Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın bacısına dələduzluq ittihamı

Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın bacısına dələduzluq ittihamı

“Uzun müddətdir döşəməsi sökük, tavanı uçuq olan dəhlizdə gecələyirəm. Evimi əlimdən alıblar, mənzilimdə yaşaya bilmirəm”.

Azinforum.az xəbər verir ki, bunu Strateq.az-a açıqlamasında məhkəmə və məmur özbaşınalığı ilə üzləşən Bakı şəhər sakini Yelena Berezinskaya deyir.

Şikayətçi deyir ki, məhkəmələrin ədalətsiz qərarlarına görə bəzən qonşuların evində, bəzən isə hamının ötüb keçdiyi, əşyalarının bayıra atıldığı darısqal yerdə gününü keçirir. Yaxşı ki, mənzilindən bir divanı çıxara bilib. Onun üstünə pal-paltarını yığır, həm də yatır. Heç kimi olmayan Yelena Berezinskayanın həyat yoldaşı Yuri Vaznyak uzun illər əvvəl dünyasını dəyişib, övladı da bir neçə il qabaq vəfat edib.

Tənhalığından istifadə edənlər Yelena Berezinskaya məxsus olan mənzili, özü də Bakının mərkəzində, Nizami küçəsi (“Torqovı” adlanan ərazi-red) ev 77, mənzil 90 ünvanında yerləşən mülkü ələ keçiriblər.

Şikayətçi iddia edir ki, evini qanunsuz şəkildə qonşusu Əskinaz Abbasova zəbt edib.

Yelena Berezinskaya deyir ki, Əskinaz Abbasova məhkəmə çəkişmələrində bacısının vəzifə səlahiyyətlərindən istifadə edərək qərarları öz xeyrinə təmin edir:

“Bakı Apellyasiya Məhkəməsinin hakimi olan Səriyyə Seyidova bacısı Əskinaz Abbasovaya qahmar çıxaraq, məhkəmə qərarlarına birbaşa təsir edir. İnanıram ki, mediada şikayətim yayılandan sonra Səriyyə Seyidova aprelin 15-də Bakı Apellyasiya məhkəməsində keçiriləcək məhkəməyə öz nüfuzundan istifadə edib, təsir etməyəcək. Əksinə, ədalətin təmininə dəstək olacaq”.

Evinin sənədlərini təqdim edən mülk sahibi bildirir ki, ona aid 90 saylı mənzilin 19 kvadrat metr sahəsi olan bir otağı qonşusu, 91 saylı mənzilin mülkiyyətçisi Əskinaz Abbasovanın evinə birləşdirilib.

Bundan başqa, mübahisəli əmlakınYelena Berezinskaya aid olmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Zəfər Abdulovun ünvanlanan müraciətə verdiyi cavabda təsdiqləyir. Evinin qeydiyyat vəsiqəsinin (kupça) olmasının da ona heç bir köməyi dəyməyib.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Fəqan Əhmədovun çıxardığı qərarda isə göstərilir ki, ümumi sahəsi 65,5 kvadrat metr olan mənzilinY.Berezinskayanın adına 2012-ci ildə özəlləşdirilməsi haqda nə cavabdeh Nəsimi rayon İcra Hakimiyyətində, nə ona tabe qurumda, nə də 48 saylı Mənzil-Kommunal İstismar Sahəsində (MKİS) məlumat olub. Mübahisəli 19 kvadrat metr isə dövlət mənzil fonduna aid yaşayış sahəsi kimi Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olub.

Y.Berezinskaya deyir ki, məhkəmənin bu qərarı əsassızdır:

“Çünki 19 kvadratmetri 2012-ci ildə deyil, 1996-cı ildə özəlləşdirib. Həmin otağın özəlləşdirilməsində 48 saylı “JEK” iştirak edib. Hətta otağın mülkiyyətimdə olması barədə cavabdeh təşkilatda məlumat olmasaydı belə, bu icra orqanının sərəncamını qüvvədə saxlamağa əsas vermir. Bu sərəncam ləğv olunmalıdır. Çünki İcra Hakimiyyəti evimi mənzil fondunda boş qalmış sahə kimi Əskinaz Abbasovaya verib. Bunu da belə izah edib ki, guya onun ailə vəziyyəti nəzərə alınaraq, bu addım atılıb, onun evinə birləşdirilib”.

Sonda ölkə başçısı İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək diləyən Yelena Berezinskaya kimsəsiz olmağından istifadə edilərək, qanuni mülkünün ələ keçirilməsinin qarşısının alınmasına köməklik göstərilməsini xahiş edib.

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Yazıda adıçəkilən şəxslərin fikirlərini də dərc edə bilərik.
Bakı Apellyasiya Məhkəməsi hakiminin bacısına dələduzluq ittihamı
Bakı Apellyasiya Məhkəməsi hakiminin bacısına dələduzluq ittihamı

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …

Bir cavab yazın