Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / «BİZİ ŞANTAJ VƏ TƏHDİD EDİR…» – Şəriklərindən ATXƏM sədrinə ittihamlar

«BİZİ ŞANTAJ VƏ TƏHDİD EDİR…» – Şəriklərindən ATXƏM sədrinə ittihamlar

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılov təhdid və şantajda ittiham olunur. Belə ki, Bakı sakini Qasımov Kamal İbrahim oğlu “AzPolitika.info”ya müraciət edərək, İlham İsmayılovun diaspora fəaliyyəti adı altında qurduğu müəyyən əlaqələrinin köməyi ilə onun “Qaraçala” MMC-dəki payını mənimsəmək istədiyini bildirib.

K.Qasımovun bu şirkətdəki payı 33 faiz təşkil edir. Şikayətçinin təqdim etdiyi sənədlərdən belə məlum olur ki, 18.08.2011-ci ildə təsis olunan “Qaraçala” MMC-nin 3 təsisçisi var. Bunlar 34 faiz payla İsmayılov İlham Surxay oğlu, 33 faiz payla Qasımov Kamal İbrahim oğlu və 33 faiz payla Əliyev İlkin Qafar oğludur.

Şirkət Salyan rayonunun Qaraçala kəndində kənd təsərrüfatı məhsullarını yetişdirmək məqsədilə yaradılıb. Hazırda MMC-nin balansında 5 hektar üzüm bağı, 1.2 hektar istilikxana və 60 hektara yaxın torpaq sahəsi var. Şikayətçi deyir ki, ümumi razılıq əsasında İlham İsmayılov “Qaraçala” MMC-nin qanuni təmsilçisi və Baş direktoru təyin olunub. O isə öz növbəsində Zülfəli adlı şəxsi şirkətə icraçı direktor təyin edib. Əvvəki illərdə şirkətin payçıları arasında ciddi bir problem olmayıb. Lakin bu il İlham İsmayılov şirkətin təsisçilərinindən birinin – Kamal Qasımovun payını mənimsəmək yolunu tutub. Belə ki, bu il aprelin 30-da – özünün ad günündə İlham İsmayılov Kamal Qasımovun etibarnamə əsasında qanuni təmsilçisi Yusif Əzizovu Qaraçala kəndindəki evinə dəvət edərək, ona şərikliyin bitdiyi barədə xəbərdarlıq edib, hədələyərək kəndi tərk etməsini tələb edib.

Qarşı tərəf bu şantaja məhəl qoymayanda isə İlham İsmayılov polisə müraciət edib. Salyan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Lakin görəndə ki, qanunsuz heç nə yoxdur, mülki mübahisədir, məhkəməyə müraciət etməyi tövsiyyə edərək, gediblər. Bundan sonra İlham İsmayılov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edərək, öz şərikini reketlikdə ittiham edib. İdarədə aparılan araşdırma zamanı İ.İsmayılovun iddiasının əsassız olduğu, arxasında başqa niyyətlərin durduğu aydınlaşıb. “İdarədə izahat verdik və əlimizdə olan sənədləri təqdim etdik. Bundan sonra vəziyyət aydınlaşdı. Sübut olundu ki, mən “Qaraçala” MMC-nin 33 faiz payla rəsmi 3 təsisçisindən biriyəm. Əksinə, İlham İsmayılov böhtan atır və zorakılıqla mənim şirkətdəki payımı mənimsəməyə cəhd edir”, deyə Kamal Qasımov bildirir.

20160606_153220-1_resized

Yusif Əzizov deyir ki, onların istilikxanası artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Əvvəlki 3 ildə İlham İsmayılov onlara 1 manat da olsun pul ödəməyib. Hər dəfə bir bəhanə gətirib ki, gəlir yoxdur. “Bu il dekabr ayından özüm işə nəzarət etməyə başladım. Aprelin 27-nə qədər artıq 70 min manatlıq məhsul satılmışdı. Daha böyük gəlir isə hələ qarşıda idi. İlham İsmayılov gördü ki, ötən illərdəki fırıldaqlarının üstü açılır. Ona görə də məni şərləyib kənddən uzaqlaşdırmağa çalışdı”. Y.Əzizov deyir ki, bu istilikxananın tikintisinə 50 min, üzüm bağının salınmasına isə 24 min manat vəsait qoyublar. İndi İlham İsmayılov şantajla onları şəriklikdən uzaqlaşdırmağa çalışır.

Şikayətçi bildirir ki, təhdidlə məqsədinə nail olmayan İ.İsmayılov, onun keçmiş yüksək vəzifəli qohumunun əleyhinə bəzi saytlarda yazılar sifariş etməklə, bu vasitəylə hədəfinə çatmaq, öz şərikinin payını mənimsəmək istəyib.
K.Qasımov “AzPolitika” vasitəsilə ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, hüquqlarının bərpa olunmasına köməklik göstərilməsini xahiş edir:“İlham İsmayılov bu gün də bizim şəriklikdəki payımızı talamaqla məşğuldur.”

Xatırladaq ki, İlham İsmayılov əvvəllər Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satış İdarəsinin rəis müavini vəzifələrində çalışıb. ATXƏM-in təsisiçisi və sədridir.

Şəriklərinin ittihamlarına münasibətini öyrənmək üçün İ.İsmayılovla danışmaq istəsək də, telefonu bağlı olduğundan bu mümkün olmadı. (Azpolitika.info)

 

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın