Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Bizi ermənilərdən, hətta gürcülərdən fərqləndirən nədir…

Bizi ermənilərdən, hətta gürcülərdən fərqləndirən nədir…

Siyasi sistemlərdən, hakimiyyətlərdən və yaxud rejimlərdən asılı olmayaraq hər yerdə və bütün zamanlarda insanların bir istəyi olub: azad, təhlükəsiz və firavan həyat yaşamaq.

Bəli, buna “Maslou piramidası” kimi ciddi sosioloji anlayışlarla da əmin olmaq olar, adi həyati müşahidələrlə də.

Odur ki, hər dəfə qonşu Gürcüstanın hakim koalisiyasının adını eşidəndə, xüsusən də gələn həftə baş tutacaq prezident seçkilərilə bağlı təhlilləri və proqnozları oxuyarkən ixtiyarsız olaraq bir şey keçir ağlımızdan: arzu arzudur, istər gürcü olsun, istərsə də bir başqa millət…

Yox, tələsdim, deyəsən, çünki ortada güclü fərqlər də var. Məsələn, bizim azərbaycanlıları ermənilərdən və hətta gürcülərdən də ayıran ciddi fərqlər var.

Bu elə fərqdir ki, yalnız onun köməyilə cəmiyyətimizin Gürcüstan və Ermənistan cəmiyyətlərilə müqayisədə siyasi cəhətdən xeyli dərəcədə passiv olmasının səbəblərini başa düşmək və nəzərə almaq mümkündür.

Image result for gürcüstan etiraz mitinq

Bu elə bir fərqdir ki, bir vaxtlar bizə deyiləndə ki, kişi, özünü yorma, liberalizm və ya liberal dəyərlər bizim cəmiyyətimiz üçün deyil, hər dəfə cavab verirdik ki, yox, nəticələrlə tələsməyin.

Bəs hansı dəyərdir o? Nədir bizim cəmiyyətimizi qonşulardan fərqləndirən ən əsas məziyyət? Demirəm ki, insanlarımız anadangəlmə liberallardır. İddia etmirəm ki, on milyonluq cəmiyyətin hamısı çox çətin və həm də mütərəqqi bir ideologiyanın bütün prinsiplərini özündə ehtiva edir– yox, əlbəttə və yenə də əlbəttə ki, heç də belə deyil.

Image result for ermənistan etiraz mitinq

Amma hər bir ideologiyaya xas olan təməl, ilkin davranış tərzi və psixologiya olur və o, milli psixologiya ilə heç olmasa azacıq uyğunluq təşkil edəndə, o halda, necə deyərlər, “sintez” baş tuta bilir.

Bizim toplum dövlətə və hökumətə münasibətdə xeyli dərəcədə “loyal”dır, əgər diqqət etsəniz, onda görərsiniz ki, insanlarımızın əksər hissəsinin siyasi devizi birdir və o, demək olar ki, bütün siyasi sistemlər zamanı özünü təzahür edib.

Image result for Azərbaycan etiraz mitinq

Nədir bu deviz? Bizim azərbaycanlılarımızın çox böyük hissəsi “Dövlətin və hökumətin mənimlə işi olmasın, mən özüm qalan bütün məsələləri yoluna qoyaram!” prinsipilə yaşayır. Bilirsiniz, bu, çox unikal keyfiyyətdir; əlbəttə ki, tamam loyal cəmiyyət adlanmaqçün çox azdır, amma ən azı insanların siyasi və sosial -iqtisadi həyatda davranışına təsir etmək gücündə olan amildir.

Gürcü cəmiyyəti və yaxud da ermənilər belə deyil, onlar daim hökumətdən və dövlətdən daha çox şey tələb ediblər, indi də tələb edirlər və bu səbəbdən də bu iki qonşu ölkədəki həyat siyasi proseslər baxımından daha dinamikdir.

Bilirəm, deyəcəksiniz ki, bizim “qüsur”umuzu üstünlüyümüz kimi “sırımaq” lazım deyil bizə və çox düz də edəcəksəniz, çünki tamam müqavimətsiz cəmiyyət və ya fərd ölü kimi bir şeydir. Amma bu halı şərtləndirən amilləri, hətta ona azacıq da olsa belə, təsiri olan detalları öyrənmək lazımdır və onlardan birini də mən dedim. O ki qaldı qüsur məsələsinə, hələ A.Smit deyirdi ki, insanların qüsurlarını ümumi rifahın yüksəlişinə yönəltməyi bacarmaq lazımdır.

O keyfiyyəti ki, mən qeyd etdim, o, bir daha deyir ki, azərbaycanlı toplumuna inqilab yox, geniş islahatlar lazımdır – siz bu cəmiyyətə və onun işgüzar fərdlərinə şərait yaradın, inhisarı götürün, məmurların iqtisadiyyata uzanan əllərini “kəsin”, korrupsiyanı yığışdırın, təşəbbüs göstərən insanları stimullaşdırın, cəmiyyəti kreativliyə yönəldin, onda özünüz tez bir zamanda görəcəksiniz ki, qeyri-neft sektoru problemi də, bahalıq da, həttə məşğulluq kimi problemlər də həll olundu…

Büdcəmiz ildən-ilə böyüyür. Amma “şişman”, xüsusən də nəzarətsiz büdcə hələ iqtisadi tərəqqinin göstəricisi deyil, ən azı ona görə ki, onun böyük hissəsi məmuların cibinə axır.

Bu gün Azərbaycanda büdcənin icrası, büdcə xərclərinə nəzarətin gücləndirilməsi bir nömrəli problem sayılmalıdır, çünki oliqarx məmurlar buradan yaranır.

Fəqət, hər dəfə “nəzarət” deyəndə hələ tam demokratik olmayan dövlətlərdə məmurların ağlına dərhal bir şey gəlir: yeni nəzarət qurumu yaratmaq.

Amma buna qətiyyən ehtiyac yoxdur. Birincisi, bizim müvafiq qurumlarımız var və onların işi daha da güclənməli və effektiv olmalıdır.

İkincisi, yuxarı səviyyədə parlamentə – Milli Məclisə bir az geniş səlahiyyətlər vermək, onun hökumətin fəaliyyətinə müdaxilə imkanlarını genişləndirmək lazımdır.

Ücüncüsü, aşağı səviyyədə – yerlərdə güclü idarəetmə islahatları aparılmalıdır. Məsələn, qoy, yerlərdə merlər prezident tərəfindən təyin olsun, amma onların yanında geniş səlahiyyətlərə malik bələdiyyə şuraları fəaliyyət göstərsin və bu şuraların merlərin işinə ciddi nəzarət etmək, hətta müəyyən səs çoxluğu ilə prezidentin qarşısında merin dəyişdirilməsi və cəzalandırılması tələbilə çıxış etmək hüququ olsun…

Gəlin, heç olmasa, bunları edək. İnanın, onda görəcəksiniz ki, indi insanlarımız üçün qüsur saydığımız fərdiyyətçilik və dövlətə qarşı daha az tələbkar olmaq kimi xüsusiyyətlər belə kreativliyi, təşəbbüskarlığı və həm də ümumi rifahı həqiqətən də artırmaq, həyatımıza yeni bir nəfəs – impuls vermək gücündədir…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …