Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Bu günün işi, 47 il sonranın yazısı… – Elçin Mirzəbəylinin qeydləri

Bu günün işi, 47 il sonranın yazısı… – Elçin Mirzəbəylinin qeydləri

“…50 il bundan öncə Azərbaycanın təhsil sistemində yeni bir mərhələ başladıldı. Hər ilin sonunda görülən işlər ictimaiyyətin gözü qarşısında nəzərdən keçirildi, daha öncəki illərin nəticələri ilə müqayisə edildi, təhlil olundu… Azərbaycanda təhsilin inkişafına görə məsuliyyət daşıyan şəxslər dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri qarşısında hesabat verdilər. Beləliklə, Azərbaycanın təhsil sistemində hesabatlılıq, şəffaflıq, analitik təhlil, innovativ yanaşma dönəminə qədəm qoyuldu…”

47 il sonra həmkarlarımdan biri Azərbaycan təhsilində bu gün hər kəsin gözü qarşısında baş verən dəyişikliklərlə bağlı araşdırma yazısına bu sözlərlə başlaya bilərdi. Amma mən 3 il öncə başladılan bir mərhələ haqqında bu günün işini 47 il sonraya saxlamaq istəmədim. Ola bilsin ki, 5, 10, yaxud 20 il sonra bu gün gözümüzün qarşısında baş verən dəyişikliklərin nəfəsi daha aydın duyulacaq. Geriyə boylanıb illərin arxasında baş verənləri daha aydın görə biləcəyik. Mən isə təhsilimizin bu günkü iddialı duruşu ilə sabaha baxmaq, yalnız və yalnız övladlarımızın işıqlı zehinləri ilə nura qərq olan gələcəyi görmək istəyirəm. Və həm də istəyirəm ki, Azərbaycan təhsilinin geriyə baxmağa vaxtı belə olmasın, daim inkişaf etsin və zamanın fövqündə dayansın. Düşünürəm ki, bu, təkcə mənim istəyim deyil, övladlarının və Vətəninin sabahını düşünən hər bir azərbaycanlının arzusudur.

…Bütün bunlar Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində ağlımdan keçənlərin kiçik bir hissəsidir.

Çıxışları dinlədikcə ortalıqda yeni bir yanaşmanın olduğunun fərqinə varmağa başladım. Təhsil Nazirliyinin hesabatında təkcə son illər ərzində əldə olunan nəticələr və bütün bunların müqayisəli şəkildə təhlili yer almamışdı, bu hesabat eyni zamanda mütəmadi olaraq təhsil sisteminin inkişafı ilə bağlı mütərəqqi təşəbbüslərlə çıxış edən insanların fikirlərini də ifadə edirdi. Bu çox önəmli məqamdır və ilk növbədə Azərbaycan təhsilinin sükanı arxasında ictimai rəyi diqqətlə izləyən, onunla hesablaşan və ona hesabat verən insanların dayandığını nümayiş etdirir. Bu faktor sərhədləri şəffaflaşdırır, maneələri aradan qaldırır, hər bir Azərbaycan vətəndaşını ilk növbədə öz ovladının gələcəyi haqqında düşünməyə vadar edir, konstruktiv və innovativ təşəbbüslərə, dialoqa, ümumi maraqlar naminə qarşılıqlı anlaşmaya yol açır, nəinki təhsili, bütövlükdə təhsil sistemini hamı üçün əlçatan edir.

Etiraf edim ki, adətən terminlərlə, mürəkkəb və akademik cümlələrlə zəngin olan hesabatları, çıxışları dinləməyi sevmirəm. Hətta nədən danışıldığını anlasam da… Düşünürəm ki, bunu heç akademik lüğətlərdən istifadə etməklə cümlə qurmağa çalışanların özləri də sevmirlər… Amma Təhsil Nazirliyinin illik hesabatının təqdim olunduğu tədbirdə bütün çıxışlar anlaşılan idi. Bu barədə həmkarım Rauf Arifoğlu ilə da fikir mübadiləsi apardıq.

 

Təhsil sistemi ilə birbaşa bağlılığımız olmasa da qüsursuz Azərbaycan dilində səsləndirilən fikirlər gözümüzün önündə həyata keçirilən islahatların mənzərəsini yarada bilirdi… Yəni hər şey anlaşılan idi. İllər üzrə müqayisəli şəkildə təqdim olunan rəqəmlər də, qanunvericilik aktlarına edilən dəyişikliklərin doğuracağı nəticələr də, görülən və görüləcək işlərin mahiyyəti də… Hər şey. Əslində təhsilin özü və həm də dili bu qədər sadə və anlaşılan olmalıdır. Çox ümid edirəm ki, bu sadə və anlaşılan dil ən yaxın zamanlarda orta məktəb dərsliklərinə də yol tapacaq…

Tədbirdən çox böyük ümidlərlə ayrıldım. Çünki ortalıqda gözlə görülə və çox rahatlıqla qəbul edilə biləcək nəticə vardı və bundan sonra da var olacağına şübhə etmirəm. Onu da qeyd edim ki, illərin təcrübəsi və bəlkə də dərsləri məni rasional və analitik təhlildən doğan nəticələrə inanmağı öyrədib.
Və… inandım!

Elçin Mirzəbəyli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

 

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …