Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bakı yaxınlığında labirint: nə giriş mümkündür, nə çıxış

Bakı yaxınlığında labirint: nə giriş mümkündür, nə çıxış

Artıq 5-6 aydır ki, Novxanı yolunda təmir işləri aparılır. Bir müddət əvvəl yol avtomobillərin hərəkəti üçün tamamilə bağlanıb. Əraziyə daxil olan avtomobillər dənizkənarı yola çıxmaq üçün Novxanının dar, dolanbac küçələrini gəzməli olur.

Sakinlərin sözlərinə görə, bu küçələrdən dənizə olan çıxış yolları da bağlanıb. Yəni Novxanıdan dəniz kənarına getmək müşkül məsələyə çevrilib.

Ötən gün Sputnik Azərbaycan əməkdaşı dənizə getmək üçün Novxanı yoluna üz tutub. Qeyd edək ki, yolda bizdən başqa da onlarla avtomobil dəniz istiqamətində hərəkət edirdi. Novxanıya “giriş” yolu açıq olduğu üçün, bu, şəhərdən gələn sürücülərdə çaşqınlıq yaradırdı. Sürücülər qəsəbəyə daxil olurdular, ancaq qəsəbədən çıxmaq, dəniz yolunu tapmaq o qədər də asan məsələ deyildi. Bir müddət təmir işləri aparılan yolla hərəkət etdikdən sonra yolun açıq hissəsi bitdi. Qarşıda keçməyə yer qalmamışdı. Bütün avtomobillər sırayla qəsəbədaxili yollarla hərəkət etməyə çalışırdı. Böyük bir tıxac yaranmışdı. Üstəlik, heç kim də yolu yaxşı tanımırdı. Yolu tapmaq üçün uzun müddət dar küçələrdə hərəkət etdikdən sonra nəhayət əsas yolu tapa bildik.

İstirahət günü olduğu üçün çox adam Novxanıya üz tutmuşdu. Amma arzulanan istirahət öz yerini “qəsəbədən çıxmaq üçün mübarizə”yə vermişdi. Arxadan onlarla avtomobil hərəkət etdiyinə görə, geri qayıtmaq mümkün deyildi, irəlidə isə yol bitmirdi. Bəzi sürücülər yorulub, avtomobilini kənara çəkir, irəli getməkdən imtina edir, bəziləri isə geri qayıtmaq üçün yol axtarırdı.

Sürücülərin hamısı bu vəziyyətlə bağlı narazılığını bildirirdilər. Sürücü Samir Süleymanov deyir ki, yay aylarında bu yolun təmir edilməsi normal hal kimi qəbul edilməməlidir: “Dəniz kənarında onlarla istirahət mərkəzi var. Bu, dincəlmək istəyənlərlə yanaşı, həmin mərkəzlərə qarşı da qərəzli mövqedə olmaq deməkdir. Bu gün istirahət günümüzdür. Düşündüm ki, ailəmlə istirahət edərəm. Amma 3 saatdır ki, dəniz kənarına çıxmağa yol axtarıram. Bu, nə özbaşınalıqdır, başa düşmürəm”.

Digər sürücü Nailə İlkin deyir ki, hər il istirahət üçün Novxanıya dənizkənarı istirahət mərkəzlərinə üstünlük verib. Bu il də istirahətini Novxanıda keçirməyi düşünürmüş: “Bu yolu 5-6 aydır təmir edirlər. Bu mövsüm daha bura gəlmək olmaz. Deyirlər, “Sumqayıt yolu ilə gedin”. O yol da çox uzaqdır. Novxanının dənizi təmiz olduğu üçün bura üstünlük verirdim. Heyf”.

Kənd sakini Tofiq İsmayılovun sözlərinə görə, bu, Abşeron Rayon İcra Hakimiyyətinin qərəzli mövqeyidir: “Əvvəllər bir çox istirahət mərkəzləri Abşeron Rayon İcra Hakimiyyətinin balansında idi, istədikləri kimi nəzarət edirdilər. Sonradan bütün mərkəzlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə verildi. Mənə elə gəlir ki, Abşeron Rayon İcra Hakimiyyəti istədiyi kimi nəzarət edə bilmədiyi üçün, o əraziyə gedən bütün yolları bağlayıb. Başqa ağlıma heç nə gəlmir…”

Yol kənarında olan obyektlərin sahibləri də hallarından razı deyillər. Hesab edirlər ki, yolun təmirə bağlanması onların ticarəti üçün də müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

Abşeron Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ərazidə təmir işləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir: “Layihə dövlət layihəsidir. Yolların çəkilməsinə soyuq, yağışlı havalar uyğun olmadığı üçün, yolun məhz bu aylarda bərpasına qərar verilib”. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əlaqə yaratmaq istəsək də, şöbələr məsələni bir-birinə yönləndirdi və bizim sualımız cavabsız qaldı.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın