Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakıda qucaqlaşmaya görə qətl – sosioloq “ictimai qınaq olmalıdır” deyir

Bakıda qucaqlaşmaya görə qətl – sosioloq “ictimai qınaq olmalıdır” deyir

Əhməd Qəşəmoğlu: “Biz Azərbaycanda yaşayırıq və bu cəmiyyətin özünəməxsus adət-ənənəsi var…”

Xəbər verdiyimiz kimi, bu günlərdə Bakıda qətl hadisəsi baş verib. Belə ki, oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində 1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar. Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib. Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Qeyd edək ki, bu məsələ ictimaiyyətdə xeyli müzakirələrə yol açıb. Əksəriyyət gəncləri ictimai yerdə qucaqlaşdığı üçün, digər qisim isə onlara müdaxilə edən, öldürülən şəxsi qınayıb. Xatırladaq ki, bundan əvvəl də bu cür hadisələr baş verib. Məsələn, iki il öncə metroda iki gənc öpüşdüyü üçün təzyiqə məruz qalmışdı və məsələ ölkə gündəmində xeyli müzakirə olunub, reaksiyalar bildirilmişdi.

Bəs küçədə qucaqlaşmaq nə dərəcədə ictimai qınaq yaradır?

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Hər zaman bu cür olaylara münasibət bildirəndə çalışıram ki, heç vaxt  hissə qapılmayım, məntiqlə məsələni izah edim. Əslinə qalsa liberalizmdən qalma səhv fəlsəfə var ki, ”mən özüm üçünəm, başqası mənim işimə qarışmasın, insan həyatda nə istəsə onu edə bilər”. Məntiqlə də bu səhv ideyadır, çünki insan eyni zamanda sosial varlıqdır. Sosial varlıqdır isə o deməkdir ki, cəmiyyətin müəyyən qayda-qanununa uyğun yaşamağa borcludur. Çünki insanın həyatda ən böyük təyinatı, missiyası elə o ahəngi yaratmaq, ona kömək etməkdir. Ahəngi pozmaq o zaman olar ki, sən mübarizə aparırsan və sonda yeni ahəng yaranır. İnsanın əsas missiyası budur. Məsələn, biz hər hansı bir evi uçurduruq ki, daha yaxşısını tikək. İndi cəmiyyətdə bu cür kimin kefi nə cür istəyirsə, o cür etməyi sonda yaxşı nəticəyə gətirib çıxarmır, cəmiyyətdə gərginlik yaradır. İnsan çalışmalıdır ki, yaşadığı cəmiyyətdə gərginlik yaratmasın.

Biz Azərbaycanda yaşayırıq və bu cəmiyyətin özünə məxsus adət-ənənəsi var.  Qucaqlaşmaq, şit hərəkətlər əsrlər boyu xoş qarşılanmayıb. Bəzən mən özüm də  bu cür davranış nümayiş edənlərə irad bildirmişəm. Məsələn, 20 Yanvar olayları zamanı biz şəhidləri dəfn etmişdik. İki gün sonra xiyabandan keçəndə gördük ki, dəfn etdiyimiz şəhidlərin məzarının yaxınlığında iki gənc skamyada qucaqlaşıb. Həmin zaman irad bildirdim ki, “camaat, bütün ölkə qan ağlayır, siz isə burada qucaqlaşırsınız, başqa yer tapmadınız?” Hətta yaşımın elə vaxtı idi ki, bəlkə də gənc oğlanı döyə bilərdim.

İndi qaldı ki, şəhərin mərkəzinə, axşamlar elmlər akademiyasından çıxanda görürük ki, gənclər skamyada qucaqlaşır. Bu, tərbiyəsizlikdir. Gərək akademiyanın qarşısında, insanların işdən çıxdığı bir ərəfədə öz hisslərini nümayiş etsinlər? Başqa yer yoxdur bunun üçün?

Beləliklə, çalışmaq lazımdır ki, əxlaqi, mənəvi dəyərlərimiz ortadan çıxmasın. Ona görə də kimsə bunu pozursa, bəlkə də bilməyərəkdən ölkədəki ab-havaya da pis təsir edir. Bu məsələlərə ictimai qınaq güclü olmalıdır.

O ki qaldı sonuncu hadisəyə, baxmaq lazımdır ki, irad bildirən şəxs bunu hansı tonda, hansı sözlərlə bildirib. Aydın məsələdir ki, iradın da öz çərçivəsi, sərhədi olmalıdır. Ola bilər ki, sən sözü elə deyərsən ki, qarşıdakı tərəf utanar və yaxud elə tonda deyərsən ki, səni öldürərlər”.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …