Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “Bizim vaxtımızda…”, mentalitet: gənclər nədən narazıdırlar?

“Bizim vaxtımızda…”, mentalitet: gənclər nədən narazıdırlar?

Cəmiyyətin əsasını təşkil edib, hər cür mənfi və müsbət dəyişikliklərin baş verməsinə səbəb olan gənclik, əslində, nələri dəyişmək istərdi? Yəni, hər şeyin öz əlində olduğunu bilsə də, qarşısında sədd kimi tikilən nələr var və niyə var?

Təbii ki, ilk növbədə, beyinlərdən başlamalıyıq. Formalaşdığı ailələrin böyük təsiri olsa da, sonradan düşdüyü mühit, əhatə, cəmiyyət onun qanadlarını qıra və ya əksinə, qanadlarına güc verə bilər. Hər kəs bu cəhətdən eyni dərəcədə güclü ola bilmir.

Elə ailədən başlasaq, öz başlarına gəlməsini istəmədiyi şeyləri gənclərə yaşadan valideynlər onların həyatlarına necə böyük təsirləri olmasından xəbərsiz yaşayırlar. Ta ki bir gün nəticəsini görənə qədər.

Müxtəlif düşüncələr içində itib-batan gənci hamı öz istədiyi qəlibə salmağa çalışır, hər kəs ondan nəsə tələb edir. Buna misal olaraq, göz önündə hər gün gördüyümüz ictimai nəqliyyatdakı vəziyyətdir. Cavanların borcudur sanki özündən yaşca böyüklərə yol vermək.

Borc və hörmət, qorxu və sevgi anlayışlarını o qədər qarışdırır ki bu millət… Hələ də anlamırlar ki, bir insan yerini sizə verirsə, bu, onun mental dəyərlərimizi önəmsədiyi və ya borcu olduğunu düşündüyü üçün deyil. Sadəcə, sizin yerinizə öz valideynlərini qoyur və onların ayaq üstdə getməsini istəmədiyindən bu hərəkəti edir. Yəni, sadəcə, hörmətdir bu.

Göründüyü kimi, onsuz da Azərbaycan gəncliyində kifayət qədər böyüyə hörmət var, bəzi yetkin insanlar niyə bunu başlarının üstündə durub yer tələb etməklə gözdən salmağa çalışır?

Hələ oğlanların qızlara yer verməsini demirəm. Bu da, ümumiyyətlə, qadına hörmətin bir sübutudur, yəqin. Amma yenə də bu ölkəni qane edə bilməyən, hələ də yaşlıların “bizim vaxtımızda…” ilə başlayan cümlələrinin qınaq obyekti olan gəncliyə ailədə basqı başqa yollarla davam edir.

Beyində kök salan düşüncələr nəticəsində bu ölkənin cəmiyyətində yaradılan və heç yerdə yazılmayan qanunlar var. Məsələn, qız əgər universiteti bitiribsə, aydın məsələdir ki, evlənməlidir. Yoxsa, bir qız niyə işləmək, öz həyatını özü qurmaq, nələrəsə nail olmaq, özünə böyük arzular, hədəflər qoymaq istəsin? Bu, yazılmamış qanundur.

Oğlanlarda da vəziyyət çox fərqli deyil. Onlar da çərçivələrdən kənara çıxmamalı, tanışlıqla yaxşı işə sahib olub, valideynlərinin seçdiyi qızla ailə həyatı qurmalıdırlar. Bir-birlərini tanımasalar da olar, nə önəmi var? Əsas olan qıraqdan necə göründüyüdür.

Həm özünü inkişaf etdirməsini gözləyib, həm də saatlarla auditoriyalarda vaxt itirməsini tələb edən “Boloniya sistemli” sayılan, amma sistemdən əsər-əlamət olmayan universitetlərdən də danışaq. Tələbələri qaçıran dərs otaqları, ixtisasa olan həvəslərini öldürən müəllimlər, nə zaman yemək yeməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkdirən 10 dəqiqəlik tənəffüslər (bir çox universitetlərdə)…

Gəncləri uşaqlıq xatirələri ilə dolu, doğma ölkələrindən getmək istəməyə məcbur edən hər səbəb cəmiyyəti bir addım geriyə aparır. “Mentalitet” sözündən istifadə edib hər şeyə qarışa biləcəklərini sananlar əsas qüvvə olan gəncliyi gücdən salırlar. Sabah görəcəyimiz gəncliyin bugünkü münasibətin və şəraitin nəticəsi olacağını unutmayaq. (Oxu.az)

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …