Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Bakıda İran və Səudiyyə səfirliklərinə mümkün təxribatın son hədəfi…

Bakıda İran və Səudiyyə səfirliklərinə mümkün təxribatın son hədəfi…

Arzu Nağıyev: “Düşünmürəm ki, bu hansısa təxribat ehtimallarından irəli gəlir”

“Bununla belə, Azərbaycan tərəfi bütün halları nəzərə almalı və qabaqlayıcı addımlar atmalıdır”

Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib. Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb.
Polislərin verdiyi məlumata görə, əvvəlki günlərlə müqayisədə diplomatik nümayəndəliyin təhlükəsizliyinin qorunmasına daha çox əməkdaş cəlb olunub.
Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib. Səudiyyə Ərəbistanı səfirliyi kimi İran nümayəndəliyi də ciddi mühafizə olunur.
2 ölkə arasında yaranmış gərginliklə bağlı İran və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirlikləri bəyanat veriblər.
İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin ANS-ə açıqlamasında bildirib ki, din xadiminin edam edilməsi islam dünyasında böyük hadisədir: “Şeyxin edamı beynəlxalq standartlar və insan hüquqlarının pozulmasıdır. Bu, islam dünyasında parçalayıcı siyasətin və ekstremist terrorçuların dəstəklənməsinin davamıdır. Əlbəttə, dünya müsəlmanları Nimr əl-Nimrin edamından narazıdır və bu cinayəti törədənlərə öz etirazını bildirir. Dünya müsəlmanlarının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən istəyi budur ki, bu cinayətə reaksiya versinlər və hadisəni beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirsinlər”.
Səudiyyə Ərəbistanının səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim isə deyib ki, Səudiyyə Ərəbistanı kralları krallıqda terrorçuluq barəsində icra olunan şəriət hökmlərinə qarşı İran rejiminin verdiyi bütün aqressiv açıqlamalara kəskin etiraz edir. “İran rejiminin açıqlamaları rəsmi Tehranın terroru dəstəkləyən əsl simasını göstərir. Bu isə onun region dövlətlərində sabitlik və təhlükəsizliyi pozmaq siyasətinin bir davamı hesab olunur”, – deyə səfir açıqlamasında bildirib.
İki ölkə arasında münasibətlər, Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla, “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.
Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Səudiyyə hökuməti iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Hər halda, Azərbaycan tərəfi də ölkə ərazisində hansısa təxribatın törədilə biləcəyini əsas gətirərək hər iki ölkə səfirliyinin binasının mühafizəsini gücləndirib. Bu istiqamətdə gözlənilən təxribatların hədəfləri nə ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, rəsmi Bakı doğru olaraq bu addımı atıb: ” Düşünmürəm ki, bu hansısa təxribat ehtimallarından irəli gəlir. Bununla belə, Azərbaycan tərəfi bütün halları nəzərə almalı və qabaqlayıcı addımlar atmalıdır. Çünki bu həm də regionda baş verən və maraqlı dövlətlərin ata biləcəyi addımlardan da irəli gəlir. Məlumdur ki, İran Azərbaycanla qonşu dövlətdir və 30 milyondan çox həmvətənimiz orada yaşayır. Səudiyyə Ərəbistanı da strateji tərəfdaşımızdır və Ermənistanla diplomatik əlaqəsi olmayan bir neçə müsəlman dövlətindən biridir. Bütün bunlar da fakt kimi nəzərə alınmalıdır. Eyni zamanda, tolerantlıqda bəlkə də dünyada analoqu olmayan bir ölkə kimi Azərbaycanda da müxtəlif məzhəbli vətəndaşlarımız var. Bütün bunlar da nəzərə alınmalı və vaxtında tədbirlər görülməlidir. Yəni bu gün səfirliklərin mühafizəsinin gücləndirilməsi müsbət bir hal kimi qiymətləndirilməlidir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın