Ana səhifə / Cəmiyyət / Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq

Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq

Hər bir ölkənin gələcəyinin etibarlı təminatçısı sağlam düşüncəli gənc nəsildir. Gənclər bütün dövrlərdə bütün cəmiyyətlərin ən dinamik və enerjili aparıcı qüvvəsini təşkil ediblər. Gənclərin adı, bir qayda olaraq, yeniliklərlə, proqressiv dəyişikliklərlə assosiasiya olunur. Deyilənlər baxımından müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır.

Gənclərin yüksəksəviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Öz növbəsində, kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər.


Bu gün Azərbaycan gənclərinin fəallığından, üstün keyfiyyətlərindən söhbət açarkən keçilmiş yola nəzər salmaq yerinə düşər. Sağlam əqidəli, geniş erudisiyalı, müasir düşüncəli və eyni zamanda, milli ruhlu gənclər ordusunun formalaşması ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Azərbaycan gəncliyinin bir nümayəndəsi kimi tam qətiyyətlə demək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin müasir tələblərə uyğun təhsil almasında, bilik və bacarıqlarını davamlı şəkildə artırmasında, onların ləyaqətli vətəndaş kimi yetişməsində misilsiz xidmətləri olan bir dövlət xadimidir. Ulu Öndərimizin gənclərin ikinci forumunda ifadə etdiyi “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha böyük olacaqdır. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq” fikirləri Onun gənclərə qəlbən inandığını və etimad göstərdiyini əyani şəkildə təsdiqləyir.


Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən arzuolunmaz ictimai-siyasi hadisələrin, hakimiyyət böhranının, hərc-mərcliyin, vətəndaş qarşıdurması təhlükəsinin getdikcə artmasının, düşmən təcavüzünün miqyasının genişlənməsinin və bu kimi digər mənfi proseslərin fonunda gənclərin qarşılaşdıqları problemlərin miqyası da kifayət qədər böyük idi. Belə şəraitdə gənclərin müxtəlif məkrli vasitələrlə siyasi oyunlara, siyasi qruplaşmalara cəlb olunmaları ciddi narahatlıq yaradırdı. Zəngin həyat və dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra belə təhlükəli proseslərə birdəfəlik son qoydu. Təlatümlü bir şəraitdə Öz xalqının çağırışına biganə qalmayaraq müstəqil Azərbaycanın idarəetmə sükanının arxasına keçən Ulu Öndər gənclərə böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi. Bu görüşdə gənclər özlərinin arzu və istəklərini, həmçinin üzləşdikləri problemləri inandıqları və güvəndikləri Ulu Öndərimizin diqqətinə çatdırdılar. Gənclərin bəhs olunan görüşdə səsləndirdikləri fikirlər və irəli sürdükləri təkliflər ölkəmizdə gənclər siyasətinin formalaşmasında bir növ yol xəritəsi rolunu oynadı. Sonrakı mərhələdə Ulu Öndərimizin siyasi iradəsi və imzaladığı bir sıra mühüm sənədlər əsasında respublikamızda məqsədyönlü gənclər siyasəti formalaşdırıldı.


Müstəqil Azərbaycanın həyatının bütün sahələrində dahi şəxsiyyət Heydər Əliyevin imzası var. Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq. Hazırda ölkəmizdə Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kursu, o cümlədən də gənclər siyasətini Onun layiqli varisi olan Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza atır. Öz növbəsində, gənclər də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən inkişaf siyasətini birmənalı şəkildə dəstəkləyir və bu inkişafa öz layiqli töhfələrini verirlər.


Nərgiz BABAYEVA,
YAP Gənclər Birliyinin üzvü

Həmçinin oxuyun

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən…

Bu gündən – 15 may 2021-ci il tarixindən “WhatsApp” messenceri istifadəçiləri seçim qarşısında qalır.Belə ki, …