Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bir bazar günü Kilsədə – FOTOLAR

Bir bazar günü Kilsədə – FOTOLAR

Metronun “28 May” stansiyası tərəfdən çıxıb, Rus Pravoslav Kilsəsinə doğru gedirəm. Kilsənin yerini tam dəqiq bilmədiyimdən soruşa-soruşa tapdım. Yolboyu düşünürdüm ki, rus kilsəsinin ziyarətçiləri elə xristianlar olacaq. Amma kilsənin hündür darvazalarından içəri girən zaman tam fərqli mənzərənin şahidi oldum. Hətta şahidi olduğum mənzərədən təəccüblənməmək belə mümkün deyildi… Bura gələnlər arasında müsəlmanların sayı bəlkə də ruslardan daha çox idi. Hətta eşitdiyimə görə burada tanınmış sənət adamlarını və məşhurları da görmək mümkündür.

Düzünü desəm, heç vaxt kilsədə olmamışdım. Özümü necə aparacağımı, necə davranacağımı belə bilmirdim. Əslində, kilsəni düşüncələrimdə bir az başqa cür təsəvvür edirdim. Hündür taxta qapını açıb, içəri keçdim. Rahiblərin və keşişlərin ibadət etdiyi vaxt idi. Kilsənin zəngi çalındı, ibadət başladı. Ətrafdakılardan kimisi şam yandırır, kimisi də Məryəm ananın və İsa peyğəmbərin şəkli qarşısında baş əyib, dua edirdi. Çox qəribə mənzərə idi, hətta adamı vahimə basırdı, qorxulu görünürdü hər şey. Və hələ də o hisslərin təsiri altındayam…

Kilsənin içini dolaşıram. Qəflətən gözümə hönkür-hönkür ağlayan, hicablı , yaşlı qadın dəydi. Əvvəlcə çəkindim, sonra isə ah-naləsinə dözə bilmədiyim üçün yaxınlaşdım.

– Birinci dəfədir kilsəyə gəlirəm. Necə dua edə bilərəm, mənə köməklik edə bilərsiniz?

– (acıqla) Allaha necə dua edirsən elə. Heyim-hərəkətim yoxdur. Başqa arvadlardan soruş.

– Ağlamağınızı görüb, dözmədim. Niyə ağlayırsınız?

– Dedim axı, halsızam. Sənə nə var niyə ağlayıram? Dərdim böyükdür ki, ağlayıram da. Elə də soruşursan ki, dərdimi bilsən, əlac edəcəksən ki?

Qadın çox aqressiv idi. Mən onu yumşaltmaq üçün dərdinə şərik olmaq istədiyimi və ağlamağını görüb, kövrəldiyimi dedim. Bu sözümdən sonra arvad azca sakitləşdi.

– Eh, Allah səni dərdli eləməsin. Övladın varsa, Allah sənə bala dərdi göstərməsin. Mənim ay parçası kimi qızım durduğu yerdə havalandı. Heç kimi tanımır, nə yeyir-nə içir. Dəli kimidir, evin içində öz-özünə danışır, heç kimi də yaxına buraxmır. Ümidimi bura bağlamışam, Allah məni boş qaytarmasın .

Keşiş yoxsa cadugər?

Bu məqamda keşişlərdən biri ibadət evindən çıxdı, mənimlə söhbət edən qadın, söhbəti yarımçıq saxlayıb, tez əlindəki paketdən bir neçə şəkil çıxarıb, keşişə yaxınlaşdı. Onların söhbətlərini axıra qədər dinləyə bilməsəm də, eşitdiyim söz bunlar oldu: “sən Allah gör neynirsən et, qızımla bu oğlanı birləşdir. Yoxsa qızım dəli olub, heç kimi görmək istəmir. Gecə-gündüz oğlandan ötrü ağlayır. Bunu görürsən (şəkli göstərir- red.), bu, oğlanın anasıdır, qoymur oğlan qızımı alsın”. Keşiş söhbətə qulaq asdığımı sezdi. Yubanmadan başqa tərəfə keçirəm. İkonalardan birinin qarşısında təxminən 35-40 yaşlı sarışın bir qadın rus dilində dua edirdi. Gözlədim. Sözünü tamamlayıb, şam yandırmaq istəyəndə ona yaxınlaşdım…

– Olar sizdən bir söz soruşum?

– Əlbəttə…

– Heç vaxt kilsədə olmamışam, birinci dəfədir ki, gəlirəm. Mən müsəlmanam, necə dua etməliyəm? Bu, şamı niyə yandırırsınız?

– Rus dilində danışmağıma baxmayın, mən də müsəlmanam. Rus dili müəlliməsiyəm. Biz müsəlmanlar xristianlar kimi dua edə bilmərik, çünki biz əllərimizi Allaha açırıq, onlar isə xaç çevirirlər. Şamı da niyyət edib yandrımalısan.

– Sizin nə probleminiz var?

– Problemsiz insan var ki?! Sənin problemin olmasa bura gələrsən, yox… Mənim problemim ərimin tərəfi ilədir. İmkan vermirlər yaxşı yaşayaq. Mən 30 yaşında ailə qurdum, ərim məndən 7 yaş böyükdür. 6 ildir evliyik uşağımız olmur, ərim imkanlı adamdır. Çox yerə getmişik, hamısı da deyir olacaq-olacaq, amma heç nə yoxdur. Problem də ərimdədir, mən müayinələrdən təmiz çıxıram. Baldızlarım da aləmi dağıdır ki, problem səndədir, qardaşım səni çox istəyir deyə bizi aldadır. İnandıra bilmirik ki, problem kişidədir. Bura da Məryəm anaya, bir də İsa peyğəmbərə dua etmək üçün gəlirəm. Ümidim var ki, mən də nə vaxtsa sevinərəm.

– Kilsəyə gəlirsiniz, bəs dua etmək üçün məscidə getmisiniz ?

Sualımdan yayınıb, soruşur:

– Yəqin subay olarsan…

– Bəli.

– (istehza ilə) Subay qızın da problemi ərə getmək olar.

Bu anda qadının telefonuna zəng gəlir . “Vay, vay, ərimdir. Bilsə ki, kilsəyə gəlmişəm məni boşayar”, deyib, tələsik uzaqlaşır. Ətrafa göz gəzdirirəm. Yenə hıçqırıq, yenə dua… Qarabuğdayı, cavan gəlin idi. Yaxınlaşıb söhbətə çəkirəm:

– Yaman dərdli xanıma oxşayırsınız?

– Dərdli olaram da, ailəm dağılır.

– Niyə?

– Heç nə, gəzəyən qızlar yoldaşımı yoldan çıxarıb, ağlını başdan alıb. Mənim kimi xanım-xatın arvadını bəyənmir, halbuki sevib evlənmişik. Bir az pulu var deyə, qızlar başdan çıxarır. Öz kafesi var, pozğun qızlar yığışır ora, gündə biri ilə gəzir. İndi məni bəyənmir. Çox baxıcılara getdim, ancaq təsiri olmadı. Rəfiqəm buranı məsləhət etdi, bura da gəlib-gedirəm, hələ ki, heç bir xeyrini görməmişəm. Bu gün də ərim dedi ki, gedirən səni boşayım. Dedim, gəlim bura, bəlkə nəsə möcüzə oldu. Sən tələbəsən? Çünki tələbə qızların hamısı bura gəlib, ərə getmək üçün dua edir.

– Bura gələn subaylara ərə gedir ki?

– Nə bilim (gülümsəyir). Mən elə neçə vaxtdır bura gəlib-gedirəm, burda xristianlardan çox bizim müsəlmanları görürəm. Hamısı da elə inanır, elə ürəkdən şam yandırıb, dua edirlər ki, gəl görəsən. Ən çox da subay qızlar, özlərinə əl qatırlar. Onlara baxanda dəhşətə gəlirəm.

– Burda baxıcı olmamış olmaz…

– Baxdırmaq istəyirsənsə, hə, var… Ruslan adında keşişdir, o, baxıcının söz aparıb-gətirənidir. Nə problemin varsa ona danışırsan, bir şəkil bir də pulu verirsən, aparır… Baxıcı nə desə gətirib çatdırır.

– Baxıcını görə bilmərəm?

– Yox, o kimdirsə yanına heç kimi buraxmırlar.
Qadın Ruslanı göstərir. Onunla söhbətimiz ayaqüstü və tələsik oldu. Ruslana baxıcı üçün müraciət etdiyimizi bildirdik. O isə “Pasxa” ilə əlaqədar başının qarışıq olduğunu və həftənin çərşənbə günü ona yaxınlaşmağımızı xahiş etdi:

– Probleminiz nədirsə, köməklik göstərərik. Biz bura gələn hər bir müsəlmana hörmətlə yanaşırıq. Xristian olsam da, sizin İslam dininə də xüsusi hörmət və sevgim var.

– Dinimiz fərqli olsa da, Allah təkdir…

– Doğrudur, dinimiz ayrı olsa da hər bir insanı yaradan Allahdır. Biz bura üz tutan hansısa müsəlmana heç bir təsir göstərmirik. Hər kəs öz istəyi ilə bura gəlir. Necə ki, siz öz istəyinizlə gəlmisiniz (gülümsəyir).

– Bizdə Quran kitabı müqəddəsdir, sizdə isə Bibliya. Sizin baxıcı necə, Bibliya ilə baxır, yoxsa?

– Müqəddəs kitabınız Quranı oxumuşam, məlumatım da var. Xeyr, Bibliya ilə baxmaq günahdır. Bu haqda sizə heç bir məlumat verə bilmərəm.

– Müsəlmanlar kilsəyə üz tuturlar. Bəs siz bizim məscidləri ziyarət etmisiniz?

– Bəli, dəfələrlə məscidlərə və müqəddəs saydığınız ocaqlarda olmuşam. Hətta Kərbəla ziyarətində də olmuşam.

– Deyirsiniz ki, xristian dinini qəbul edənlər də var. Siz nə zamansa İslam dinini qəbul edərsiniz?

– Xeyr, etmərəm, elə fikrim də yoxdur. Çünki mən 2 yaşımdan xaç suyuna salınmışam. Bizim dinlərimiz fərqlidir. Bilirsiniz niyə? Ona görə ki, biz İsa peyğəmbəri Allahın oğlu kimi qəbul edirik. Siz isə Məhəmməd peyğəmbəri Allahın elçisi kimi…

Qeyd edim ki, ibadət edənlər arasında əvvəllər müsəlman olub, sonradan xristian dinini qəbul edənlər də var. Onlardan biri kilsədə keşiş köməkçisi işləyən 22 yaşlı Əlidir. Əlini bizimlə söhbət zamanı Ruslan tanış etdi. Əli atasının azərbaycanlı, anasının isə rus olduğunu söylədi:

– Atam müsəlman, anam isə xristiandır. O vaxt atam anamdan ayrılandan sonra anam kilsədə işləməyə başladı. O, 7-8 yaşım olandan məni özü ilə bura gətirirdi. Elə o vaxtdan kilsə mənə qəribə təsir bağışlamışdı. Sonralar özüm mütəmadi olaraq bura gəlməyə başladım. 15 yaşım olanda sonra isə xristianlığı qəbul etməyə qərar verdim. Bu qərarı verməyə heç kim məni məcbur etməyib. Özüm keşişə yaxınlaşıb dedim, o da məni xaç suyuna saldı. İndi də həm ibadət edirəm, həm də keşiş köməkçisi işləyirəm”.

Söhbəti yekunlaşdırıb, çıxıram. Kilsənin həyətində müxtəlif rənglərdə şamlar satılır. Deyilənə görə o şamların hər birinin öz missiyası var. Mənsə əsl insan kimi bu cür inanclara yox, başımı göyə qaldırıb, dua edirəm: Xalqımı bəlalardan qoru, Allahım…

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın