Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Binəqədinin Kaliforniyadakı muzeyə meydan oxuyan abidəsi su içində qalıb – FOTO

Binəqədinin Kaliforniyadakı muzeyə meydan oxuyan abidəsi su içində qalıb – FOTO

Qəbiristanlıq deyəndə ağla ilk növbədə insanların dəfn edildiyi məzarlıqlar gəlsə də, sən demə, Bakıda heyvan qəbiristanlığı da varmış. Özü də nə az, nə çox, 200 min il əvvələ aid olan bir qəbiristanlıq. Bura Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi adlanır.

 Sputnik Azərbaycan çoxlarının xəbərsiz olduğu bu qəbiristanlıqdan reportajı təqdim edir.

© SPUTNİK / ZULFİYYA GULUYEVA.”Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi”nin lövhəsi

Binəqədi qəsəbəsi, II mədən 93-cü korpus ünvanında yerləşən abidə barədə bizə restavrasiya işləri aparan Bayram Əhmədov məlumat verir. Onun sözlərinə görə, abidə Azərbaycan geoloqu Ə.S.Məstanzadə tərəfindən 1938-ci ildə qazıntılar zamanı aşkar edilib. Həmsöhbətimiz deyir ki, Sovet dövründə burada böyük geoloji ekspedisiya qrupu işləyib. Amma ondan sonra bu abidədə qazıntılar davam etdirilməyib: “Buranı ona görə heyvan qəbiristanlığı adlandırırlar ki, 200 min il əvvəl vəhşi heyvanlar buraya su içmək üçün gəlsələr də, mazuta bataraq çıxa bilməyiblər. Hansısa heyvanın batıb qaldığını görən çaqqal, tülkü onu ovlamaq istədikdə özləri də mazuta bataraq qalıblar. Buradan yaşı 75 min il olan kərgədan skeletləri, ən qədim heyvanların kəllə sümükləri aşkar edilib. Amma çox təəssüf ki, artıq qazıntılar aparılmır. Torpağın altında xeyli heyvan skeleti qalmaqdadır. Qazıntıların aparıldığı ərazi isə, gördüyünüz kimi, mazutlu su ilə dolub. Nasoslar yoxdur ki, biz buranın suyunu çəkib qurudaq”.

O deyir ki, çox az-az hallarda abidəni görmək üçün gələnlər olur. Çox maraqlı turizm marşrutu olan bu abidəni əsasən qonaqlar ziyarət edirlər. Tur şirkətləri vasitəsilə ilə isə demək olar ki, kütləvi turist axını yoxdur. Bayram Əhmədov deyir ki, “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi” nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri hesab olunur.

© SPUTNİK / ZULFİYYA GULUYEVA.Binəqədi rayonunda heyvan qəbiristanlığı

Binəqədi kəndindən 1 km cənub-şərqdə, bitum yataqlarında yerləşən bu abidə Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların su içdiyi mənbə olub. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxaraq şirin su gölünə axıb. Beləcə, gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi heyvanlar üçün tələyə çevrilib. Buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar batıb qalıblar. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilib.

B.Əhmədov bildirir ki, abidə 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Təbiət Abidəsi elan olunub. “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb. Aşkar olunmuş növlərdən 20-si nəsli kəsilmiş heyvanlardır. Bunlardan mağara şiri, mağara pələngi, nəcib maral, hepard, bəbir və digərlərini misal göstərmək olar. Burada 43 məməli, 107 quş, 2 sürünən, 1 suda-quruda yaşayan canlının qalıqları aşkarlanıb. Onurğasız heyvanlardan isə buğumayaqlıların 120-dən çox növü, mollyuskların 1 növü təyin olunub.

Həmsöhbətimiz bildirir ki, burada aşkara çıxarılan fauna və flora qalıqlarının yaşı 50-150 min ili əhatə edir. 1938-ci ildə tapılmış kərgədan sümüyü dünya paleontologiya elmində “Binəqədi kərgədanı” adı ilə məşhurdur. Bayram Əhmədov deyir ki, hətta Binəqədidəki bu abidənin analoqu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranço La Brea muzeyi sayılır.

© SPUTNİK / ZULFİYYA GULUYEVA.”Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb

Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranço La Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqaçevin müəllifi olduğu “Картины первобытной природы Апшерона” (“İbtidai Abşeronun mənzərələri”) adlı kitabda rayona dair məlumatlar öz əksini tapıb.

Burada onu da öyrənirik ki, indiyədək “Binəqədi Fauna və Flora Təbiət Abidəsi”ndə müxtəlif işlər aparılıb, muzeyin layihəsi üzərində işlənilsə də, başlanılan işlər müxtəlif səbəblərdən sona çatdırılmayıb. Hətta açıq səma altındakı muzeydə aşkarlanan heyvan skeletlərinin nümayişi üçün şərait də yoxdur. Yaşı 150 min il əvvələ dayanan heyvan skeletlərinin çoxu taxta yeşiklərə yığılaraq şəraitsiz şəkildə qışda qarın-yağışın, yayda günün altında qalır. Apardığımız müşahidələr nəticəsində belə qənaətə gəldik ki, əslində böyük turizm potensialı olan bu abidə baxımsızlıq nəticəsində diqqətdən kənar qalıb.

1 / 3© SPUTNİK / ZULFİYYA GULUYEVA.”Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”nin ərazisindən tapılan heyvan qalıqları

Abidənin aid olduğu Təbiət Tarixi Muzeyindən isə bildirdilər ki, “Binəqədi Fauna və Flora Təbiət Abidəsi”ndə aşkar olunan skeletlərin bir hissəsi bu muzeydə saxlanılır. O ki qaldı qazıntıların davam etdirilməməsinə, muzeydən buna maliyyə vəsaiti olmadığını əsas gətirdilər.

Qeyd edək ki, “Binəqədi Fauna və Flora Təbiət Abidəsi”ndə aşkar olunan Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir. Burada tapılmış skeletlər üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları da böyük maraq doğurur. “Binəqədi dördüncü dövr fauna və florası” ən məşhur tədqiqat obyekti olsa da, diqqətdən kənar qalıb…

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …