Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / “Bir gün özünüz kimi səviyyəsizin biri cibindən pul çıxarıb atanızı siqaret dalınca göndərsə…”

“Bir gün özünüz kimi səviyyəsizin biri cibindən pul çıxarıb atanızı siqaret dalınca göndərsə…”

Bu ilin mart ayında millət vəkillərindən birinin müraciətini oxudum. Müraciətdə ölkənin ictimai-siyasi həyatında yaranmış xoşagəlməz vəziyyətdən, konkret olaraq son günlər münasibətlərin söyüş müstəvisinə keçməsindən, dəyərlərimizin aşağılanmasından narahatlıq ifadə olunurdu və münasibət bildirməyimiz xahiş olunurdu. Doğrusu, bu münasibətləri ürək ağrısı ilə izləyir, tarixinin ən ağır zamanında da milli qürurunu və milli dəyərlərini saxlayan millətimizin niyə XXI əsrdə, müstəqil dövlət quruculuğunun yüz illiyini qeyd etdiyimiz bir dönəmdə, bu qədər çirkinliklə qarşılaşdığını və onun yaranma səbəblərini çox düşünürdüm.
Açığı, münasibət bildirmək fikrində deyildim, amma bəzi dırnaq-arası yazarların da ədəbiyyatımız, mədəniyyətimiz, sənətimiz haqqında və konkret olaraq xalqın böyük sənətkarları haqqında ən xoşagəlməz, hətta deyərdim ki, tərbiyəsiz mövqelərini bəzi mətbuat orqanları tirajlayandan sonra münasibət bildirməyi qərara aldım.
Bu heç nədən yaranan bir proses deyil. Bu, əxlaqsız mühiti yaradan nədir, kimdir, hansı münasibətlərin nəticəsidir? Bu hərəkətlərin arxasında duran nədir? Niyə bu gün dəyərlər bu cür sıradan çıxarılıb, niyə bu gün faciə lağ yerinə çevrilib, niyə bu gün böyük-kiçik, ağsaqqal, ağbirçək, ziyalı, ümumiyyətlə müqəddəs anlamlar gözdən salınıb? Biri özünə müxalif bildiyinin atasının ruhunu təhqir edir, qarşı tərəf də, şübhəsiz ki, əsəblərini cilovlaya bilməyib, ağlına ilk gələn ünvanı təhqir edir. Sonra.., sonra nə olacaq?
Biri Nizaminin, Füzulinin yaradıcılığını inkar edir, biri Nəsiminin fikirlərinin yalnış olduğunu iddia edir, bir başqası Səməd Vurğunu, Xəlil Rzanı, o  biri  də Məhəmməd Əmin Rəsulzadəni bəyənmir. Toxunulmaz yaradıcılıq yoxdur, ən dahi sənətkarlar belə tənqid olunub və olunur. Amma, bu ədəbi tənqid çərçivəsində olub. Bizim uzaq və yaxın klassiklərimizi isə bəzi gənclər arvad qiybəti, arvad söyüşü səviyyəsində, ümumiyyətlə ədəbiyyata dəxli olmayan prizmadan söyürlər. “Tənqid edirlər” yaza bilmirəm, çünki  bu tənqid yox, təhqirdir. Bu zümrə üçün müqəddəs, ali bir dəyər mövcud deyil. Axı siz özünüz nəyə qadirsiniz? Adlarını çəkmək istəmədiyim, yaradıcılıq adlandırdıqları cəfəng, əxlaqsız, mənəviyyatsız, heç bir ədəbi dəyəri olmayan cızma-qaraların müəllifləri, bəs siz özünüzdən sonra nə qoyub gedəcəksiniz? Siz özünüz indiyədək bir ədəbi nümunə yarada bildinizmi, o nümunələri ədəbiyyatımıza, mədəniyyətimizə töhfə edənləri hansı haqla təhqir edirsiniz. (hərçənd təhqirin haqqı olmaz).
Bu, adını yazar qoyanların yazdıqlarına KİV-də rast gəldikcə düşünürəm ki, bəlkə mətbuat nümayəndələri oxucuları əyləndirmək məqsədilə sizin yazdıqlarınızı dərc edirlər? Hətta bunların nə vaxtdan yazı-pozuya (ədəbiyyat deyə bilmərəm) gəldiyini, nə yazdıqlarını araşdıranda nə bir mənalı yazıya, nə dərin bir fikrə rast gəlmədim. Elə səbəb də budur. Öz sözü, öz fəlsəfəsi yoxdursa, sizlər gündəmə yalnız buna sahib olanları inkar etməklə gələ bilməyi düşünərək, keçmişinizi, əslinizi, əcdadınızı silib gələ bilərsiniz. Ən dəhşətlisi isə, bu cızmaqara müəllifləri bütün sədləri keçəndən sonra valideynlərini də gülüş hədəfinə çevirdilər. Bunlar artıq o həddə çatıblar ki, biri atasını siqaret almağa göndərdiyini, gec gələndə narazı qalıb deyindiyini də qələmə alır.
Bu adamlara sözüm budur ki, yanınızda hörməti olmayan atanızı cəmiyyət içərisində də hörmətsiz etməyin. Bəs, bir gün özünüz kimi səviyyəsizin biri cibindən pul çıxarıb atanızı siqaret dalınca göndərsə necə..? Sizlər artıq geriyə dönüş şansını itirmişlərsiz. Biri atasını üzr istəmək həddinə çatdırdı, belə getsə.., (və yəqin də gedəcək) atanın növbəti addımı əxlaqsız övladdan imtina ola bilərmi? Son vaxtlar dəbdə olan və bu bəlaların mənbələrindən biri və ən əsası olan “doğmalardan imtina” bəyanatlarını xatırladığım üçün bu qənaətə gəldim. Siz bir balaca düşünmək qabiliyyətində olsaydınız, sabah övladlarınız qarşısında məsuliyyətinizi dərk edə bilsəydiniz, bəlkə də bu qədər düşüklük etməzdiniz. Şübhə etmirəm ki, bunlar bu adamların cahilliyindən irəli gəlir. Cahil olmaqla bərabər pul hərisidirlər, qəpik-quruşa bütün bəşəri idealları sata bilənlərdir. Biri pul hərisi olduğunu dilə gətirib: “mənə 10 min manat verin roman yazım”- deyir. Deməli, 100 manata hər cür qarayaxma yazmağa hazır olduqlarını təsdiq edirlər. Təbii, zaman keçəcək, hər şey yoluna qoyulacaq, amma bəzən dəyərlərin planlı şəkildə məhvinə şərait yaradılanda onun bərpası tezliklə mümkün olmur.
Təəssüf doğuran odur ki, bu cür əxlaq sahibləri, bu cür düşüncə yiyələri, gündən-günə artır, cəmiyyət də biganə qaldıqca özü də simasızlaşır. Səbəb, müdrikliyin olmamasıdır, bu cür düşüncəyə yaradılan şərait, verilən meydandır. Kimin işinə yarasa da millətin işinə heç cür yaramır. Bu yol uzun çəkməsə də, onun vurduğu yaraları sağaltmağın zamana ehtiyacı var.
P. S. Müraciəti edən millət vəkilinin “böyük dərddir” fikri ilə razılaşır və həqiqətən DƏRDİMİZ böyükdür deyirəm…
Azər Vahabzadə, 
Xalq Şairi Bəxtiyar Vahabzadənin oğlu

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …