Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakı meriyasının mətbuat xidmətilə əlaqə müşküldür – sualları katibələr cavablandırır

Bakı meriyasının mətbuat xidmətilə əlaqə müşküldür – sualları katibələr cavablandırır

Məlum olduğu kimi, Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib. Sərəncama əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:
– işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
– işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
– işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
– işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək.
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
– işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;
– işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli, 342 s nömrəli sərəncamının 2-ci hissəsində “iyunun 10-dan 30-dək” sözləri “mayın 1-dən iyulun 1-dək” sözləri ilə əvəz edilir.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılmasını təmin etsinlər. Eləcə də Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qanunsuz parklanma hallarının aradan qaldırılması üçün kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidir.
Avropa Oyunları ilə bağlı dəyişən iş qrafikinə hansı formada nəzarət olunur?
Göründüyü kimi, iş qrafikinə nazarət etməklə bağlı əsas yük Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. Bu səbəbdən də həmin qurumla əlaqə saxlayaraq yeni iş qrafikinə hansı formada nəzarət olunduğu ilə maraqlandıq. Qurumun internet saytından götürdüyümüz nömrələrlə əlaqə saxladıq. Məsləhət bilindi ki, bu barədə məlumat almaq üçün mətbuat xidməti ilə əlaqə saxlayaq. Gün ərzində mətbuat xidmətinin 492-56-87 nömrəli telefonuna etdiyimiz zənglərə cavab verən tapılmadı. Meriyanın ümumi şöbəsindən isə bizə məsləhət gördülər ki, bu işə məsul olan Şəhər Təsərrüfat Şöbəsinin müdiri Xalid Tağı Oğlu Ələkbərovla əlaqə saxlayaq. Verilən nömrəyə zəng etdik. Dəstəyi qaldıran və özünü Xalid müəllimin köməkçisi kimi təqdim edən xanım bildirdi ki, Xalid müəllim hər gün iş qrafikinə nəzarətlə bağlı mətbuata geniş açıqlamalar verir və onun fikirlərilə oradan tanış ola bilərik. Ancaq bizim internetdə Xalid müəllimin adı ilə bağlı deyilən istiqamətdə verdiyimiz axtarışlarda heç bir məlumat əldə edə bilmədik.
Bu səbəbdən də məcbur qalıb müstəqil ekspertlərin fikrini dinlədik.
Sosial məsələlər üzrə ekspertlərin fikrincə, iş qrafikinin dəyişdirilməsilə bağlı konkret sərəncam verilib: “Bilirsiniz ki, ölkəmiz böyük bir idman yarışına ev sahibliyi edəcək. Xüsusilə də Oyunların böyük hissəsinin keçiriləcəyi paytaxt Bakıda izdiham daha böyük olacaq. İş qrafikinin dəyişdirilməsilə bağlı sərəncam sıxlığın qarşısını almağa hesablanıb. Sərəncamda konkret göstərişlər öz əksini tapıb. Nəzarət isə müvafiq icra hakimiyyəti tərəfindən təlimata uyğun həyata keçirilməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın