Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Bakıdan uzaqda hamıya ümid verən pir… – FOTOLAR

Bakıdan uzaqda hamıya ümid verən pir… – FOTOLAR

Sofi Həmid türbəsi Bakıdan 45 km uzaqda, Səngəçal və Umbakı qəsəbələrinin sərhədində, Səngəçalın dağlarla əhatəyə alınmış Minəcik adlanan ərazisində yerləşir.

Rəvayətə görə, Sofi Həmid Azərbaycana Ərəbistandan gəlib, burada sufiliyi təbliğ edirmiş. Eyni zamanda heyvandarlıqla məşğul olan Sofi Həmid ətrafda yaşayan hər kəsin hörmətini qazanıbmış. Sofi Həmid xəstə olarkən vəsiyyət edir ki, onu dəvənin üzərinə qoyub gəzdirsinlər. Dəvə harada dayanarsa, həmin yerdə də dəfn etsinlər. Belə də olur. Dəvə Səngəçalda iki karvansaranın arasında dayanır. Və Sofi Həmid burada dəfn edilir. Sonralar burada böyük qəbiristanlıq salınır. İndi Səngəçal qəbiristanlığında təkcə Səngəçalın deyil, eyni zamanda başqa qəsəbələrin də sakinlərinin nəşi dəfn edilir. Səngəçal qəbiristanlığında məzar yeri pulsuz olduğu üçün şəhərdən də buraya cənazə gətirib dəfn edirlər.

Sofi Həmid türbəsi Bakıdan 45 km uzaqda, Səngəçal və Umbakı qəsəbələrinin sərhədində, Səngəçalın dağlarla əhatəyə alınmış Minəcik adlanan ərazisində yerləşir.

Sputnik Azərbaycan Səngəçaldan xəbər verir ki, pir qəsəbədən 6 km içəridə yerləşir. Yolun kənarına pirə getmək istəyənlər üçün işarə lövhəsi vurulub.

Amma yol kələ-kötür olduğu üçün getmək o qədər də asan deyil.

Səngəçal sakini Nizami Əliyevin sözlərinə görə, yaxınlıqda daş karxanaları var. Hər gün buradan daş gətirən “KamAZ”lar qəbiristanlığa 5-10 “kubik” daşı atır: “Bu daşlar imkanı olmayan şəxsləri dəfn etmək üçün istifadə edilir”.

Onun sözlərinə görə, Sofi Həmid güclü üləmalardan olub. Bu gün kim ona ümid bağlayıb gəlirsə, əmin olmalıdır ki, haqdırsa, arzusuna çatacaq.

“Burada dəvənin heykəlini sonradan düzəldiblər. Belə bir inanc var ki, kimin övladı olmursa, buraya gəlir, nəzir verir, diləyini tutur”, – deyə kənd sakini danışır.

O deyir ki, dəvənin altından sürünüb keçərək, arzusunu deyənlərin arzularının həyata keçmə ehtimalı daha böyükdür.

Ümumiyyətlə, ziyarətgah kiçik bir otaqdan ibarətdir. Həyətdə ağ dəvə heykəli qoyulub. Arzusu olanlar niyyət edib ağaclara parça bağlayırlar. Dəvənin altında olan kiçik yerdən keçirlər.

Pirdən uzaqlaşan ziyarətə gələnlər deyirlər ki, mən də arzu tutum, niyyətim reallaşsa, bir daha oraya gedim. Mən də arzu tutub, dəvənin altından keçirəm. Arzum reallaşsa, xəbəriniz olacaq.

Ziyarət edib, uzaqlaşırıq. Havanın küləkli, yolun kələ-kötür olmasına baxmayaraq, ziyarətə gələnlərin sayı azalmır.

Külək ağaclara asılmış beşikləri yırğalayır, kimsə övladı olacaq ümidi ilə pirdən uzaqlaşır.

Sakinlər deyirlər ki, əvvəllər Sofi Həmidin məzarı üzərində türbə olmayıb. Türbə XVIII əsrdə tikilib. Türbənin ətrafında böyük tarixə malik olan qədim məzarlar var.

Qeyd edək ki, pir Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Pirdən bir qədər aralı Hacı Abbas Ağanın ziyarətgahı yerləşir. Deyilənə görə, Hacı Abbas Ağa müqəddəs insanlardan olub.

Kənd sakinləri deyirlər ki, Hacı Abbas Ağa yaxın zamanlarda dünyasını dəyişib: “Bir imkanlı şəxs vardı, uşağı olmurdu. Ağanın yanına gəlib-gedirdi. İndi iki övladı var. Ağa dünyasını dəyişəndən sonra onun üçün türbə tikdirdi. Ağa həm də güclü hissiyyata malik idi. Nəsə bir itki olsaydı, yanına getsəydin, deyərdi haradadır. Ümumiyyətlə, güclü adam idi”.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …