Çərşənbə , İyun 29 2022
Ana səhifə / Cəmiyyət / Bakalavrlar magistratura imtahanın nəticələri çıxmamış hərbi xidmətə aparılacaq?

Bakalavrlar magistratura imtahanın nəticələri çıxmamış hərbi xidmətə aparılacaq?

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların növbəti qeydiyyatı aparılır. Lakin, bəzi bakalavrlar redaksiyamıza müraciət edərək, narazılığını dilə gətirib. Onlar bildirir ki, imtahan olmasına baxmayaraq, hərbi xidmətə çağırışla bağlı onlara bildiriş gəlib. Belə olan halda isə onlar nə imtahan nəticələrini biləcəklər, nə də magistratura təhsilini almaq şansları qalmır.

Bəs qanun nə deyir? Həqiqətən də bakalavaların magistratura imtahanın nəticələri çıxmamış hərbi xidmətə aparılacaqlarmı?

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, yaxud şəhər çağırış komissiyasının rəyi əsasında verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 18-ci maddəsinə əsasən, çağırışa bir sıra hallarda möhlət verilə bilər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

-ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

-peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

-orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

-əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

-xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla danışdıq. Ekspert “Hürriyyət”ə bildirib ki, magistraturada imtahan verən şəxslər müsabiqə şərtlərini ödəyiblərsə, iyul çağırışından azad olunurlar:

“Magistraturanın qaydaları var. Yəni Hərbi Xidmət Haqqında qanunda dəyişiklik edilib. İmtahan verən və müsabiqə şərtini ödəyən şəxs ixtisas seçimində 1, 2 və 3-cü turlarda iştirak etmək hüququna malikdir. Həmin şəxs iyul çağırışından azad olunur. Hərbi Xidmət Haqqında Qanunda kateqoriyalar üzrə azad olunmalar var. Çağırışıçılara qismən və tam möhlət hüququ verilir. Magsitratura imtahanı da may ayının 29-da keçiriləcək. İmtahan nəticələri də maksimum 2-3 gün ərzində elan olunur. Bunun da iyul çağırışına heç bir maneəsi yoxdur. Həmin şəxslər müsabiqə şərtini ödəyiblərsə, nəticələrini hərbi komissarlığa təqdim edirlər. Onlar iyul çağırışından azad olunurlar. Belə olan halda həmin şəxslər yalnız oktyabrda gedə bilərlər. Təbii ki, könüllü istəsələr, iyul çağırışında da gedə bilərlər. Hərbi komissarlıq kifayət qədər möhlət verir. Magistraturada imtahan verən şəxslər müsabiqə şərtlərini ödəyiblərsə, iyul çağırışından azad olunurlar. Yəni bakalavr pilləsini bitirən və magistraturaya imtahan vermək istəyən şəxslər elektron ərizəsini hərbi komissarlığa aparıb təqdim edir. İmtahan verəndən iki gün sonra nəticəsini yenidən komissarlığa təqdim edir. Bura 40-dan yuxarı istənilən nəticə aiddir. Daha sonra o 2 və 3-cü turlarda iştirak edə bilər. Əgər qəbul olmazsa, oktyabr çağırışında hərbi xidmətə gedəcək”.

Həmçinin oxuyun

Evi sökülənlərin nəzərinə – VİDEO

Göbələk kimi artan tikinti şirkətləri terror edərək binaları sökürlər. Mənzilsiz qalan vətəndaşlar da bunun qarşısında …