Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Beləsinin Aşıq Ələsgərdən danışmağa mənəvi haqqı yoxdur”

“Beləsinin Aşıq Ələsgərdən danışmağa mənəvi haqqı yoxdur”

Son günlər Aşıq Ələsgərin yaşı ilə bağlı mediada gedən müzakirələri diqqətlə izləyirik. Nazir Əhmədlinin “Haqq-nahaq seçilər haqq divanında” kitabındakı iddiaların düzgün olmadığını sübut edən sənədin tapılması bu mövzuda bir sıra suallar meydana çıxarıb.
Qeyd edək ki, ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun Xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.
Nazir Əhmədli müəllifi olduğu kitabda Ermənistandakı arxivə istinadən iddia edir ki, Aşıq Ələsgər 1852-ci ildə, onun ustadı Aşıq Alı 1834-cü ildə, onun ustadı Ağ Aşıq isə 1791-də anadan olub.
Mətbuatda tədqiqatçı kimi təqdim olunan Sabutay Hacıyevin Rusiya Federasiyasının Dövlət Arxivindən aldığı Aşıq Ələsgərlə bağlı sənəd təqdim edilərək bildirilib ki, Aşıq Ələsgər iddia edildiyi kimi 1852-ci ildə deyil, 1821-ci ildə dünyaya gəlib.
Biz tədqiqatçı deyilik və kimin doğru söylədiyini də iddia edə bilmərik. Ancaq onu bilirik ki, ulu öndər Heydər Əliyevin 1994-cü il 24 noyabr tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə isə Aşıq Ələsgərin 150 illik yubileyi keçirilmişdi. “Haqq-nahaq seçilər haqq divanında” kitabının müəllifi və elmi redaktoru bundan xəbərsizmi olub? Yoxsa onlar hesab edirlər ki, ümummilli lider Heydər Əliyevdən daha ağıllıdırlar və Ondan daha çox bilirlər?
İndi isə keçək bizi və hesab edirik ki, bütün cəmiyyətimizi narahat edən digər məqamlara. Əvvəla sual olunmalıdır: bu ölkənin folklorşünasları, ədəbiyyatçıları, tarixçiləri hardadır ki, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Aşıq Ələsgərin yaşını müəyyənləşdirir? Tutaq ki, Nazir Əhmədli bir jurnalist-tədqiqatçı kimi, Aşıq Ələsgərin və digər aşıqların yaşı ilə bağlı araşdırma aparıb. Bəs bizim hörmətli akademiklərimiz bunula niyə maraqlanmayıblar, tədqiqatçının bu fikirlərinə nəyə görə reaksiya verməyiblər? Deyək ki, kitab çap olunan zaman bu məsələyə o qədər də əhəmiyyət verilməyib. İndi necə? Niyə bizim dəyərli alimlərimiz mətbuatda özlərini reklam edən bu adamlara demirlər ki, ay bala, Aşıq Ələsgər bu millətin dəyərlərindən biridir. Onun bir şeiri sizin özünüz boydadır. Gedin kənarda oynayın.
Bizi narahat edən digər məsələ isə Nazir Əhmədlinin Rusiya Dövlət Arxivinin direktoru Larisa Aleksandrovna Roqovayaya yazdığı məktubdur. O, bir tədqiqatçı kimi hansısa faktı dəqiqləşdirmək üçün arxiv direktoruna məktub yaza bilər. Ancaq məktubun bu tərzdə yazılması sadəcə təəssüf doğurur. Bir azərbaycanlı necə olur ki, bir rusa yazdığı məktubunda öz ölkəsinin vətəndaşını şarlatan adlandırır.
Nazir Əhmədli Rusiya Dövlət Arxivinin direktoruna ünvanladığı məktubunda yazır: “Mənim elmlər namizədi alimlik dərəcəm var və Zaqafqaziyanın 19-cu əsrə aid arxiv sənədlərinin tədqiqi ilə məşğul oluram. Həmin dövrün kameral siyahılarında Azərbaycanın bir çox məşhur şəxslərinin doğum tarixini, ailə üzvlərinin adlarını, bir yerdən başqa yerə köçmələrini, məşğuliyyətlərini müəyyən etmişəm. Onlardan biri də 1852-ci ildə indiki Ermənistan Respublikasının ərazisində yerləşən Novobəyazid qəzasının Ağkilsə kəndində doğulan məşhur sənətkarımız Aşıq Ələsgərdir. Bizim elmi dairələrdə onun 1821-ci ildə doğulduğunu qəbul edirdilər.
Onun 200 illik yubileyini qeyd etməyə hazırlaşanlar bundan narazı qalmışlar. Hətta bir sıra qaragüruhçular məni qeyri-vətənpərvərlikdə suçlayaraq ictimaiyyətin gözündə alçaltmağa çalışmışlar. Mən Ermənistan Milli Arxivindəki sənədlərə əsaslanaraq bir sıra ədəbiyyat nümayəndələrinin doğum tarixlərini dəqiqləşdirmişəm. Buna görə həmin ədəbi simaların yubileyləri təxirə salına bilər. Ona görə də bu nadanlar Ermənistan arxivindəki məlumatlardansa, köhnə və səhv məlumatlara üstünlük verirlər.
Bu günlərdə, daha dəqiq desək, 4 fevral 2018-ci ildə onlardan biri, Sabutay Hacıyev adlı bir nəfər sosial şəbəkələrdə və KİV-lərdə (məsələn, musavat.com və başqaları) sizin adınızdan sərsəm bir mətn yayaraq guya məni rəsmi şəkildə “təkzib etmişdir”. Lakin bu insanlar o qədər avam və savadsızdır ki, birinci ümumrusiya siyahıyaalmasının keçirildiyi tarixi bilmir və onu internet məlumatlarından dəqiqləşdirməyi ağıllarına gətirməmişlər. Nəticədə bu şarlatanlar sizi də ictimaiyyətin nəzərində və elmi dairələrdə savadsız kimi qələmə vermişlər. Sosial şəbəkələrdə kimə ünvanlandığı, nömrə və tarixinin olmadığı, adınızın və vəzifənizin çox çətinliklə oxunduğuna görə bu kağızın sənəd olmadığını izah etmişəm. Adi gözlə də görmək mümkündür ki, bu saxtakarlıq fotoşop və başqa kompüter proqramlarının vasitəsilə edilib. Bu isə adi fırıldaqçılıq, hətta deyərdim ki, cinayətdir”.
Göründüyü kimi, o, özünü haqlı çıxarmaq üçün millətinin nümayəndələrini aşağılayır, bizim elmi dairələri savadsızlıqda ittiham edir. Özü də bu sözləri kimə deyir – bir rusa. Məktubda bu şedevr tədqiqatın Ermənistanın Milli Arxivindəki sənədlərə əsaslanıldığı bildirilir. Nə milli arxiv Nazir Əhmədli. Ermənistanın mili var, arxivi də ola? Oradakı sənədlərin hamısı ermənilərin saxtalaşdırdığı Azərbaycan tarixidir. Təəssüf ki, tədqiqatçı-jurnalist Rusiya Dövlət Arxivinin direktoruna yazdığı məktubunda bir yerdə də Qərbi Azərbaycan ifadəsini işlətməyib.
Nazir Əhmədli daha sonra yazır: “Əminəm ki, siz bu fırıldaqçılığa biganə qalmayacaq, mənim və özünüzün reputasiyanızı qorumaq üçün ölçü götürəcəksiniz. Başqa halda, mən sizin müəssisənizin adı ilə zərər çəkmiş olacağam. Düşünürəm ki, bu barədə bizim Moskvadakı səfirliyimizə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlisiniz. Hər hansı başqa tədbir görəcəyinizi də özünüz bilərsiniz”.
Baxın, bizim tədqiqatçı-jurnalistimiz Rusiya arxivinin rus direktoruna azərbaycanlılardan şikayətlənir və onlar barədə ölçü götürməyi xahiş edir. Vallah buna deyiləcək bir söz tapa bilmirik. Əslində söz var, amma oxuculardan ayıbdır deyə yazmırıq.
Yəqin ki, bizim folklorşünas və ədəbiyyatşünas alimlərimiz bu mübahisəyə bir son qoyacaqlar və Aşıq Ələsgərin ruhunun daha çox incidilməsinə imkan verməyəcəklər.
Tural Səfərov

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …