Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda indi də taksi tapılmır…

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır.

“Qafqazinfo” xəbər verir ki, sərnişinlər artıq paytaxtda taksi tapmaqda çətinlik çəkdiklərini vurğulayır, qiymətlərin yüksəldiyini deyirlər. 

Taksi xidməti göstərən nəqliyyat vasitələrinə və sürücülərə qoyulan tələblər, həyata keçirilməsi planlaşdırılan addımlar bu xidmətin gələcəyi ilə bağlı müəyyən suallar yaradır. Yaranmış vəziyyət fonunda paytaxtda taksi xidməti göstərən nəqliyyat vasitələrinin sayında bir qədər azalma, aşkar şəkildə qeyri-qanuni fəaliyyət göstərən taksilərin isə ehtiyatlı davranması da müşahidə edilir.

Nəticədə son günlər qiymət artımı fonunda vətəndaşlar hətta pik olmayan saatlarda belə taksi tapa bilmədiklərini bildirirlər. Onlar əvvəllər 1-3 dəqiqəarası intervalla gələn maşınları, indi 10-15 dəqiqə gözləməli olduqlarını vurğulayırlar. Xüsusilə Bakıətrafı kəndlərdə yaşayanlar şəhərin mərkəzinə nisbətən daha çox əziyyət çəkirlər. Həmin ərazilərdən şəhərə gələn ictimai nəqliyyatın əlverişsiz olduğunu nəzərə alsaq, problemin mahiyyəti də böyüyür. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də yaydığı açıqlamada müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula biləcəyini bildirib: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov saytımıza bildirir ki, taksilərin sayının azalması şəhər mühitinin sağlamlaşması baxımından vacib olsa da, bu islahatları həyata keçirərkən bütün ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi vacibdir: “Hazırda ölkəmizdə fəaliyyət göstərən taksilər 2 qrupa bölünür. Söhbət yalnız Bakıdan yox, Azərbaycandan gedir. Biri ənənəvi taksilərdir, digəri isə taksi sifarişi operatorları üzərindən fəaliyyət göstərənlərdir. Ənənəvi taksilərdə illər öncə olduğu kimi, qiymətlərin dəyişməsi ilə bağlı məlumat yoxdur. Amma taksi sifarişi operatorlarında qiymətlərin artması ilə bağlı məlumatlar olsa da, bunlar rəsmi deyil”.

Ekspert hesab edir ki, hazırkı şəraitdə taksi qiymətlərinin artmasına ciddi səbəb yoxdur: “Düzdür, bizdə nəqliyyatı tənzimləyən dövlət qurumları illər öncə səsləndirmişdilər ki, guya taksi xidmətlərinin qiymətlərini qaldırsalar, insanlar ictimai nəqliyyatdan daha çox istifadə edəcək. Mən düşünürəm ki, bu belə deyil, insanları məcbur etmək düzgün deyil. Kim belə düşünürsə, doğru fikirləşmir. Yanaşma fərqli olmalıdır. İctimai nəqliyyat inkişaf edərək şaxələndirilməlidir. Yüksək komfort olmalı, avtobuslar dəqiq qrafiklə işləməli, ölkənin hər yerini – xüsusilə Abşeron yarımadasını əhatə edən şəbəkə yaradılmalıdır.

Əlçatımlılıq 100 %-ə yaxınlaşdırılmalıdır. Ən başlıcası isə avtobusların işləmə qrafiki dəqiq olmalıdır. Yəni hər kəs bilməlidir ki, getdiyi yerdə avtobus, metro var və həmin avtobus, metro dəqiq, fasiləsiz işləyir. İnsanlar da belə halda təhlükəsiz və rahat şəkildə, vaxtında mənzilbaşına çatar. Belə tədbirlər görülsə, insanlar kütləvi şəkildə ictimai nəqliyyata keçməyə başlayacaqlar”.

Ə.Hüseynov düşünür ki, yenilikləri həyata keçirərkən ehtiyatlı olmaq lazımdır. Əgər yanlış addımlar atılarsa, tıxaclar da artacaq və insanlar fərdi avtomobil almağa daha çox meyl edəcəklər: “Düşünürəm ki, taksi qiymətlərinin qaldırılması ilə bağlı fikirlər yanlışdır. Belə olarsa, iki fəsad yaranacaq. Taksilər qeyri-leqal fəaliyyət formasına keçəcəklər. İnsanları çəkindirən digər tədbirlər görülsə ki, taksilər azalsın, həmin insanlar bu işlərlə qeyri-leqal məşğul olmağa başlayacaqlar. Buna nəzarət isə asan deyil. Həmçinin qiymətlərin artırılması ilə taksilərdən kütləvi istifadə edən adamlar fərdi avtomobillər əldə etməyə başlayacaq, bu da tıxacı artıracaq. Sadəcə taksilərin qiymətinin süni şəkildə artırılması yanlış fikirdir. Taksilərin qiymətlərində artım varsa, bunun iqtisadi əsası yoxdur.

Taksi fəaliyyəti sərbəst sahibkarlıq fəaliyyətidir, qiymətlər tənzimlənmir, bunu bazar özü edir. Bazara da iqtisadi mexanizmlər təsir göstərir. Hazırda qiymət artımına real yox, psixoloji təsirlər var. Taksi sahəsindəki tələblər icra olunarsa, köhnə avtomobillərin taksi fəaliyyətində istifadəsi məhdudlaşa bilər. Belə olan təqdirdə bu, taksilərdə xidməthaqqına təsir edə bilər. Çünki burada maya dəyərinə təsir edən element var. Amma kütləvi sürətdə bu işə başlanılmayıb. Bunu gələcək göstərəcək”.

O vurğulayıb ki, son vaxtlar edilən dəyişikliklər qanunvericilik baxımından məqbul sayıla bilər. Lakin prosesin nə dərəcədə uğurlu olub-olmaması təcrübədə müəyyənləşəcək: “Xüsusi vurğulamaq istəyirəm ki, taksi sahəsində nəzərdə tutulan bu yeniliklər və islahatlar o vaxt uğur qazanacaq ki, ictimai nəqliyyat inkişaf eləsin. İctimai nəqliyyatda radikal dəyişikliklər baş verməmiş, ən azından bu proses başlamadan taksi xidməti sahəsində əhəmiyyətli yeniliklər gözləmək sadəlöhvlük olar”.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …