Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Burnumuzu həyatlarına soxmaqla onları da məhv edirik

Burnumuzu həyatlarına soxmaqla onları da məhv edirik

Son illər Azərbaycanda arı ailələrinin sayı təxminən iki dəfəyədək artsa da, arıların bəzi ölkələrdə kütləvi şəkildə qırılması bizdə arıçılıq təsərrüfatlarını bu cür təhlükədən sığortalamır. Sputnik Azərbaycan-ın əməkdaşı arıların dünyada kütləvi ölüm səbəblərini, ölkəmizdə bu təhlükənin gözlənilən olub-olmadığını araşdırıb.

Öncə qeyd edək ki, son aylarda Braziliyada 500 milyondan çox arının məhv olması ilə bağlı məlumatlar yayılıb. Ən çox kütləvi arı qırılması Rio Qrande do Sul əyalətində baş verib. Dünyanın başqa ölkələrində də vəziyyət ürəkaçan deyil. Məsələn, ABŞ-da ötən il hər 10 bal arısı koloniyasının 4-u məhv olub. Rusiyanın 20 bölgəsində kütləvi arı ölümləri qeydə alınıb. Məlumatlara görə,sözügedən ölkələrdə arıların kütləvi ölümünə kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr səbəb olub. Hətta Avropa İttifaqı ölkələrində hələ aprel ayında tərkibində zəhərli maddələr (“neonicotinoid” və “fipronil”) olan 193 adda dərmanın kənd təsərrüfatında istifadəsini qadağan edən qanun qəbul edilib.

Qeyd edək ki, kənd təsərrüfatında kimyəvi maddələrdən Azərbaycanda da istifadə edilir. Son illər ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar pambıq sahələrində dərmanlama işləri aparılır. Bəs görəsən kimyəvi maddələrin pambıqçılıqda və digər əkin sahələrində istifadəsi Azərbaycanda arıçılıq təsərrüfatları üçün təhlükə yaratmır ki?

Elə bu sualla ilk növbədə arıçılara müraciət etdik.

Əslən Tərtər rayonundan olan, arıçı Oruc Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda kütləvi xarakter daşımasa da, arıların ölüm hallarına rast gəlinir. Həmsöhbətimiz deyir ki, belə bir hadisə bu yaxınlarda onun arıçı dostunun başına gəlib: “Dostum Tərtərin Seydimli kəndində arılarının qırıldığı barədə mənə məlumat verdi. Mən həmin ərazilərə yaxşı bələd olduğumdan, dostuma dedim ki, arılarını təcili oradan uzaqlaşdırsın. Çünki, orada mobil operatorlardan birinin stansiyası qurulmuşdu. Arı çox zərif heyvandır. Şüalanma arıların məhvinə səbəb olur. Dostum arılarını həmin ərazidən uzaqlaşdırandan sonra arılar arasında ölüm halları dayandı. Azərbaycanda arıların ölümünə səbəb son illər dağlıq ərazilərdə də mobil operatorların stansiyalarının qurulmasıdır. Ona görə də, mən arılarımı belə stansiyalardan çox uzaqda saxlayıram. Çünki, arıların uçub bu şüaların təsir dairəsində olduğu ərazilərə getməsi mümkündür”.

O. Əliyev deyir ki, digər səbəb isə arılara gənənin düşməsidir. Arıçı Oruc Əliyev arıların məhv olmaması üçün dərman verdiyini etiraf edir: “Kim deyirsə ki, arını xəstəliklərdən qorumaq üşün dərman vermir, yalan olar. İndiki dövrdə arını dərmansız saxlamaq qeyri-mümkündür. Mən özüm yovşanla dərman hazırlayıb arılara verirəm. Amma bəzən o da köməyə çatmır. Məcbur olub apteklərə müraciət edirik”.

Qeyd edək ki, arıların kütləvi ölümü bəşəriyyət üçün də yaxşı heç nə vəd etmir. Nisbilik nəzəriyyəsinin banisi olan yəhudi əsilli Albert Eynşteyn deyirdi ki, “əgər arılar kütləvi şəkildə yer üzündən itərsə, ondan sonra insanlar cəmi 4 il yaşaya bilər. Çünki arıların məhvi tozlanmanın, bitki və insan nəslinin artmasının sonu deməkdir”.

Arılar 130 min növ bitkidə tozlanma prosesini yaradaraq, Yer kürəsində bəsit desək, həyatın varlığını təmin etmiş olurlar. Çünki həmin 130 min bitki bütün Yer kürəsinin oksigen tələbatını ödəməklə yanaşı, ekoloji tarazlığın bərpasını da təmin edir. Tozlanma prosesinin ildən-ilə yavaşlaması isə sosial terminologiyada ekoloji böhran adlanan, əslində isə ekoloji natarazlığı əmələ gətirir, kütləvi istiləşmə və havada maqnit induksiyasının artmasına gətirib çıxarır. Dünyada arıların kütləvi ölüm hallarının müşahidə olunması bu baxımdan narahatlıq yaradır.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində deyib ki, Azərbaycanda arıların kütləvi ölüm halları müşahidə olunmur. O, bildirib ki, bu gün arıların dünyada ölüm səbəbləri 4 faktla bağlıdır: “Səbəblərdən biri dünyada geni dəyişdirilmiş bitkilərin əkilməsi, ikinci səbəb şüa və dalğaların təsiridir. Virusoloji xəstəliklər də, arıların məhvinə səbəb olur. Son vaxtlar arılar arasında bu xəstəliklər daha çox yayılıb. Digər səbəb insanların arıların həyatına müdaxilə etməsidir. Çox məhsul əldə etmək üçün arıların həyatına müdaxilə edirlər”.

B. Həsrətovun sözlərinə görə, Azərbaycanda son illər arı ailələrin sayında artım müşahidə olunur: “2016-cı ildə 270 min arı ailəsi vardısa bu gün 500 minə çatır. Azərbaycanda arıçılığın inkişafına dair dövlət dəstəyi tədbirlərinin tətbiq olunduğu dövr ərzində arı ailələrinin sayı 270 mindən 503 minə çatıb”.

O deyir ki, ölkəmizdə arı ailələrinin say artımı Azərbaycanın bal ixracı potensialını da artırıb: “Ötən illərdə təxminən 5-6 ton arı məhsulunu xaricə ixrac edirdiksə, artıq bu gün həmin rəqəm 8 tondan çoxdur”. (Sputnik)

Həmçinin oxuyun

NATO-nun Baş Qərargah rəisi ordumuzun əks-hücum əməliyyatını örnək göstərir

“Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. …