Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Cəmiyyət / “Bu müharibənin bizə bir xeyiri oldu“ – Azad İsazadə

“Bu müharibənin bizə bir xeyiri oldu“ – Azad İsazadə

44 günlük Vətən müharibəsindən 1 il ötür. Məhz ötən ilin bu günü əks-hücum əməliyyatları başladı. Ordumuz işğal altında olan torpaqlarımız uğrunda ölüm-dirim savaşına girdi. Və 44 gün ərzində 30 illik həsrətə son qoyuldu. Müzəffər ordumuz öz gücü ilə şanlı qələbə qazandı.

Qələbəni asan yol ilə əldə etmədik. İşğal altında olan torpaqlarımız minlərlə şəhidin qanı bahasına azad olundu.

Müharibədə qələbə qazansaq da, itirdiklərimiz də oldu. 44 gün ərzində yaşadıqlarımız hər bir fərdin psixologiyasında müxtəlif iz qoydu.

Ümumiyyətlə, müharibə Azərbaycan cəmiyyətinə nə qazandırdı?

İtkilərlə, acılarla yanaşı hansı müsbət tərəfi oldu?

Cəmiyyətdə belə rəy var ki, müharibə zamanı olan birlik indi yoxdur. Bu nə il əlaqədardır?

Psixoloq Azad İsazadə Yenisabah.az-a açıqlamasında deyib ki, müharibənin müsbət tərəflərindən biri də insanlarda özünə inam hissini yaratmaq oldu:

“İki mühim problemi həll etdik. İlk növbədə işğal olunmuş əraziləri azad etdik. Bu çoxdan arzulanan bir iş idi. Amma sırf psixoloji cəhətdən götürsək bu müharibənin bir müsbət tərəfidir. Əslinə qalsa, müharibənin müsbət tərəfləri olmur. Lakin biz bu müharibədən nəsə əldə etməliydik.

Bu qələbə Azərbaycan millətini, xalqını dirçəltdi. Biz özümüz-özümüzə, ordumuza inanmağa başladıq. Yəqin ki, hamımız orduya inamın zəiflədiyini müşahidə edirdik. Qələbə inam hissi ilə bərabər torpaqları da Azərbayacan qaytardı”.

Psixoloqun sözlərinə görə, Qarabağsız yaşayan nəsil torpaqlarımızı azad etdi:

“Torpaqları silah gücü ilə azad etdik. Onu bizə heç kim bağışlamadı. İşğalda olan ərazilərimizi neçə illərdir ki, danışıqlar yolu ilə azad etməyə çalışırdıq. Amma alınmırdı. O torpaqları geri qaytarmırdılar. 90-cı ildə yaşadığımız o məğlubiyyət hissini 28 il ürəyimizdə daşıyırdıq.

Azad olunma ilə bərabər bu inam hissini də yaratdı. Şüuraltı hamımız bunu başa düşürdük ya itki verib, qan töküb torpaqlarımızı azad etməliyik, ya da belə alçalmış vəziyyətdə həyata davam etməliydik. 1992-93-ci ildə dünyaya gələn uşaqlar faktiki olaraq Qarabağsız yaşayıb. Bu şüuraltı hissiyyatla yaşayan nəsil torpaqları azad etdi”.

A.İsazadə qeyd edib ki, dinc həyatda birlik o qədər də normal bir hal deyil:

“Müharibə vaxtı birlik mütləqdir. Dinc həyatda birlik o qədər də normal şey deyil. Fikir və baxış ayrılığı ola bilər. Eyni problemin çıxış yolunu axtarıb, tapmaqda fərq ola bilər. Bu cürbəcür fikirlər müsbət bir şeydir. Bunu qəbul etməliyik. Sovet dönəmində hamı guya eyni fikirdə idi. Nümayiş etdirirdik ki, guya eyni fikirliyik. Amma içimizdə hərəmizin fərqli baxışları, narazılıqlar var idi.

Hamı narazı deyil. Bizdə “divan eksperti” rəyi var. Divanda oturub futbola baxırıq və hesab edirik ki, düzgün oynamırlar. Bu da həmin şeydir. Bizə elə gəlir ki, daha nəsə çox olmalıdır. Qələbənin dadı bizi vadar edir ki, daha çox nəsə istəyək. Amma tələsib, səhv etməyin də öz mənfi tərəfləri var. Çox şeydən narazı ola bilərik. Amma başa düşün ki, keçən il bu günü biz heç bunu arzuluya da bilmirdik. Biz qorxurduq ki, yenə də məğlub olarıq. Hamımız həyəcan keçirirdik. Həmin müddət çox ehtiyatlı danışırdıq. Düşünürdük ki, bizim uşaqlarımız döyüşür, bu dəqiqə onlara dəstək lazımdır.

Bir il sonra isə etirazlar da eşidirik.. Cəmiyyət narazı olmağa daima bir bəhanə tapır”.

Həmçinin oxuyun

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan …