Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Bu jurnalistlər ev ala bilməyəcək

Bu jurnalistlər ev ala bilməyəcək

“Səs” İnformasiya Agentliyi media əməkdaşları üçün tikilən bina ətrafında baş verənlər haqda tənqidi yazı ilə çıxış edib. “Qafqazinfo” həmin yazını olduğu kimi təqdim edir:

Qarşıda Azərbaycan mediası üçün ciddi bir sosial akt gözləntisi var – Milli mətbuat günü 256 həmkarımız mənzilsizliyə yox deyəcək və ya ağır mənzil şəraitini yaxşılaşdıracaq. İlk dəfə bu aktın həyata keçirildiyi 2013-də olduğu kimi yenə də mənzillərin bölgüsünə media ictimaiyyəti bilavasitə cəlb edilib. Redaksiyalar özləri müzakirə apararaq mənzilə daha çox ehtiyacı, haqqı, media və dövlət qarşısında xidmətləri olan əməkdaşlarını müəyyən edir, adlar açıqlayır. Jurnalist ictimaiyyətinin yaxşı tanıdığı şəxslərdən ibarət komissiya təşkil edilib, komissiya üzvləri ölkənin media adını daşıya biləcək bütün KİV-lərində redaksiyadaxili müzakirələrdə iştirak ediblər.

Bu zaman umu-küsülərin olması təbiidir, zira insanların özlərini dəyərləndirmə meyarları fərqlidir. Kimsə daha çox istedadlı olmasını, kimsə daha çox övlad dünyaya gətirməsini, kimsə yazılarına layk çox gəlməsini, kimsə uğurlu başlıqlar düşünməsini, kimsə çox rahat şəkildə bir media quruluşunda bir, digərində başqa imzalarla fərqli mövqelərdən çıxış etməsini, kimsə də sadəcə səhərlər yuxudan erkən durmasını… əsas kriteriya hesab edə bilər.

Bəs bu qədər subyektiv yanaşmalar varkən mənzillər necə bölünməlidir? Subyektiv yanaşmalara yer qalmaması üçün komissiya tərəfindən vahid kriteriyalar müəyyən edildi. Fərdlərin iddiasını əsaslandırması üçün hər hansı dövlət mükafatı (unutmayaq ki, bu, ünvanlı sosial yardım deyil, yalnız layiq bilinən jurnalistlər üçün verilən təltifdir) üçün tələb olunan şərtlər burda da təkrarlanır – təltif olunmaq istədiyin sahədə uzunmüddətli staj və bunu təsdiqləyən təsdiqləyən sənəd-əmək kitabçası, söhbət mənzillə təminatdan getdiyindən mülki vəziyyətini təsvir edən sənədlər. Bu tələblər hər hansı ciddi təltif üçün ilkin şərtlərdir, siz hər hansı kollektivdə çalışmadan kollektiv sizi dövlət təltifinə təqdim edə bilərmi? Təbii ki, yox. İşlədiyin KİV yoxdursa, necə jurnalist peşəsi ilə məşğul olduğunu iddia edə bilərsən?

Əlbəttə ki, zamanında KİV-də aktiv olmuş, hazırda peşədən uzaqlaşmış şəxslər var. Belələri içərisində həqiqətən də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac duyanlar və bunun dövlət tərəfindən edilməsinə layiq olanlar var. Məhz bu kateqoriya üçün də veteran jurnalistlərə fərdi müraciət etmək hüququ tanındı. Ötən dəfə hətta tanınmış mərhum jurnalistlərin Alı Mustafayevin və Mirzə Əskərovun ailələri də diqqətdən kənarda qalmadı. Bu dəfə də eyni hallar gözləniləndir. Əsas odur ki, bu proses lap əvvəldən məhz jurnalistlərin özləri tərəfindən idarə olunur.

Təəssüf ki, bizə adi, hamının anlayıb başa düşəcəyi kimi görünən hüquqi şərtlər, ümumi kriteriyalar səhər hamıdan erkən durmasını kritetiya zənn edənlər üçün anlaşılmaz, kiminsə sıxışdırılması, qərəz kimi görünür.

Budur, Cinayət Məcəlləsinin konkret maddələri ilə (reketlik dələduzluq, xuliqanlıq, şantaj) ittiham edilərək məsuliyyətə cəlb olunmuş Habil Vəliyev (“Gündəlik Bakı” qəzeti) məktəbindən məzun olmuş, daha sonra Habil Vəliyevin qohumu, hazırda eyni maddələrlə mühakimə olunan Surxay Əliyevin ( “Bizim dövr” qəzeti) həyat məktəbində ustalıq dərsi almış Ədil Hüseynli özünü bəri başdan sıxışdırılmışlar cərgəsində sayır.

“Böyük məktəblər”in yetirməsi, vaxtilə “Gündəlik Bakı” və Bizim dövr” redaktor və şef redaktor olmuş, eyni zamanda “Bizim xəbər”, “Bizim əsr” qəzetlərinin və eyni adlı saytların sahibi olan, üstəlik serhed.info saytına da əli çatan baş redaktor jurnalistlər üçün tikilmiş ikinci binanın kimlərə verilməli olduğu haqda keçdiyi məktəbin ruhu sezilən ittiham və suallar dolu yazı qaralayıb. Məzunu olduğu məktəbin hamıya dərs vermək gücünə inanan Ə. Hüseynli yazının elə əvvəlindəcə ələşənlə küləşəni bir- birinə qatır. Binada dəfələrlə deyildiyi kimi 255 mənzil var, daha Habil Vəliyevin yetirməsini iddia etdiyi kimi 265 yox.

Daha sonra o, hansısa biznesmenlərin dəstəyilə onlarla sayt açıldığını yazır. Bu biznesmenlərin və ya məmurların kimliyini bilmirik. Amma məhkəmənin gedişindən bəllidir ki, ustadları Habil Vəliyev və Surxay Əliyevə hansısa adlar əyan imiş. Odur ki, həmin adları “öz saytına pul verirsən, bizə də pul ver” deyə şantaja keçiblərmiş. Gümanları onları yanıltmış, informasiyaları yanlış çıxmışdı, nəticəsi sizə bəllidir. Görünür, ustadların davamçıları o yanlışları hələ də naxış bilməkdədirlər. Əks təqdirdə hər üç saytı gah bu, gah da digər məmur və biznesmeni hədəf alan yazıları bolluğu bəzəməzdi.

Yazıda iddia edilir ki, son iki ildə “reket jurnalistika ölkəni bürüdü”. Təvazökarlığın bu səviyyəsi də yox artıq. Bəs, kimlərsə əvvəl “Gündəlik Bakı”, sonra “Bizim dövr”dən gediş səbəbləri haqda danışanda onların “qara siyahı”ya düşməsini göstərirmirdimi? Ustadları belə tez unutmaq olmaz axı. Şəyirdin ustaddan ayrılıb özünə yeni mətbu obyekt açmasından da az vaxt keçmir. Hələ 2009-cu ildə “Bizim xəbər”ə reketlik üslubuna görə xəbərdarlıq edilməmişdimi?

Kimə bəlli deyil ki, Mətbuat Şuralarının yaranması ideyası cəmiyyəti qərəzli mediadan qorumaq zərurətindən doğub. Və ideya olaraq Azərbaycanda 2000-ci illərin əvvəllərindən etibarən müzakirə edilib.

Müəllif qeyd edir ki, “reket” adını jurnalist adı ilə yanaşı çəkmək doğru deyil”. Haqlı saya biləcəyimiz məqamdır. Jurnalist və reket, jurnalist və Habil Vəliyev, jurnalist və Surxay Əliyev, jurnalistika və Habil Vəliyev məktəbinin yetirmələri bir araya sığan ifadələr deyil. Komissiyanın qoyduğu tələblər məhz belələrinin jurnalistlər üçün imtiyazlardan, təltiflərdən istifadə edə bilməsinin qarşısını almaq üçündür. Gözlənildiyi kimi, məhz belələrindən ibarət bütöv bir xor internet və sosial medianın imkanlarından dövlətin təşəbbüsün gözdən salmaq naminə istifadə etməkdədirlər.

Mətbuat Şurasının təsis qurultayında Azərbaycan jurnalistlərinin qəbul etdikləri peşə davranış kodeksi var, Şuranın mövcud olduğu 14 il ərzində bu kodeksə əməl edən, adı “qara siyahı”ların bəzəyi olmayan KİV-lər və şəxslər dövlət tərəfindən təltif edilir, mənzillə təmin olunur, birbaşa yardımlar alır, yazı müsabiqələrində iştirak edirlər və s. Bundan da hamı məmnun kimi görünürdü. “Filan generalla yaxınam”, “filan general qohumum mənə sayt açıb”, “filan general məni öz yanına aparacaq” deyənlər də. Çünki gəlirləri çıxırdı, kimi özünə yeni sayt-obyektlər açır, Şağanda, Mərdəkanda imarətlər saldırırdı, kimi gündə bir avtomobil dəyişirdi. “General” deyə öydükləri şəxslər o jurnalistlərin bir qismini doğrudan da yanlarına çəkib apardılar- indi hüququn aliliyi qarşısında birgə cavab verirlər. Amma 2014-dən üzü bəri anons etmələrinə rəğmən hələ də “general” yanına gedə bilməyənlər də var.

Bir xatırlatma da edək, yazıda adı çəkilən KİVDF 2009-cu ildə təsis edilib, Habil Vəliyevlə yetirməsinin öz yollarını ayırdığı 2010-cu ildən bir il əvvəl. Onun sədri isə 80-cillərdən üzü bəri media yayımında çalışan, 90—cı illərdən bəri də qəzet təsisçisi olan şəxsdir. 80-90-cı illərdə nəinki jurnalistikada, heç orta məktəbdə də olmayanlar o illərin təhlilinə girişində bir balaca məlumatlanmaları yaxşı olardı.

…Yuxarıda qeyd etdik ki, ilk mənzil bölgüsündə olduğu kimi bu dəfə də əsas funksiyanı yerinə yetirənlər – kimin mənzilə haqqı və ehtiyacının olmasını müəyyən edən komissiya jurnalist ictimaiyyətindən seçilib. İlkin müzakirələrsə redaksiyalar daxilində aparılır. Amma bu, dövlətin heç bir prosesə qarışmayacağı anlamına gəlmir. Yaranmış mübahisələri yola qoymaq, seçilmiş namizədlərin sırasında ən layiqlilərini müəyyən etmək dövlətin öhdəsində qalır. Müvafiq dövlət qurumu bu işi ölkənin ali rəhbərliyinin bilavasitə nəzarəti altında ilə həyata keçirir.

Məhz belə şəffaf nəzarət mexanizmi imkan verəcək ki, Habil Vəliyevlər və yetirmələri mediaya dəxli olmadıqlarını bir daha anlasınlar…

Həmçinin oxuyun

“Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” – Vasif Məhərrəmli (VİDEO)

Əməkdar artist Vasif Məhərrəmli kişilərinin estetik-plastik əməliyyatlara müraciət etməsini müsbət qarşılayıb. Unikal.org xəbər verir ki, …

Bir cavab yazın