Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Beynəlxalq media qurumlarının ANS məsələsinin üstündən sakit keçməsinin ciddi əsası…

Beynəlxalq media qurumlarının ANS məsələsinin üstündən sakit keçməsinin ciddi əsası…

Azər Həsrət: “Ən başlıca faktor ortada konkret və əsaslı faktın olmasıdır ki, onu da Azərbaycanın rəsmi qurumları səsləndirib”
“İkinci bir səbəb isə belə məsələlərdə ölkədə adətən daha çox hay-küy salan şəxslərin özünün ANS-ə münasibətinin pis olmasıdır”

Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. Buna səbəb kimi Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı telekanalın nümayiş etdirdiyi siyasət olub.
Məlumdur ki, Azərbaycan qardaş ölkədə baş verən hadisələri Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib. MTRŞ-nin rəsmi bəyanatında deyilirdi: “Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb”.
Göründüyü kimi, rəsmi qurum tərəfindən ANS-in ünvanına sərt ittiham səsləndirilib. Görünür, elə buna görədir ki, ölkədə medianın vəziyyətilə bağlı çox vaxt qərəzli məlumatlar yayan beynəlxalq təşkilatlar da ANS-lə bağlı məsələnin üstündən keçdilər və bu məsələyə heç bir reaksiya vermədilər. Sanki belə bir mənzərə yaranır ki, deməyə sözləri yoxdur. Hər halda, kanalın bağlanması ilə bağlı ortaya olduqca ciddi bir arqument qoyulub. Bəlkə elə bu susqunluğun səbəblərindən biri də budur ki, Avropanın özünün əziyyət çəkdiyi terrorun təbliğində ittiham olunan kanal barədə deməyə söz tapılmır.
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında  açıqlamasında bildirdi ki, vəziyyətin bu şəkil almasında bir neçə faktor rol oynaya bilər: “Birincisi, doğrudan da bəzi beynəlxalq təşkilatlar bu məsələdə gözləmə mövqeyi tutmaq qərarına gəlib. Çünki terrorla əlaqələndirilən istənilən məsələ geniş dəstək görmür. İkinci bir səbəb isə belə məsələlərdə ölkədə adətən daha çox hay-küy salan məlum şəxslərin özünün ANS-ə münasibətinin pis olmasıdır. Ona görə də lazım olan səviyyədə kampaniya aparılmır. Ən başlıca faktor isə ortada konkret və əsaslı faktın olmasıdır ki, onu da Azərbaycanın rəsmi qurumları səsləndirib. Ola bilər ki, bu səbəbdən də beynəlxalq qurumlar tələskənlik etmir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın