Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Cəmiyyət / Bakıda psixoloq qiymətləri – 45 dəqiqə 90 manat…

Bakıda psixoloq qiymətləri – 45 dəqiqə 90 manat…

Əvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar çoxdur. Aydındır ki, müasir dövrdə psixoloq xidmətlərinə tələbat xeyli artıb. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacı var.

Beləliklə, son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tutmaqdadır. Qiymətlər isə “göz yandırır”.

Bəs hazırda  Bakıda psixoloqların qəbulu neçəyədir?

Məsələ ilə bağlı kiçik araşdırma etməyə çalışdıq. Məlum oldu ki, Bakıda psixoloq qəbulunun bir seansı orta hesabla 30-50 manatdan başlayır.

Məsələn, “Psixoloji Yardım Mərkəzi”ndə böyüklər üçün həftədə 1 dəfə seans qiyməti 90 manatdır. Seans 1 saat davam edir. Həftədə 2 seansın qiyməti 79, 3 dəfənin qiyməti isə 120 manatdır. Həftədə 1 dəfə qrup terapiyası 35 manatdır. Uşaqlar üçün isə qiymətlər qismən fərqlidir. Həftədə 1 dəfə, 45 dəqiqəlik seansın qiyməti 90 manat, həftədə 3 dəfə olan seansın qiyməti 250 manatdır. Uşaqlar üçün həftədə 1 dəfə keçirilən qrup terapiyasının qiyməti 50 manatdır.

Psixoloq kimdir? - İXTİSAS.AZ - İxtisas seçimi bələdçisi

“Humel” Psixologiya Mərkəzində isə qiymətlər 30 manatdan başlayır. Uşaqlar üçün isə qiymət 25 manatdır.  Mərkəzin əməkdaşının verdiyi məlumata görə, pasiyentlər ilk öncə diaqnostikadan keçir, daha sonra ona neçə müddət seansa gəlməli olduğu bildirilir. Adıçəkilən mərkəzdə qrup şəklində terapiya yoxdur.

“Praktik Psixologiya Mərkəzi”ndə böyüklər üçün fərdi qiymət 40, uşaqlar üçün isə 30 manat, ailəvi konsultasiya isə 50 manatdır.

“USL Club”da isə həm böyüklər, həm də kiçiklər üçün psixoloji xidmət haqqı 100 manatdır. 

“PSC Psixologiya Mərkəzi”ndə isə böyüklər və kiçiklər üçün qiymət 50 manat olsa da, ailəvi konsultasiya üçün 100 manatdır.

Digər psixoloq mərkəzlərində də qiymətlərin təxminən 30-100 manat arasında dəyişdiyini müşahidə etdik. Maraqlıdır ki, bir çox mərkəzlərdə rus dilində psixoloq xidməti yoxdur. Olanlarda isə qiymət demək olar ki, iki dəfə bahadır. Məsələn, rus dilində fərdi şəkildə psixoloq qəbuluna düşmək üçün 150-200 manat, qrup şəklində isə 100 manat ödəmək lazım gəlir.

Bəs məşhur psixoloqların qəbul qiyməti neçəyədir?

Psixoloq Elnur Rüstəmov bu və digər məsələlərlə bağlı “Yeni Müsavat”a danışıb: “Yapon mütəxəssisləri bildirirdilər ki, 21-ci əsr psixologiya əsri olacaq. Yəni insanlar arasındakı münasibətlər məhz psixologiya ilə tənzimlənəcək. Cəmiyyət, sivilizasiya inkişaf etdikcə, sırf bu müstəvidə proseslər idarə olunmağa başlayır. Yəni psixoloji dəstəyin göstərilməsi bir zərurətdir.

Psixoloq Elnur Rüstəmov - YouTube

Psixoloji yardım haqqında xüsusi qanun var. Bu qanunda psixoloji yardımın göstərilməsinin prinsipləri öz əksini tapıb. Burada hansı formada, kim necə psixoloji yardım göstərir, göstərə bilər və sairə. Dövlət tərəfindən də psixoloji yardım dəstəyi var. Bura ümumtəhsil müəssisələrində olan, həmçinin əlillələrə, məişət zorakılığına məruz qalan, müvəqqəti saxlanılma yerində, islah əmək düşərgəsində, silahlı qüvvələrdə olan insanlara psixoloji yardım göstərilməsi daxildir. Yəni əhalinin böyük hissəsi dövlət hesabına psixoloji yardım ala bilər”.

Elnur Rüstəmov qeyd edib ki, psixoloji yardımların verilməsi üçün hazırda peşəkar kadr çatışmazlığı var: “İxtisaslaşmış kadrların olması olduqca vacibdir. Məsələn, bizdə sırf ailə psixoloqu sahəsi üzrə ixtisaslaşma yoxdur. Bizdə təhsildə, sadəcə, sosial-psixoloji xidmət və ümumi psixologiya var. Sevindirici haldır ki, hazırda ölkəmizdə sənaye və menecment psixologiyası ixtisası var.  Hansı ki, bu istiqamətdə irəlidə bu cür kadrlara böyük ehtiyacımız olacaq. Yəni bütün bunlar zamanla formalaşacaq.

Bu sahədə təhsil almaq istəyən və yaxud təhsil alıb sonradan işləməyən, lakin bu gün işləmək istəyən, yenidən hazırlanan, ixtisas dəyişdirən insanlar var ki, onlar da bu sahə üzrə hazırlanır. Əlbəttə ki, bu onların hüquqlarıdır, yetər ki, qanunun tələb etdiyi sənədi olsun”.

Elnur Rüstəmov qəbul qiymətini də açıqlayıb: “Mənim qəbuluma yazılma 50 manatdır. Bura psixoloji diaqnostika və psixoloji seansın aparılması da daxildir. Bəzən bu qiymət 30-25 manat arasında dəyişir. Amma qeyd edim ki, əksər hallarda insanlara kömək etmək üçün ödənişsiz xidmət göstərirəm. Bəzən olur ki, insanların imkanı olmur, amma psixoloji yardım üçün görüşmək istəyir, onları heç bir zaman geri çevirmərəm. Burada məqsəd insanlara faydalı olmaq, kömək etməkdir.

Ümumilikdə götürəndə ölkəmizdə psixoloji məsləhət baha deyil. Bəli, ayrı-ayrı psixoloqlar var ki, 100, hətta 200 manata qəbul edir. Bu, fərdi şəkildədir. Lakin qeyd etdiyim kimi,  bütövlükdə götürdükdə xarici ölkələrlə müqayisədə bizdə psixoloji yardımın qiyməti o qədər də baha deyil. Əgər psixologiya cəmiyyətin ictimai taktikasına çevrilərsə, bu zaman cəmiyyətdə həm aqressiya azalar, ailədaxili konfliktlər müəyyən qədər tənzimlənər, həm də digər sosial problemlər öz həllini tapmış olar”.

Həmçinin oxuyun

Polad Həşimovun qızı məzun oldu: “Atam yanımda olsaydı…”

Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Builki məzunlar sırasında Azərbaycanın Milli …