Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Cəmiyyət / “Bu, yalnız sevərək, sevə-sevə edərək alınır” – Aysel Əlizadə

“Bu, yalnız sevərək, sevə-sevə edərək alınır” – Aysel Əlizadə

Sevgi xoşbəxt olmağın çarəsidir. Bədbəxt olmaq istəsən, çox səbəb taparsan. Məsələn, bədbəxt vətəndaş olmaq istəsən ölkəndə xeyli qüsur tapıb özünü mutsuz hiss edə bilərsən. Amma ölkəni sevsən, ondakı gözəllikləri də görərsən, ölkənə iynə ucu boyda faydan dəysə, hansısa mikroskopik qüsuru belə düzəldə bilsən, xeyli mutlu olarsan. Problemi həll edərlər, yoluna qoymaq üçün çarə axtararlar. Problem bədbəxt olma səbəbi deyil. Bizdəki qıvraqlığı, ağılı, bacarığı üzə çıxarmaq üçün yaranan situasiyadır. Çarə tapmaq, aşmaq, öhdəsindən gəlmək istedadımızı işə salan hadisədir. İnsan bununla yetkinləşir, itilənir, peşəkara çevrilir. Bizi bədbəxt edən isə bədbəxtliyə olan həvəsimizdir, yaşamaqdan qorxmağımızdır, acının, dərdin daha insani keyfiyyət olduğunu düşünməyimizdir. Problemə yenilən cəmiyyətdə problem çıxarmaq çözüm tapmaqdan asandır. Belə cəmiyyətləri idarə edənlər uzun illər sorunları çözmürlər.

İnsanlara minillərlə mənəvi çöküşə aparan tezislər aşılanıb. Ağla, dərd çək, üzül, gücsüz ol, taledir, qismətdir, sənlik bir şey yoxdur, həll edə bilməzsən, mütiliklə barışda yaşamaq – budur həyat. Nə qədər çox əzabdasansa, o qədər dəyərli və yaxşısan. Kasıbın allahı var, məzlumun xilaskarı zühur edəcək, özü heç nə edə bilməz, bu alın yazısıdır, dəyişilməz; dirənmə, dəyişməyə cəhd etmə… Budur minillərin proqramı.

Sevincə, xoşbəxtliyə alçaldıcı münasibətimiz yaradılıb. Dərdli görünməyən, gülən adam arsızdır bizə görə. Arsız görünməmək üçün bacardıqca çox ciddi şəkil al, üzünə mümkün olduqca çox “fikirli” ifadə ver. Aha, əla! İndi oldun insan. Bizə elə gəlir ki, dərd vicdan ölçüsüdür.

Vicdan ölçüsü dərd çəkmək deyil, çözüm tapmaqdır. Azacıq da olsa bir şeylər etməkdir. Həyat göstərir ki, daha çox günahkar olmayanlar vicdan əzabı çəkir. Günahkarlara ümid yoxdur. Vicdanlı günahsızlara isə böyük ümidlər var. Onlar real xilaskarlardır. Acıdan arınan insanın dirənişə, qurub-yaratmağa, dəyişməyə, qaranlıqda şam yandırmağa daha çox şansı var. Acı, əzab… əngəl yaradır. Vicdan əzabı ifadəsindən əzabı silib tək vicdanla böyük işlər görmək mümkündür. Sevgi budur. İşığa aparmağa, yaratmağa, düzəltməyə özündə güc tapmaq. Bu, yalnız sevərək, sevə-sevə edərək alınır.

Aysel Əlizadə, Yazıçı

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …