Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Bəhlulzadədən ilham almış sənətkar: rəsmlə məşğul olmasaydım, ölmüşdüm

Bəhlulzadədən ilham almış sənətkar: rəsmlə məşğul olmasaydım, ölmüşdüm

Bərdədə yaşayan Telman Əliyev hələ kiçik yaşlarından rəssamlığa maraq göstərib. Bu sahədə təhsil almasa da, rəsm çəkməyə olan həvəsi sayəsində rəssamlığın sirlərinə yiyələnə bilib. Telman Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bu sənətə necə gəldiyini və həyatının rəssamlıqla bağlı epizodlarını danışıb.

O, 1944-cü ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində dünyaya gəlib. Yeddinci sinfi bitirib, 1961-ci ildə Bakı şəhərinə köçəndən sonra rəssamlıqla maraqlanmağa başlayıb. Dediyinə görə, onda bu sənətə maraq uşaqlıqdan yaranıb. Bakı məktəbində oxuyarkən kağız üzərində şəkillər çəkib, portretlər işləyib. Bulvarda oturub müşahidə elədiklərini kağıza köçürüb.

Onu həyatında dönüş anı isə Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadə ilə baş tutan təsadufi görüşü olub.

“1962-ci il idi. “Azərbaycan” kinoteatrından bulvara tərəf çıxan yerdə bir ekran var idi. Hər həftənin altıncı-bazar günləri orda sənədli filmlər göstərilirdi. Həmin vaxtlar indikindən fərqli olaraq, televiziya məişətimizə daha az daxil olmuşdu. Ona görə də belə filimlərə tamaşa eləmək çox maraqlı gəlirdi. Həmişə gedib orada filmlərə baxırdıq. Bir dəfə maraqlı bir halın şahidi oldum. Bir kişi molberti quraşdırıb, şəkil çəkirdi. Onun hərəkətlərini yaxından maraqla izləyirdim. Birdən mənə qayıtdı ki, “oğlum, rəssamlığa həvəsin var?” Dedim, “bəli”. O dedi ki, rəssamlıq gözəl sənətdir, həvəsin varsa, davam elə, oxu! Ondan bir neçə gün sonra həmin adamı televiziyada gördüm. Sən demə, danışdığım adam Səttar Bəhlulzadə imiş. Onun fırça ilə rəngləri götürməsini, havada fırçanı yelləməsini, lövhəyə necə yaxmasını, bir sözlə, bütün hərəkətlərini heyrətlə izləmişdim. Bunları görmək mənim rəssamlığa olan marağımı birə-beş artırdı”, – deyə ƏIiyev bildirib.

Hərbi xidmətdə olarkən, Əliyev hərbi hissənin çıxardığı qəzetin karikaturaçı redaktoru olub. Xidməti başa vurandan sonra isə rəssamlıqla məşğul olmağa başlayıb. Bir müddət Rusiyanın Voloqda şəhərindəki rəssamlıq sexlərindən birində rəssam kimi fəaliyyət göstərib. Hətta orada sex rəhbəri ona rəssamlıq üzrə təhsil almağı da təklif edib.

“Sex müdiri mənim əl işlərimi görəndən sonra dedi ki, “sənə telefon nömrəsi verəcəm, gedərsən Leninqrada (Sankt-Peterburq-red.) Orada akademiyanın qiyabi şöbəsi var. Müəllimlə görüşərsən, köməklik göstərər, oxuyarsan. İldə bir dəfə gedərsən, bir dəfə də işlərini göndərərsən”. Ancaq maddi imkanım olmadığına görə fikirləşdim ki, gedib-gələ bilməyəcəm, yolpulu tapmayacağam. Odur ki, müdirin dediyini edə bilmədim”, – deyən rəssam təhsil ala bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edib.

Əliyev təhsil ala bilməsə də, rəssamlığa olan sevgisindən əl çəkməyib. Bu gün də rəsmlər çəkməklə məşğuldur. Çəkdiklərini açıq ürəklə yaxın adamlarına hədiyyə verir.

“Səttar Bəhlulzadə çəkdiyi rəsmləri səxavətlə hədiyyə edərmiş. Mən də elə olmuşam. Çox adamlara çəkdiyim rəsmləri hədiyyə vermişəm. Qohumlarımın çoxunun evində əl işlərim var. İndi də qonaq gedəndə, ya da qonaq gələndə rəsm hədiyyə edirəm” – deyən Əliyev rəsmlərini səxavətlə payladığını bildirib.

Hazırda 75 yaşının olmasına baxmayaraq, Telman Əliyevin rəsm çəkməyə əvvəlki kimi həvəsi var: “Rəsmlə məşğul olmasam, bəlkə də dünyanı çoxdan tərk eləmişdim. Məni yaşadan bu işlərdi, çəkdiyim rəsmlərdi. Çəkdiyim rəsmlərin üzərində işləməkdən zövq alıram”.

Telman Əliyev rəssamlıq sənəti ilə dolandığını bildirir. Rəsmlərə çəkilən zəhmətə görə verilən məbləğ əslində onu qane etmir. Ancaq dolanmaq üçün verilən qiymətlə razılaşmaq məcburiyyətində qalır.

“Dostlarım deyir ki, Bakıya gətirsən, baha qiymətə satarsan. Gələn turistlər qrafika janrındakı əsərlərə o qədər qiymət verməsələr də, mənzərə, natürmort üslubunda işlənmiş rəsmləri xoşlayırlar. Bu rəsmlərimi Bakıya aparsam, orada hər birini 200 dollara sata bilərəm. İş görmək üçün vəsait tələb olunur. Şəkilləri çərçivəyə salıb, axırıncı işləri tamamlamaq lazımdır. Pulum olsa, rəsmləri tamamlayıb, sərgilərimi təşkil edərəm. Sərgilər vasitəsilə rəsmlərimi sata bilərəm” – Telman Əliyev deyir.

Bərdəli rəssamın sənətini davam etdirəcək varisləri də var. Onlardan biri bacısının rus dili müəllimi işləyən nəvəsidir. Digər davamçı isə rəssamın 4-cü sinifdə oxuyan nəvəsidir. Balaca varis kağızlardan cürbəcür fiqurlar düzəldir, kağız üzərində kompozisiyalar qurur, rənglərdən istifadə etməklə rəsmlər çəkir. Nəsildə davamçılarının olması Telman Əliyevi sevindirir. Hesab edir ki, davamçıları ən azından onun yaratdığı əsərləri də qoruyacaq, qədrini biləcək və bu sənəti yaşadacaqlar. sputnik.az

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …