Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Bakı Neft-Energetika Kollecində narazılıq – ŞİKAYƏT VAR

Bakı Neft-Energetika Kollecində narazılıq – ŞİKAYƏT VAR

İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Bakı Neft-Energetika Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Bakının Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar yeni başlanmış tədris ilində də davam etməkdədir. Xatırladaq ki, Təhsil Nazirliyinin tabeliyindəki bu təhsil müəssisəsində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Mənbələr xəbər verir ki, Mehman Abduləzizovun direktorluq etdiyi bu kollecdə təhsil alan tələbələr son sessiya imtahanlarını da “xüsusi proqram” əsasında verməli olmuşdular. Yeni tədris ilinin başlanması ilə də birinci kurs tələbələrindən tələb biletlərinin təqdim olunması “münasibətilə” 30 manatdan pul yığılmışdır. Qeyd etmək lazımdır ki, əvvəllər də aldığımız bir çox digər məlumatlarda bu təhsil ocağının direktor Mehman Abduləzizov tərəfindən öz şəxsi biznesi kimi idarə olunduğu iddia olunurdu. Tələbələrin şikayətində bildirilir ki, son imtahanlar zamanı hər bir tələbədən 350 manat rüşvət yığılıb. Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, hazırda təhsil müəssisəsində müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Bakı Neft-Energetika Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. İddialara görə bu gün kollecdə istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Bu xüsusda kollec daxilində olan mənbələrdən biri tərəfindən mətbuata təqdim olunan məlumatda oxuyuruq: “Mehman Abduləzizov öz havadarlarının adından sui-istifadə etməklə əlindən pis nə gəlirsə, həyata keçirir. Onun rəhbərlik etdiyi kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiyalar, mənimsəmə faktları, dərsdənyayınmalar, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib. Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Mehman Abduləzizovun kollec maxinasiyaları cəmiyyətdə ikrah hissi doğurub…”

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Bolgexeber.com

Həmçinin oxuyun

Bakı Avropa Liseyində “Asiya ənənələri”… – İDDİA

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də …

Bir cavab yazın