Cümə , Sentyabr 30 2022
Ana səhifə / Cəmiyyət / “Bu videonun FHN və DGK-nın soyuq münasibətləri səbəbindən yayılması inandırıcı deyil”

“Bu videonun FHN və DGK-nın soyuq münasibətləri səbəbindən yayılması inandırıcı deyil”

Baş Prokurorluq internetdə yayılan və “bomba” effekti yaradan FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmaya başladı.

Bir neçə gün əvvəl sosial mediada FHN əməkdaşlarının intim kadrları yayılmışdı. Silsilə hissələrlə yayılan görüntülərdə polkovnik rütbəli yüksək vəzifəli məmurun öz kabinetində idarənin bir neçə qadın əməkdaşı ilə ayrı-ayrı vaxtlarda sevişdiyi görünürdü.

Maraqlıdır ki, internetdə eyni zamanda müxtəlif saytlarda, demək olar ki, eyni görüntülər yayılıb. Bu isə intim kadrların sızdırılmasının idarəni, daha dəqiq isə FHN rəhbərliyini gözdən salmaq məqsədi daşıdığı haqqında fikir yaradır.

Məsələ ilə bağlı rəsmi açıqlama verilmədi. Hakimiyyət rəsmiləri, FHN bu məsələnin üstündən susqunluqla keçməyə çalışdı. Və hətta bu məsələnin tez bir zamanda qapanmasına, gündəmdən çıxmasına da nail oldu desək, yanılmarıq.

Amma bir çox suallar hələ də açıq qalır. Gündəmi alt-üst etmiş bu görüntülərin sosial mediada yayılmasının sifarişçisi kim idi? FHN-i beldən aşağı vuran kimdir?

Siyasi şərhçi Oktay Qasımov ASTNA-nın suallarını cavablayıb.

* * *

– Oktay bəy, sizcə, Azərbaycanın gündəminə “bomba” effekti kimi düşən FHN-nin intim qalmaqalının arxasında kim və ya nə dayanırdı? Bu görüntüləri kimlər və hansı məqsədlə yaydılar? FHN-i beldən aşağı vuran kimdir?

– Əvvəla onu qeyd etmək lazımdır ki, bu videoların yayılması cəmiyyətdə şok effekti yaratdı və vətəndaşların dövlət qurumlarına, dövlət qulluğunda çalışan minlərlə fədakar, vicdanlı dövlət qulluqçusuna və xüsusilə qadınlarımıza münasibət  baxımından zərər verdi. Məmurların davranışları, əxlaq kodeksinə əməl edilməsi, ləyaqəti, qabiliyyəti və s. kimi mövzularda sualları yenidən gündəmə gətirdi. O ki, qaldı bu məsələnin arxasında kimlərin və nə məqsədlə dayanmalarına, bununla bağlı birmənalı fikir söyləmək çətindir. Hələlik hakimiyyətdaxili qrupların və ya FHN-də rəqabət aparan mövcud tərəflərin mübarizəsi və 5-ci kolon tərəfindən ölkə gündəmini dəyişmək cəhdi kimi müxtəlif ehtimallar  irəli sürülür. Bu baxımdan  həqiqət ortaya çıxana qədər bu ehtimalların  hər birinin yaşamaq imkanı qalacaq.

– Bu kimi videogörüntüləri yaymaqda məqsəd məmur ordusunu nüfuzdan salmaq idi, yoxsa baş verənlər hakimiyyətdaxili (və ya dövlət qurumları arasında) qruplaşmaların mübarizəsinin nəticələridir?

– Qeyd etdiyimiz kimi həqiqət ortaya çıxana qədər bütün ehtimalların yaşama şansı var. Bütövlükdə isə belə videoların yayılması dövlət məmurlarının nüfuzuna xələl gətirəcək hadisə oldu. Dövlət orqanlarında çalışan minlərlə vicdanlı, qabiliyyətli  məmurun üzərinə kölgə salındı. Bu videonu yayanlar bilməli idi ki, bu materiallara həm də düşmənlərimiz baxır, cəmiyyət olaraq bizə ciddi zərər verir.

– Görüntülər deyilənə görə 6 il ərzində çəkilib. Amma indi yayılması maraq doğurur. Üstəlik DTX-nın Gömrük Komitəsində axtarışlar aparmasından və bir neçə şəxsi həbs etməsindən sonra FHN-nin iş otağından belə görüntülər yayılır. Və belə bir fikirlər var ki, illərdir Gömrük Komitəsi FHN-nin, daha doğrusu nazir Kəmaləddin Heydərovun  qeyri-rəsmi kurasiyasında olan bir qurum kimi fəaliyyət göstərirdi. Daha sonra Səfər Mehdiyevin sədrliyi dövründə Gömrük Komitəsi ilə FHN arasında soyuq yellər əsməyə başladı. İndi Səfər Mehdiyev vurulur. Və ardınca da bu məsələ. Bu iki məsələ arasında hansısa bir əlaqə ola bilərmi? Qisas, intriqa, mübarizə və.s.

– Qeyd etdiyiniz bu  iddialar ehtimal olaraq səsləndirilir. Amma əlimizdə bu iddiaları təsdiqləyəcək faktlar olmadığından konkret fikir söyləmək doğru olmaz.  Ona görə bütün ehtimallar gündəmdə qalmaqdadır.

FHN və Gömrük Komitəsi arasındakı soyuq münasibətlər səbəbindən belə materialın yayılması versiyasına gəldikdə isə bunu inandırıcı hesab etmirəm. Məqsədin qisasçılıq, intriqa, daxili mübarizə olduğu həqiqətini isə bu materialları yayanlar  dəqiq bilir.

– Dediyim kimi gündəmə bomba effekti kimi düşən bu hadisə tez bir zamanda da gündəmdən çıxdı və demək olar ki, məsələ ilə bağlı heç bir rəsmi açıqlama olmadı. Ola bilərmi, hakimiyyət bu məsələnin gündəmdən çıxması üçün susqunluğa üstünlük verib? Və belədirsə, niyə? Bu dövlətə qarşı təxribat olduğuna görəmi, yoxsa başqa səbəbləri var?

– Bilirsiniz ki, FHN tərəfindən yarımçıq da olsa açıqlama verildi. Bu açıqlamanın cəmiyyəti qane edib etməməsi  ayrı məsələdir. Cəmiyyət hər halda baş verənlərlə bağlı hansısa tədbirlərin görülməsi və belə hallara yol vermiş, yaxud onun qarşısını almamış vəzifəli şəxslərin məsuliyyət məsələsi ilə bağlı addımlar gözləyir. Çünki bu əxlaqsız hərəkəti törədənlə bərabər, ona bu şəraiti, yaxud imkanı yaradanlar da cəmiyyətin əxlaqına və dövlətin imicinə vurduqları zərbəyə görə cavab verməlidir. Belə adamların qısa zamanda  sürətlə necə karyera qurmaları da aydınlaşmalıdır.

Məsələnin qısa zamanda gündəmdən çıxmasının tərəfdarıyam. Çünki dövlət və cəmiyyət olaraq əsas gündəmdən yayınmağımızı istəmirəm. Qarabağla bağlı və Ermənistanla münasibətlərin normallaşması kimi həll ediləsi ciddi məsələlər var. Onların vaxtında həll olunması  gələcəyimiz üçün çox vacibdir.

– Son olaraq hakimiyyət bu kimi hadisələrin baş verməməsi üçün hansı addımlar atmalıdır?

– Dünyanın hər yerində olduğu kimi dövlət qulluğuna kadr seçimi  Azərbaycan cəmiyyətinin də çox həssas yanaşdığı məsələlərdəndir. Dövlətin siması sayılan məmurların seçilməsi,  işə götürülməsi proseduru ciddi nəzarət altında şəffaf və  obyektiv aparılmalıdır. Kadrların seçilməsində əsas meyar dövlətə bağlılıq, yüksək mənəvi keyfiyyət, bilik, ləyaqət və qabiliyyət olmalıdır. Kadr seçimində qeyd olunan  prinsiplər əsas alınmadığı təqdirdə və qohumbazlıq, yerlibazlıq kimi neqativ hallar qalacağı halda belə hadisələrdən sığortalanmamız mümkün deyil.  

Həmçinin oxuyun

“Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə …