Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Bazarlar açılsa da, mayda qış geyimləri satılır – Video

Bazarlar açılsa da, mayda qış geyimləri satılır – Video

“Daha yay mövsümündə qış malı satarıq”.

Bunu artıq 10 ildən çoxdur ki, geyim sahəsində çalışan Sevil Bayramova deyir. Son illər onun üzü ticarətdə elə də gülmür. Belə ki, ötən il “Diqlas” Ticarət Mərkəzi yananda iş yerini itirən Sevil xanım elə yenicə ticarətini dirçəldirmiş ki, bu dəfə də koronavirus dalğasına tuş gəlib. Qış ayında bağlanan ticarət obyektlərinin yazın sonunda açılması bir çoxları kimi onun da satış balansını pozub. 

Neftçilər metrosu yaxınlığındakı mağazalardan birində işləyən ticarətçi “Qafqazinfo”ya bildirib ki, hazırda nə qədər endirim etsə də, qışlıq malı sata bilmir:

““Diqlas” yanandan sonra bir il işsiz qaldım, elə yenicə bu mağazanı açıb borc-xərclə içini doldurmuşdum ki, mağazalar bağlandı. İki aylıq fasilədən sonra yenidən açmışam. Ancaq gəl ki, bu dəfə əlimdə mövsümə uyğun paltarlar yoxdur. Hara baxırsız, “kurtka”dır. Mağazanı kirayələyəndə ödənişi qabaqcadan edirik. Ona görə məcburam mayasına satam. Nazik sarafan, “futbolka”lar istəyirlər, onlar da dükanda yoxdur. Jaketlər, koftalar – hamısını maya dəyərinə asmışam. Ancaq nə baxan var, nə alan”. 

Sevil xanımın sözlərinə görə, yollar bağlı olduğundan yeni mal da gətirə bilmir: “Gün ərzində 10-15 nəfər mağazaya girir. Onlardan da 3-ü ya alar, ya almaz. Vəziyyətimiz necə olacaq bilmirəm”.

Reportaj əsnasında baş çəkdiyimiz ayaqqabı mağazaları, geyim butiklərinin hər birində, demək olar ki, elə eyni cümləni eşitdik: “maya dəyərinə veririk, alan yoxdur”.

Hətta mağazaların girişində bir neçə dəfə qeyd olunmuş “Şok endirim!” sözləri də alıcıları cəlb etmir.

Mağazalardan sonra bazardakı vəziyyətlə də tanış olmaq üçün 8-ci mikrorayon bazarına yollanırıq. Görünən odur ki, burada da vəziyyət ürəkaçan deyil. Vitrinlərində qalın payız-qış geyimlərini düzən satıcıların çoxu əlləri qoynunda müştəri yolu gözləyir. Elə 30 ilin satıcısı Çimnaz xala kimi.

Qalın qış jaketlərini səliqəylə düzüb vitrinə yerləşdirən satıcı səhər açılandan siftə edə bilməməsindən gileylənir. Dediyinə görə, hazırda əlindəki bütün mal qışlıq geyimlərdir, gələn hər kəs isə ondan yazlıq paltarlar istəyir:

“Gələn hamı yaz paltarı istəyir, amma heç nəyim yoxdur. Nə qədər istəsən malım var, amma hamısı qış malıdır, əlimdə qaldı. Burada oturmağıma baxma, elə-belə açıb oturmuşam. Malım olsa, alver edərəm. Qışlıq geyimləri yığışdırıb saxlayacam gələn qışa. Hamı icazə ala bilmir, bir-iki nəfər gəlir. Onların da istədiyi məndə yoxdur. Endirimlər edirəm, heç olmasa əlimdə pul olsun, mövsümə uyğun nəsə ala bilim. Ancaq yenə də alan yoxdur”.

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …