Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Bəylər Əyyubov – dövlətimizin etibarlılıq simvolu

Bəylər Əyyubov – dövlətimizin etibarlılıq simvolu

Mərhum prezident Heydər Əliyev öz layiqli davamçısını Bəylər Əyyubova əmanət etdiyi kimi, ən etibarlı adamı olan Bəylər Əyyubovu da İlham Əliyevə tapşırıb. Azinforum.az xəbər verir ki, “Kürdəmir Agro”-nun təsisçisi, iş adamı Zaur Əmirov ölkə başçısının dünən Xüsusi Dövlət Mühafizə Xidmətində apardığı islahatlar barədə yazdığı facebook statusunda bu iddia ilə çıxış edib. Bəylər Əyyubovun təyinatını şərh edən həmin paylaşımı olduğu kimi dərc edirik:

Yaradılışından etibarən insan oğlunu ən çox qayğılandıran onun təhlükəsizliyi məsələsi olmuşdur. İbtidai dövrdən indiyə qədər bütün liderləri və ölkə başçılarını düşündürən bu iş, sözsüz ki, ən əmin olduqları şəxslərə həvalə edilib, edilməkdədir. Bu mənada təhlükəsizlik həm də əminlik deməkdir. Təsadüfi deyil ki, təhlükəsizliyimizi həvalə etdiyimiz şəxslərə həm də canımızı əmanət etdiyimiz insan deyirik. Canı isə hər adama əmanət etmək olmaz. O da sirr deyil ki, ölkə rəhbərləri istənilən dövlətin ən dəyərli atributlarıdır və onların təhlükəsizliyi bir nömrəli vəzifə hesab edilir. Deməli bu məsuliyyətli vəzifəni də ölkənin ən etibarlı insanları yürüdürlər. Məsələyə bu baxımdan yanaşanda bu gün Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan general-polkovnik Bəylər Əyyubovu rahatlıqla Azərbaycanın ən etibarlı insanı adlandırmaq mümkündür. Bəylər Əyyubov təkcə Cənab Prezident İlham Əliyevin ən çox güvəndiyi adam deyil. O, hələ 1990-cı illərdən bəri mərhum prezidentimiz Heydər Əliyevin də şəxsi mühafizəsində baş rolda çıxış etmiş və onun yolunda əsl fədakarlıqlar göstərmişdir. Onun Heydər Əliyevə bağlılığı və sədaqəti elə yüksək səviyyədə olmuşdur ki, mərhum ümummilli lider dünyasını dəyişməzdən bir neçə ay əvvəl Bəylər Əyyubovu bu günə qədər icra etdiyi vəzifəylə görəvləndirmişdir. Mərhum prezident 2 iyun 2003-cü il tarixində imzaladığı xüsusi Sərəncamla Bəylər Əyyubovu Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdi. Nəzərə alsaq ki, Heydər Əliyev bu Sərəncamı imzalayanda ağır xəstə idi və üzərindən cəmi 6 ay keçəndən sonra dünyasını dəyişdi, sözügedən fakt həmin təyinatın dəyərini birə-on artır. Belə çıxır ki, dahi rəhbər məlum sənədi özünün mühafizəsü üçün deyil, özündən sonrakı dövr üçün imzalayıb. Başqa sözlə desək, dünyada buraxıb qoyduğu ən dəyərli miraslarını bu adama əmanət edib. Bir insan isə ölümündən sonrakı dövr üçün ən dəyərli varlıqlarını yalnız özü qədər inandığı insanlara əmanət edə bilər. Sözsüz ki, mərhum Heydər Əliyevin Bəylər Əyyubova əmanət etdiyi iki dəyərli varlıq vardı. Bunlardan biri 1969-cu ildən bəri üzərində əsə-əsə qurub yaratdığı gözəl məmləkətimiz Azərbaycan, digəri isə özünün göz bəbəyi qədər dəyərli övladı – cənab İlham Əliyevdi. Mərhum dahi rəhbər bu təyinatı ilə həm də özünün fiziki və siyasi varisinə də mühüm bir mesaj vermişdi. Bir növ, Cənab Prezidenti Bəylər Əyyubova əmanət etdiyi kimi, ən etibarlı adamını da varisinə miras buraxmışdı. Hər zaman Heydər Əliyev kursuna və mirasına sədaqətilə seçilən gənc varis də ona əmanət edilən bu dəyəri həmişə yüksəkdə tutub və tutmaqdadır. 2003-cü ildən bəri Bəylər Əyyubovun eyni postda qalması da bundan xəbər verir. Prezidentin bu gün öz təhlükəsizlik xidmətində apardığı mühüm islahatlarda Bəylər müəllimə ölkənin ən ali postu tapşırması da ona göstərilən yüksək etimadın nişanəsidir. Bu təyinat bir daha sübut etdi ki, 20 ilə yaxındır ki rəsmən, təqribən 30 il isə faktiki olaraq ən yüksək dövlət təhlükəsizliyi missiyasını ləyaqət və əzmlə yürüdən Bəylər müəllim bu gün də ən yüksək dairələrdəki mövqeyini və etibarını qoruyur, hətta onu daha da artırıb. Bəylər Əyyubov kimi etibarlı insanların bu məsuliyyətli vəzifəni yürütməsi yalnız ölkə başçısının deyil, həm də bütün cəmiyyətimizin, o cümlədən iş adamlarımızın mənafeyinə uyğundur. Çünki 1993-cü ildən bu günə qədər Azərbaycan stabillik və əmin-amanlıq içərisində yaşayır, bu da iqtisadi inkişafımıza, rifah halımızın yüksəlməsinə zəmanət verir. Mən də bütün cəmiyyətimiz üçün yaradılan bu fürsətdən yararlanan iş adamı kimi Bəylər müəllimi dövlətimizin təhlükəsizlik sistemində ən yüksək yerə layiq görülməsinə sevinir və ona yeni vəzifəsində uğurlar arzulayıram.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …