Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / BDM Ukraynada Avropa Oyunlarının təbliğatını aparır

BDM Ukraynada Avropa Oyunlarının təbliğatını aparır

Samir Adıgözəlli: «Xaricdə yaşayan azərbaycanlılar arasında Oyunlara böyük maraq var»

«Onlar ölkəmizin dünyada bir nömrəli müzakirə obyektinə çevrilməsindən qürur duyur»

Avropa Oyunlarının keçirilmə tarixi yaxınlaşdıqca mötəbər idman tədbirinin hansı formada dəstəklənməsilə bağlı orijinal təkliflər irəli sürülür. Ölkə ərazisində olan bütün resurslar, demək olar ki, hazır vəziyyətdədir. Bütün media vasitələrində Oyunların geniş təbliğatı gedir. Həmçinin 10 minlərlə könüllü Avropa Oyunlarının keçirilməsinə yardım etmək üçün səfərbər edilib.
Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkili, bunun üçün zəruri şəraitin təmin olunması və öz müasir sosial, iqtisadi və idman infrastrukturu ilə dünyanın aparıcı ölkələri ilə müqayisə oluna biləcək səviyyədədir.
Qeyd edək ki, bu tədbirlə bağlı həm ölkə daxilində, həm də ölkə xaricində qarayaxma kampaniyası aparılır. Tədbiri Azərbaycana heç bir xeyir verməyən əhəmiyyətsiz addım kimi dəyərləndirənlər də var. Amma əksər ekspertlər I Avropa Oyunlarının Azərbaycana istənilən istiqamətdə yalnız xeyir verəcəyini deyirlər. Onu da nəzərinizə çatdıraq ki, I Avropa
Oyunlarının Azərbaycan üçün əhəmiyyəti kənardan daha yaxşı müşahidə oluna bilər.
Niderlandda yaşayan soydaşımız, Azərbaycan, Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovun sözlərinə görə, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin adının dünya mediasında vaxtaşırı hallanması deməkdir. Onun fikrincə, bu isə, öz növbəsində, Azərbaycanın tanıdılması baxımından çox önəmlidir: «Bu həm də idmana maraq göstərən hər kəsin diqqətinin bütövlükdə ölkəmizə yönəlməsi deməkdir. Oyunlar ərəfəsində ölkəmizə çoxsaylı turist gələcəyinə də şübhə yoxdur. Qeyd etdiyim kimi, bu ərəfədə dünya, xüsusən Avropa mətbuatında ölkəmizlə bağlı çoxsaylı xəbərlərə, yazılara, veriliş və süjetlərə rast gəlmək olur. Niderland mətbuatı da bundan kənar deyil. Təbii ki, bunların içərisində tənqidi fikirlərə də rast gəlmək mümkündür, bunda da qeyri-adi bir şey olmadığını düşünürəm. Hesab edirəm ki, bu cür tədbirin Azərbaycanda keçirilməsini öhdəsinə götürən rəsmi Bakı bütün bunların olacağını hesablamamış deyil. Xüsusən Avropa Oyunlarının ilk dəfə keçirildiyini nəzərə alsaq, marağın daha artıq olacağını bilmək o qədər çətin deyildi. Əlbəttə, arzuolunandır ki, Azərbaycanın tanıdılması baxımından bu Oyunlardan bizim gözləntilərimiz reallaşsın».
Bu, xaricdə yaşayan soydaşımızın Oyunlara bəslədiyi münasibət idi. Bəs görəsən xarici ölkələrdə yaşayan soydaşlarımız Avropa Oyunları dövründə hansısa formada dəstək vermək barədə düşünürlərmi?
Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, son 10 gün ərzində məhz bu məqsədlə Ukraynada olub: «Bu, Avropa Oyunlarının təbliğatının xaricdə təşkili baxımından səfər etdiyim ikinci ölkədir. Bir faktı da qeyd edim ki, biz bunu hansısa qrant layihəsi çərçivəsində etmirik. Öz resurslarımız hesabına reallaşdırdığımız bu işin görülməsinə hər bir Azərbaycan vətəndaşı yaxından yanaşmalıdır. Səmimi deyirəm ki, xaricdə yaşayan azərbaycanlılar arasında Oyunlara böyük maraq var. Onlar ölkəmizin dünyada bir nömrəli müzakirə obyektinə çevrilməsindən qürur duyur. Bütün bu hərəkətlər hansısa inzibati asılılıq səbəbindən deyil, səmimiyyətdən irəli gəlir. Bildirmək istəyirəm ki, təbliğat sarıdan bir qədər vəsait çatışmazlıqları var. Hələ ki, gec deyil, bu amil nəzərə alınmalıdır.
Diaspor təşkilatlarımız lazım olan təbliğat vəsaitlərilə təmin olunmalıdır. Ukraynanın 5 şəhərində bu istiqamətdə iş aparmışıq. Oyunlar başlandıqdan sonra müxtəlif fləşmobların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, gözəl effekti olacaq».
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın