Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / Bakıda şok qətl: ustanı öldürən milyonçu kimdir? – Foto 

Bakıda şok qətl: ustanı öldürən milyonçu kimdir? – Foto 

Dayımın ölümünə onlar səbəb olublar. Kişini boğaza yığıb həyatını məhv elədilər. İndi istintaqın obyektiv aparılmasını və günahı olanların mühakiməsini tələb edirik.

 

Bu sözləri Axar.az-a Füzuli rayon Horadiz qəsəbə sakini Cəmil Cəlilzadə deyib. Onun mebel ustası olan dayısı Coşqun Məmmədov iyulun 28-də işlədiyi sexdə müəmmalı şəkildə ölüb.

 

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşamış mərhum ürəyindən bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsindən verilən məlumatda Coşqunun borcu olduğuna görə özünü öldürdüyü bildirilib.

 

Yaxınları isə bu versiya ilə razılaşmır. Bacısı oğlu olan Cəmil Cəlilzadə deyir ki, dayısı qətlə yetirilib:

 

“Sabunçunun Komsomol dairəsindəki Sənaye Pedaqoji Kollecinə məxsus sexdə işləyirdi. Usta idi, mebel yığırdı, halal zəhməti ilə çörək qazanırdı. Mən də onun yanında çalışırdım. Bu günə kimi heç kəslə ədavəti olmayıb.

 

İyulun 2-də həmyerlimiz Cəlal Azad oğlu Hüseynzadə dayıma mebel sifariş verib. Cəlalın hardasa 25 yaşı var, avqustun 13-də toyu olacaq. Atası Azad Füzulinin Horadiz qəsəbəsində cərrah işləyir, imkanları genişdir, Bakıda biznesləri var.

 

İyulun 25-də Cəlal dayımın yanına gəldi, mebelin hazırlıqları barədə söhbət oldu. Dayıma dedi ki, mebelin lazım deyil, pulumu qaytar. Qabaqcadan 5 min manat vermişdi.

 

Bu pulun 3 min manatına aksessuar alınmalı idi. Sabahısı bazar günü idi. Aksessuarın bazardan alınması üçün 1-ci günü gözləmədilər, Cəlal pulunu tələb etdi. Dayım qısa vaxtda bu qədər pulu verə bilməyəcəyini dedi”.

 

Dayımı bir sutka girov saxladılar

 

C.Məmmədovun qohumu danışır ki, sonda tərəflər bu pulun müqabilində Coşqun ustanın özündən material almasına razılaşıblar. Ancaq çox keçməyib ki, Cəlalın atası rayondan zəng edərək anlaşmanı pozub və pulu geri istəyib.

 

“Cəlal və Coşqun görüşüblər. Dayımı bir sutka Yeni Yasamaldakı evində girov saxlayıb. Bunu mənə iş yoldaşımız Mahir danışıb. Həmin gün onlarla olub, gecə saat 2-dən sübh 5-ə qədər bir yerdə qalıblar, Cəlal onu hədələyib pulunu istəyib, vaxt qoyub. Mahiri də pul söhbətini həll etmək üçün dayım çağırıb.

 

Amma dayım səhər işə gəldi, hər şey qaydasında idi. Düzü, iyulun 27-də işləmədik, 28-i səhər Cəlalın maşını ilə birlikdə sexə gəldilər. Maşından düşəndə gördüm ki, Cəlal dayımı təhqir edir, söyür. Dedi, axşama kimi mebel tam hazır olmasa, səni boğazından sürüyüb kəndə aparacağam.

 

Sonra dayım əynini dəyişdi, işləməyə başladı, Cəlal əmisi oğlu Ayaza zəng edib sexə çağırdı. Cəlal, Ayaz və dayım sexin həyətində maşına minib getdilər.

 

Axşam saat 6 radələrində qayıtdılar. Dayımın rəngi-ruhu özündə deyildi. Dedi ki, məni bezdiriblər. Məndən siqaret alıb üstünü dəyişmək üçün sexin içərisinə keçdi.

 

Cəlaldan soruşanda, dedi ki, material almağa getmişdik, yük maşınına vurulub, bir azdan gələcək. Gözlədik, 2 saat ərzində material gəlib çıxmadı”, -deyə C.Cəlilzadə bildirir.

 

Dayım qan içində idi

 

Onun sözlərinə görə, dayısı sexin içərisinə keçəndən 7-8 dəqiqə sonra onlar da ora gediblər: “Azər adlı işçimiz var, mənə dedi ki, telefonu batareyası boşalıb, adaptrı ver.

 

Adapt üçün sexə girdik. Qapıdan içəri keçəndə gördüm ki, dayım üzü üstə uzanıb. Elə bildim yatıb, sonra gördüm qan içindədir. Həmin bu müddətdə Cəlal və əmisi oğlu Ayaz bizimlə çöldə olublar.

 

Qolunu qaldırdım, gördüm damarları doğranmayıb. Ağzı köpüklənirdi, ürəyində bıçaq zərbəsi vardı. Təcili tibbi yardımla xəstəxanaya apardıq, amma əməliyyatda keçindi.

 

Ürəyinə saplanan bıçaq sexin mətbəxində istifadə olunurdu. Dayım xırıldayaraq dedi ki, ölürəm, Cəlal, “qorxma, ölməzsən, yaran dərin deyil” dedi”.

 

Ölümün iki versiyası

 

Zərərçəkmiş hesab edir ki, ya Cəlalın sifarişi ilə tutulan qatil onu sexin içində vurub, ya da hansısa açıqlanmayan məsələ səbəbindən dayısını intihar həddinə çatdırıblar:

 

“Biz istintaqın obyektiv aparılmasını istəyirik. Çünki dayımı onlar boğaza yığdılar. Adamı girov götürmək, müxtəlif cür təzyiqlər etmək nə deməkdir? Hələ bilmirik ki, evlərində girov saxlayanda dayıma nə deyiblər, onunla necə rəftar ediblər.

 

Səbəbkarlar isə azadlıqda gəzir. Mebel ayın 2-də sifariş olunub, hər şey hazırlanmışdı. Amma onun yaxasından yapışıb əl çəkmədilər, kişiyə zülm elədilər”.

Atası dedi ki, Coşqunu həyatdan siləcəm

 

Mərhumun qardaşı Qoşqar Məmmədov bildirir ki, özü Horadizdə yaşayır:

 

“Atası Horadizdə cərrah işləyir, mənə telefonda dedi ki, mebel oğlumun toyuna kimi ləngisə, Coşqunu həyatdan siləcəyəm. Qardaşım kimi məni də bezdirmişdilər, hədələyirdilər.

 

Mebel avqustun 10-na kimi çatacaqdı. Onların tələsdirməyi ölümə səbəb oldu.

 

Bunların söhbəti budur ki, 500 manatlıq material alınmayıb. Qardaşım da dedi ki, 3800 manat xərcim çıxıb. Bu iş olandan sonra Sabunçu rayon prokuroru Ceyhun Şirinov icazə verib ki, gedib mebeli götürsünlər. Polisin hadisə yerində möhürü olmalıdır, amma açıb götürüblər. Bizim tək istəyimiz odur ki, qardaşımın ölümünə səbəb olan Cəlal və atası layiqli cəzasını alsın. Onların imkanları həddən artıq genişdir, ehtiyat edirik ki, istintaqa hansısa formada təsir edərlər. Biz artıq bu işlə bağlı Baş Prokurorluğa da müraciət etmişik”.

 

Həmçinin oxuyun

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

Məşhur filmdə deyildiyi kimi, “xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”. …

Bir cavab yazın