Ana səhifə / Cəmiyyət / Bakıda yaşamış erməni: “Bakıdan sonra Ermənistanın ucqarlarında yaşamaq çətin idi”

Bakıda yaşamış erməni: “Bakıdan sonra Ermənistanın ucqarlarında yaşamaq çətin idi”

Artıq 27 ildir davam edən Qarabağ münaqişəsinə və erməni təbliğat maşınının “miatsum” sərsəmləməsinə baxmayaraq Azərbaycanı tərk etmiş ermənilər bu ölkəni, orada keçən illərini hələ də unutmurlar. O illəri əzab dolu nostalji hisslər içində xatırladıqlarını deyirlər.

Yaradıcılıqla məşğul olan keçmiş Bakı erməniləri isə bu xatirələrin onları daha çox əzdiyini bildirir.

Onlardan biri də Marat Məlik-Paşayandır. Bu keçmiş bakılı erməni hazırda Rusiyanın Krasnodar vilayətində yaşayır. Oradakı “Qafqaz şansonu”nun məşhur ifaçısıdır. Heç bir erməni toyu və ya məclisi onsuz keçmir. Rusiyalı tamaşaçılar da Məlik-Paşayanı çox sevir.

Marat Məlik-Paşayan virtualaz.org saytının suallarını cavablandırıb.

-Mahnılarınızın çoxunun mövzusu Bakı ilə bağlıdır. Səbəb nədir? Aydın məsələdir, “Uşaqlıq şəhəri” və “Vətən” mahnıları biz bakılıları çox təsirləndirir, amma sizin tamaşaçılarınız rusiyalılardır axı…

– Necə yəni nə ilə? Bakı mənim dünyaya göz açdığım, çox sevdiyim və indiyədək də minnətdarlıq hissi ilə xatırladığım şəhərdir. Kim nə deyir desin, Bakı, Azərbaycan mənim vətənimdir. Mən 1974-cü il, mart ayının 5-də anadan olmuşam.

Əvvəllər “Kubinka” adlanan məhəllədə, Korqanov küçəsində yaşayırdıq, sonra isə 9-cu mikrorayona köçdük, orada 16 il yaşadıq. 1990-cı ildə məlum hadisələrə görə Ermənistana, sonra isə Rusiyaya köçdük. Amma harada olmağımdan asılı olmayaraq Bakı haqda xoş xatirələr daim qəlbimdədir.

– İrəvanda yerli əhali ilə dil tapa bilmədiniz, yoxsa nə?

– Necə deyim. Başa düşürsünüz, gözəl və böyük Bakıdan sonra Ermənistanın ucqarlarında yaşamaq çətin idi. Bakı həyatı özünü göstərirdi. Ona görə də oradan köçdük. Əvvəlcə Moskvaya, sonra isə Krasnodara getdik.

– Nə vaxtdan musiqi ilə məşğul olmağa başlamısan?

– Uşaqlıqdan. Hələ Bakıda musiqi məktəbinə gedirdim.

– Siz özünüz musiqi və söz yazırsınız?

– Çox vaxt hə, özüm yazıram. Bəzən də musiqiçi dostlarımın köməyindən istifadə edirəm.

– Keçmiş azərbaycanlı sinif yoldaşlarınızla, qonşularınızla əlaqəniz varmı?

– Əlbəttə. Biz müntəzəm olaraq zəngləşirik, ünsiyyət qururuq, ötən illəri birgə xatırlayırıq.

– Bəs Bakı haqda mahnılarınıza bakılı ermənilər necə münasibət bəsləyir? Dinləyirlərmi?

– Müxtəlif cür yanaşanlar olur. Kimisi doğma şəhərə dair xəyallara dalır, kimisi də qəhərlənib ağlayır. Neçə illər keçib, amma onlar hələ də Bakını unutmurlar. Axı Bakını necə unutmaq olar?

– Uşaqlığınızın şəhərinə qayıtmaq istərdinizmi?

– Əlbəttə! Bakının necə dəyişdiyini heç olmasa bircə anlığa da olsa görmək, uşaqlıq və gənclik illərimin keçdiyi o küçələrdə bird aha gəzmək istərdim. Sonda onu da deyim ki, mən Azərbaycan və Ermənistan siyasətçilərinin razılığa gələcəyinə, xalqlarımıza və evlərimizə sülhün qayıdacağına inanmaq istəyirəm.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın