Ana səhifə / Cəmiyyət / Bəli, rəis, bəli, tədbiri izləyirəm, heç bir siyasi çıxış yoxdur…

Bəli, rəis, bəli, tədbiri izləyirəm, heç bir siyasi çıxış yoxdur…

Dəngül evlərində oturub Van Dammın filminə baxırdı. Filmin qəhramanı hər dəfə rəqibinə zərbə vuranda Dəngül də onunla bərabər hərəkət edirdi. Film bitəndə Dəngülü tər basmışdı. Öz-özünə dedi ki, nə yaxşı, Van Damm qalib gəldi. Çünki Rembonun son filminə baxanda əsəbindən servantdakı qab-qacağı sındırmışdı. Durub mətbəxə keçdi. Acmışdı. Kartof qızartması hazırlayıb üstünə də ərik mürəbbəsi tökdü. İki gün öncə qonşuları Hikməti İldırımı və Mışdılını da qonaq etmişdi bu yeməyə. Onlar da yeməyib qaçıb getmişdilər.Cib telefonuna zəng  gəldi. Partiya liderlərindən biri idi. Dəngül aramla dinləyirdi. Telefondakı  bildirdi ki, sabah partiyaların birgə yığıncağı olacaq, Dəngülü bədii tərtibat üçün dəvət edirlər. Onu da vurğuladı ki, polis icazə verib, qorxmasın.  Dəngül video və audio aparatlarını sazladı, Baycanın taksisinə əyləşib tədbirin keçiriləcəyi restorana gəldi. Restoranın qarşısında polislər dayanmışdılar. Partiya liderləri polislərlərə mübahisə edirdilər. Rəis siyasi tədbir olacağından narahat idi, tez-tez yuxarıyla danışırdı. Yuxarıdan göstəriş almışdılar ki, məclisdə qətiyyən siyasi çıxışlar olmaz. Amma liderləri bunu  söz azadlığına müdaxilə kimi qiymətləndirirdilər. Axırda belə razılaşdılar ki,  polis rəisinin müavini də iştirak eləsin.  Tədbir himn sədalarıyla başladı. Polis rəisinin müavini Gülməmməd müəllim kənarda əyləşib tədbiri izləyirdi. Hiss olunurdu ki, rəis müavini çox narahatdır, siyasi şüarların səslənəcəyindən qorxur. Amma və lakin iştirakçılar himndən sonra mahnı sifariş verdilər və əllərinə bayraq alıb dövrə vurmağa başladılar.  Az sonra Dəngül efirə daha bir mahnı buraxdı. Eyni vaxtda Dəngülün yaxınlığında oturan polis rəisininin müavini Gülmməmmədə zəng gəldi. Gülməmməd tələsik telefonu cibindən çıxarıb dedi:- Bəli, rəis. Bəli, mən tədbiri izləyirəm. Narahat olmayın. Heç bir siyasi çıxış yoxdur. Çay içirlər və oynayırlar. Baş üstə, məlumat verəcəm! Yox, yox, narahat olmayın, oynayırlar.Əllərində bayraq hey fırlanır və mahnı oxuyub oynayırdılar. Dəngül “Azadlığın bizə məlhəm” mahnısını düz 10-cu dəfə fırlatmağa başlamışdı ki, polis rəisinin müavininə yenə zəng gəldi: – Bəli, rəis. Bəli, bəli… Heç… Bayaqdan oynayırlar…. Necə? Yox, heç bir siyasi söhbət yoxdur. Qol-qola girib, restoranı fırlanıb oynayırlar. Arada “Yallı”da gedirlər. Baş üstə, məlumat verəcəm!İcazəli tədbir 4 saata yaxın davam elədi. Dəngül dayanmadan eyni mahnıları “fırladır”, tədbir iştirakçıları da dayanmadan oynayırdılar. Arada bir dəfə Dəngül liderlərə baxıb nəsə demək istədi, amma alınmadı. Çünki onlar hələ də “Yallı” gedirdilər. Həyətdə isə polislər var-gəl edir və yuxarıdan zəng gələn kimi Çıntırın dəstəsi içəri daxil olub həbslərə başlayacaqlarını gözləyirdilər. Az sonra Gülməmməd müəllimin  telefonu yenə zəng çaldı. Yuxarıdan idi. Rəis müavini artıq rahat danışırdı:- Bəəəli, rəiiiissss! Bəli, bəli. Yox yox, oynayırlar. Vallah, başlayandan oynayırlar. Mən nə edim axı? Elə hey oynayırlar. Bəli….. Onda çıxım gəlim, oynasınlar ? Baş üstə, rəis!Gülməmməd sakitcə telefonu söndürdü. Dəngülə baxıb göz vurdu. Dəngül  onun “qoy oynasınlar” dediyini anladı.  Beləcə, hava qaraldı. Restoranda qulluqçu qadın Xavər və Dəngüldən başqa heç kim qalmamışdı. Hətta həyətdəki polislər də getmişdilər. Xavər xalçanı süpürə süpürə “Azadlığın bizə məlhəm” mahnısını mızıldanırdı. Dəngül də “bəy-gəlin” masasının üstündəki bayrağı götürüb restoranda dövrə vurmağa başladı.
Tahir Tahiroviç

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …