Ana səhifə / Cəmiyyət / Bakının mərkəzində qumarxanalar  var

Bakının mərkəzində qumarxanalar  var

Azərbaycanda oyun biznesi təxminən 20 əvvəl qadağan edilib. Lakin hüquq-mühafizə orqanları yeni-yeni bu cür qeyri-leqal və gizli oyun mərkəzlərini aşkarlamaqda davam edirlər. Belə görünür ki, bu sahədəki işbazlar öz gəlir mənbələrini hələ də əldən buraxmaq istəmirlər.

Doğrudur, Bakıda böyük kazinolar yoxdur. Nisbətən kiçik belə oyun mərkəzləri isə az deyil. Özü də bu cür obyektlərdə sadəcə olaraq lövhələr dəyişib. “Oyun avtomatları” sözü yazılmış lövhələri çıxararaq yerinə üstünə “İnternet-kafe” yazılmış lövhələr asırlar.

Pul uduşları ilə, pul qoyulmaqla oynanan loto, domino, oyun kartı və ya nərd üzrə “ixtisaslaşmış” bu müəssisələr adətən qəlyanxana və ya “Çay evi” adı altında fəaliyyət göstərir.

Qanunsuz pullu oyunların keçirildiyi bu obyektlər tez-tez aşkara çıxarılır, bağlanır, onların avadanlıqları müsadirə edilir. Lakin bu müəssisələrin kökü kəsilmir ki, kəsilmir. Onlar müştərilərini müflisləşdirməkdə davam edirlər.

Bu günlərdə Bakının mərkəzində – 28 may küçəsindəki 86 saylı binada da belə obyektin olduğu üzə çıxıb. İlk baxışdan adi obyekdir, adamlar orada sakitcə rus lotosu oynayır. 90-cı illərin Bakısını xatırlayın. O zaman paytaxtın az qala hər tin-bucağında loto oyunu mərkəzləri var idi. Belə obyektlər şəhəri başına götürmüşdü. Amma prezident Heydər Əliyevin göstərişi ilə onların hamısı bağlanıb ləğv edildi. Onlarla bərabər elit kazinolar da yoxa çıxdı.

Lakin belə görünür ki, qumar mafiyası bu məğlubiyyəti ilə barışmaq fikrində deyil və xərçəng şişi kimi getdikcə artıb böyüyərək əvəz çıxmağa qərar verib.

Virtualaz.org saytının əməkdaşlarının araşdırması nəticəsində ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, 28 may küçəsindəki həmin qumar mərkəzi MMC kimi qeydiyyatdan keçib. Bu MMC-nin sahibləri obyektin qeydiyyatı amilinin hələ kifayət etmədiyini və onun fəaliyyətinin profilinin uyğun olmadığını onlara xatırladanda isə fərqli yol seçərək əməkdaşlarımızla “dil tapıb razılaşmağa” cəhd etdilər.

Bu təklifləri rədd olunandan sonra isə başqa taktikaya əl atdılar. Müxbirlərimizi obyektin nüfuzlu himayədarları ilə qorxudub hədələməyə başladılar.

“Gedin nə istəyirsiniz yazın. Bura hər gün o qədər jurnalist gəlir ki… Onların hamısına pul veririk, ağızları yumulur, çıxıb gedirlər. Deməyim odur ki, get özünçün nə qədər yazırsan yaz. Sən yeməyib getdin” – deyə bu qumarxananın başçılarından biri təhqiramiz tonda yekəxanalıq etdi.

Həmin şəxsdən özünü təqdim etməyi xahiş edirik. Cavabı kinayəli olur: “Adımın nə fərqi var? İstəyirsən lap Əliqulu yaz”.

Burada qoluzorlu mühafizəçilər də kifayət qədərdir. Ona görə də rəhbərlik müxbirlərimizdən fotoçəkiliş aparmamağı tələb edəndə onlarla mübahisəyə girməyin heç bir mənası qalmadı.

Obyektivlik naminə, bir də hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmamaq naminə onu da deyək ki, 28 may küçəsindəki bu obyekt cəmi bir həftə qabaq açılıb. Hər halda bu qeyri-leqal kazinonun qonşuluğundakı ticarət və iaşə obyektlərinin işçiləri belə deyir.

“Bu adamların yüksək rütbəli poqonlu himayədarları var, ay oğul. Özünə bəla axtarıb başına oyun açma. Mən Bakıda ən azı 5 yerdə belə qumarxana tanıyıram. Hələ ayrı-ayrı evlərə də yığışıb qumar oynayırlar. Yəni bu, nəsə böyük mafiyadır” – deyə qonşuluqdakı kafenin yaşlı işçisi bizə tövsiyə edir.

Bütün bunlar sual doğurur: doğrudanmı belədir və hakimiyyət orqanları qumarxana sahibləri ilə savaşı heç cürə uda bilmir?

Səlahiyyətli dövlət orqanlarının məsələyə münasibətini öyrənmək üçün DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova müraciət etdik.

E.Zahidov virtualaz.org saytına açıqlamasında bu məsələ ilə, ən azı sözügedən konkret obyektlə mütləq maraqlanıb məlumat verəcəklərini vəd etdi. Onu da əlavə etdi ki, polis orqanları qanunsuz oyun biznesi ilə sərt mübarizə aparır və bunu davam etdirəcək.

Doğrudur, mübarizə gedir. Amma o da faktdır ki, bu cür obyektlər şəhərin mərkəzində, hətta paytaxtda olmasa da hər halda yağışdan sonra göbələk kimi artır. Belə çıxır ki, səs-küylü bəyanatlara və sərt cəza tədbirlərinə baxmayaraq qumarxanalarla mübarizənin hələ də nəticəsi yoxdur, bu mübarizədən bir şey alınmır?! Yoxsa sadəcə lazımi qətiyyət çatmır?! Bəlkə başqa səbəblər var?!

Belə müəssisələr ölkədə nə qədər insanın həyatını məhv edib? Bunun heç olmasa təxmini hesabatı aparılıbmı? Ortada konkret rəqəmlər varmı? Qumar asılılığı nədir, bizim ölkədə onun müalicəsi varmı?

Beynəlxalq təsnifata görə, qumar sosial xəstəlikdir. Bu oyunlardan asılılıq isə pasiyentin “sosial, maddi və peşəkar dəyər və öhdəliklərinin itirilməsinə gətirib çıxarır”.

Bəs bizim ölkəmizdə insanların taleyini, həyatını konkret nə məhv edir: sosial şərtlər, oyun biznesini çiçəkləndirən xırda və bayağı işbazlar, onların poqonlu-poqonsuz himayədarları, qumara qurşanmış şəxslərə real psixoloji yardım göstərilməməsi?

Bu suallar açıq qalır. Onlar hələlik cavabsız suallardır…

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın