Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
Professor xalqımızın indi tarixi bir gün yaşadığını deyib:
“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur. Yəni artıq bu, tarix kitablarında göstəriləcək, amma gün olaraq biz bu rayonları işğaldan azad olunması günü kimi qeyd edəcəyik. Məsələn, Zəngilanın işğaldan azad olunan 20 oktyabr tarixi bizim içimizdə bir qürurlu gün kimi qalacaq, çünki Azərbaycan Ordusu, onun generalları, zabitləri, əsgərləri, Ali Baş Komandanı çox düşünülmüş və ağıllı taktika tətbiq edərək işğal altında olan torpaqlarımızı azad edib. Bu gün hesab edirəm ki, tarixi bir gündür. Bunun arxasında böyük bir xalqın iradəsi, gücü, yenilməzliyi dayanır. Təsəvvür edin ki, bu xalq 30 ilə yaxın bir dövrdə qaçqın-köçkünlük əzabını yaşayıb, amma içində inam hissini itirməyib və bir gün ordusu ayağa qalxaraq bu torpaqları işğaldan azad edib. Doğrudan da bu qürurvericidir. Əlbəttə ki, bədbinliyə qapılanlar da, ümidsiz olanlar da olurdu. Xüsusən yaşlı insanlarımız bu torpağı görmək arzusuyla dünyadan köçdü. Amma nə yaxşı ki, bu millətin tarixində qəhrəmanlıq səhifələri də var və öz torpaqlarını işğaldan bu şəkildə azad edib. Hesab edirəm ki, bu gün zəngilanlıların heç tükü də tərpənmir, çünki artıq rayon, onun kəndləri işğaldan azad olunub. İndi zəngilanlılar, qubadlılar, füzulililər başqa duyğuyla yaşayırlar. Gün o gün olsun ki, ağdamlılar, kəlbəcərlilər, laçınlılar, şuşalılar da bu hissi yaşasınlar. Bu çox gözəl və sözlə ifadəsi çətin olan bir hissdir. Nə yaxşı ki, biz bu günü gördük”.
Qeyd edək ki, 1993-ci il oktyabrın 29-da Zəngilan rayonu ermənilər tərəfindən işğal edilmişdi. Bu il oktyabrın 20-da Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad etdi.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …