“Yaxşı olardı ki, Antonio Qutyerres məhz qətnamələrin icrası ilə bağlı işlərdən başlasın”
BMT-nin yeni seçilmiş baş katibi Dağlıq Qarabağ probleminin həlli istiqamətində əvvəlki sələfindən bir qədər fəal olduğu təsirini bağışlayır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Qutyerres ilə keçirdiyi görüşdə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə maraqlanıb.
Prezident İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verib. Dövlət başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu deyib.
Antonio Qutyerres Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident İlham Əliyev BMT-nin və baş katib Antonio Qutyerres mövcud vəziyyətə müdaxilə edib prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb.
Bunun ardınca BMT-nin baş katibi Avropada münaqişələrin həll olunmasına həsr edilən BMT Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırış edib. Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar göstərir ki, Avropa yeni münaqişə ocaqlarından sığortalanmayıb.
Baş katib qeyd edib ki, Avropadakı münaqişələrə aid tez-tez işlənən “dondurulmuş münaqişə” termini yanlışdır: “Sülh sazişləri imzalanıb reallaşdırılmayana qədər zorakılığın bərpa olunması risqi qalacaq. Biz keçən ilin aprelində Cənubi Qafqazda, Dağlıq Qarabağda bunun şahidi olduq”.
BMT baş katibi, həmçinin, bildirib ki, beynəlxalq ictimaiyyət, BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qorunub saxlanması üzrə kollektiv yanaşmanı gücləndirməlidir.
BMT-nin yeni baş katibinin bu səviyyədə fəallığı həmin qurumun çıxardığı və birbaşa konfliktə aidiyyəti olan 4 qətnamənin icrası ilə nəticələnə bilərmi?
Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, BMT-nin yeni baş katibinin fəaliyyətində bizi qane edən məqamlara rast gəlinir: “Çox sevindirici haldır ki, onun yeni vəzifəsinin icrasına başladığı dövrdə ilk bəyanatı bizi əhatə edən konfliktlə bağlı olub. Müsbət amillər ondan ibarətdir ki, həmin şəxs konfliktlə yaxından tanışdır. Keçmiş vəzifələrini icra edən zaman tez-tez Azərbaycana səfərlər edib. Onun hazırda icra etdiyi vəzifə çox böyük səlahiyyətlərə malikdir. Burada şəxsiyyət amilinin də rolu böyükdür. Dünyadakı konfliktlərin həllində biz təşəbbüsü üzərinə götürən diplomatlara çox rast gəlmişik. Məhz həmin sülh planları da səmərəli səylər göstərən diplomatların adı ilə bağlı olub. Bu baxımdan da hesab edirəm ki, yeni baş katib səy göstərsə, konkret nəticəyə nail ola bilər. Yalnız bəyanatla kifayətlənmək olmaz. Çünki indiyə kimi biz çox bəyanatlara rast gəlmişik. Yaxşı olardı ki, Quterreş məhz qətnamələrin icrası ilə bağlı işlərdən başlasın. Onda konkret nəticəni görərik”.
BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir.
Baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır: “Sülh müqaviləsi imzalanmasa və tətbiq edilməsə, zorakılığın yenidən başlaması risqi qalır. Biz buna Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində şahid olduq. BMT ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir. Biz münaqişə tərəflərini gərginliyin azaldılmasına və münaqişənin qarşısının alınmasına dair razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə çağırırıq”.
A.Quttyerres deyib ki, təkcə atəşkəs rejiminin gücləndirilməsi və əvvəlki öhdəlikləri yerinə yetirməklə bağlı yox, davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün də tərəflər siyasi iradə nümayiş etdirməlidir.
Məhəmmədəli QƏRİBLİ