o, mənə cavab verdi ki, bu, münasib deyil: “Bəs teatrdakılar buna nə deyərlər? Deyərlər ki, Papanov özgə teatrdan qızını gətirib”. Atam dedi-qodunu sevmirdi».

Müəmmalı ölüm

A.Papanov 1987-ci ilin yayında «53-cü ilin soyuq yayı» filminə çəkilir. Ancaq bu film onun ölümündən sonra Kino Evində nümayiş etdirilir. 1987-ci ilin 7 avqustunda aktyor hamamda çimərkən vəfat edib. Ancaq bu, onun ölümü ilə bağlı versiyalardan biridir.  Həmin vaxt həyat yoldaşı Riqada qastrolda idi. Deyilənə görə, aktyor film çəkilişlərindən sonra evə gəlib, vanna qəbul etmək istəyib. Yorğun, isti bədəninə soyuq duş qəbul edib və damarları buna dözməyib.

Həyat yoldaşı isə onun ölümünü şübhə ilə qarşılayıb: “Anatoli  heç vaxt ürəyindən şikayət etməmişdi. O, soyuq sudan qorxmurdu, hətta oktyabr ayında da çimirdi». Həmçinin filmin çəkilişləri üçün aktyora verilən 9 min rubl da evdən tapılmayıb. Ona görə A.Papanovun ölümü ilə bağlı Rusiya mətbuatında yer alan məqalələrdə “müəmmalı ölüm” sözləri xüsusi vurğulanıb.  31 oktyabrda Anatoli Papanovun 95 yaşı tamam olmalı idi. Dünyasını dəyişəndə isə aktyorun 65 yaşı vardı. ( Kaspi)

Həmçinin oxuyun

İlham Əliyevin Şuşadakı fotosunun tarixi

Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində …