Bazar ertəsi , May 23 2022
Ana səhifə / Cəmiyyət / Bakıda qanunsuz park “xidmətlərinə” son verilir?

Bakıda qanunsuz park “xidmətlərinə” son verilir?

“Uzun zamandır etdiyimiz təkliflərimizə gözlənilən qərar gəldi”. 
Bunu nəqliyyat üzrə ekspert Aslan Əsədov yol polisinin Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlaması haqqında danışarkən deyib. O bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə vətəndaşlar və özü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ediblər:
“Gündəlik olaraq avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsinə çox saylı müraciətlər daxil olur”. 
Ekspert bildirib ki, qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var:
“Hər hansı ərazidə dayanan əməkdaşa ödəniş edən zaman bəzən üstündən 5 dəqiqə keçmədən 20 manatlıq cərimə SMS-i gəlir. Hətta bəzən gün ərzində bu SMS-lərin sayı orta hesabla iki və ya üçə çatır”. 

Aslan Əsədov qeyd edib ki, dayanacaqlarda park olunan avtomobillərə BNA və YPX əməkdaşları tərəfindən cərimənin yazılması, ərazidə quraşdırılan kameralara görə əsaslandırılır. Ancaq kameraya ehtiyac olmadığı halda quraşdırıldığı ərazilər onlarladır:
“Düzdür, təhlükəsiz şəhər kameraları lazəmdər ki,cinayətkarlıqla mübarizə üçün sərf olunsun. Lakin hətta 2-3 dəqiqəlik durma üçün cərimə yazılması vətəndaşı narazı salır”. 
O qeyd edib ki, şəhər ərazilərində metro yaxınlıqlarında onlarla hektarlıq boş ərazilər var ki, istifadəsiz qalıb. Məsələn, vətəndaşlar üçün “Koroğlu”, “Ulduz”, “Avtovağzal”, “Dərnəgül” metro stansiyası ətrafında kifayət qədər boş ərazilər var ki, gündəlik parklanma üçün istifadəyə verilə bilər. Şərait yaradılsa, bu ərazilərdə, xüsusən şəhər mərkəzində, metrolara yaxın ərazilərdə işləyənlər avtomobillərini park edə bilərlər.
Qeyd edək ki, dünən Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlanıldığını deyib. 
O bildirib ki, son günlər bəzi vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.
V.Əsədov qeyd edib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parklanma kimi istifadə olunması və bunun müqabilində müxtəlif şəxslər tərəfindən vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb: “Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər. Təbii ki, yol hərəkəti qaydaları müzakirə edilmədən yerinə yetirilməlidir. Bununla da qanunun aliliyi təmin edilməlidir.
V.Əsədov vurğulayıb ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə tədbirlər planına start verib.

Həmçinin oxuyun

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din …