Ana səhifə / Cəmiyyət / Bələdiyyə sədrini öldürən şəxs Zakir Fərəcovun bacısının sürücüsü də işləyib

Bələdiyyə sədrini öldürən şəxs Zakir Fərəcovun bacısının sürücüsü də işləyib

Fədai Hüseynov bir neçə milyon qiyməti olan torpağın sənədlərini sədrdən tələb edib; qətlin motivi haqda yeni məlumatlar

Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətli ilə bağlı yeni məqamlar üzə çıxıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, qanlı olaydan xeyli əvvəl Fədai Hüseynov bələdiyyə sədrindən Saray qəsəbəsi ərazisində yerləşən 2 hektarlıq əraziyə sənəd verməsini tələb edib. F.Hüseynovun belə bir tələblə çıxış etməsi təsadüfi deyil.

Ötən sayımızda qətlin torpaq mübahisəsi zəminində törədilməsi haqda versiyanın işləndiyini yazmışdıq. Əldə etdiyimiz yeni məlumatlar və yayılan xəbərlər bu versiyanın əsas götürüləcəyini təsdiqləyir. Xəbər verdiyimiz kimi, F.Hüseynov uzun illər qeyri-rəsmi olaraq Saray bələdiyyəsində çalışıb, torpaq alveri ilə məşğul olub, ara-sıra bələdiyyə sədrinə cangüdənlik edib.

V.Əbilhəsənova 2015-ci ilin yanvarında bələdiyyəyə sədr gətiriləndən sonra F.Hüseynov ondan qəsəbə ərazisindəki 2 hektarlıq torpağa sənəd verməsini tələb edib. Sədr isə onun bu tələbini yerinə yetirməkdən ən müxtəlif bəhanələrlə yayınıb. Qətldən az əvvəl isə deyib ki, torpağı kim ayırıbsa, əraziyə də sənədi o verməlidir.

Mübahisə obyekti olan torpağı isə V.Əbilhəsənovadan əvvəl həmin postu tutmuş bələdiyyənin sədri veribmiş. Sədr dəyişəndən sonra isə 2 hektar torpağın verilməsində əsas iştirakçılardan olan F.Hüseynovla torpağı aranlar arasında mübahisə yaranıb. Torpağı alan şəxslər ondan torpağa aid sənədləri israrla tələb ediblər.

Bir neçə milyon pul ödəyib torpaq almış şəxslərin haqlı tələbi qarşısında F.Hüseynov çox pis duruma düşüb…

Olaydan bir neçə gün əvvəl V.Əbilhəsənovanın torpağa aid sənədləri F.Hüseynova verməyəcəyini deməsi onu cinayətə sürükləyib. O, sənədləri zorakılıqla əldə etmək qərarına gəlib. F.Hüseynovda torpağa aid sənədlərin yeni bələdiyyə sədrində olması haqda əvvəldən məlumat olub.

Bunu söyləməyə əsas verən isə F.Hüseynovun olaydan əvvəl Əbilhəsənovların Saray qəsəbəsində yerləşən digər mənzilinə gedib orada sənədləri axtarmasıdır.

Əgər F.Hüseynov axtardığı sənədləri orada tapsaydı, bu gün bələdiyyə sədrinin qətlindən yox, mənzilindən sənədlərin oğurlanmasından söhbət gedəcəkdi. Əlbəttə ki, bələdiyyə sədri bu haqda hüquq-mühafizə orqanlarına məlumat versəydi…

Qatil Əbilhəsənovların digər mənzilində hansı sənədləri axtarıb?

Lent.az-ın əməkdaşı Sarayda olaraq orada eşitdiklərini qələmə alıb. Saytın əməkdaşının yazdıqları redaksiyamıza daxil olan məlumatların doğruluğunu təsdiqləyir. Sayt yazır ki, hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış…

Qatil ad gününə pəncərədən “gəlib”

Əslən Qərbi Azərbaycandan olan ər və arvadı Saray qəsəbəsində, Vəfadar Həsənovun anasının məzarının yanında yanaşı basdırıblar. İyunun 8-də Vəsilə Əbilhəsənova 40-cı yaşına qədəm qoyacaqdı. Elə bu gecə – iyunun səkkizinin ilk saatları bu ailənin son dəqiqələrini yaxınlaşdırırdı. Maraqlıdır ki, Vəfadar Əbilhəsənov xanımını təbrik etmək üçün bir az da tələsib. Elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edibmiş. Bir neçə dəqiqə sonra isə çağırılmamış qonağın gələcəyini kimsə gözləmirmiş. Hadisənin törədildiyi otaqda qalmış gül dəstəsi və kəsilmiş tort da bu olayın nə qədər qəfil və gözlənilməz olduğuna dəlalət edir.

Qonşuların bildirdiyinə görə, M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan 35 yaşlı F.Hüseynov burada qəfil hücumla ər və arvadına bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb. Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.

Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış.

Evin alt-üst edilməsi də bunu deməyə əsas verir. Bu gün saat 10:45 radələrində isə atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb. Ailəyə yaxın olan şəxslər bildirdilər ki, ər və arvadının qətlindən sonra evin yandırılması xəbəri həqiqətə uyğun deyil. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar. Hazırda məlum faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. F.Hüseynovun illərlə tanıdığı şəxsləri hansı səbəbdən qətlə yetirməsi, hadisənin niyə məhz bu gecə törədilməsi, evdə nə axtarması və digər sualların cavabı istintaqın yekununda üzə çıxmalıdır.
Qatilin barəsində 3 açıq cinayət işi var!!!

Aznews.az xəbər verir ki, F.Hüseynovun indiyədək açıq qalan 3 cinayət işi olub. O, Vəsilə Əbilhəsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirib.
F.Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işlədiyi aşkar edilib. Ən maraqlı fakt isə onun “dəlilik” kağızı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Sağlamlıq Mərkəzinin qeydiyyatında olmasıdır.

Məlumata görə, F.Hüseynov ümumiyyətlə cinayətə meylli olub və dəfələrlə bir neçə vətəndaşa qarşı zor tətbiq edib. Çox böyük ehtimalla “dəlilik” kağızını da o, bu əməllərini ört-basdır etmək üçün alıb. İdmançı görkəmi və boyu 2 metrə yaxın olan bu şəxsin ictimaiyyət arasında bu cür aktiv olması da bəzi suallar yaradır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb. F.Hüseynov haqda Abşeron Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın