Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Azercell”in müştərilərinin sayı niyə azalır?

“Azercell”in müştərilərinin sayı niyə azalır?

Tariflərin baha olması, eyni zamanda keyfiyyətsiz xidmət bu mobil operatorun fəaliyyətinə mənfi təsir göstərməkdədir Şirkət tərəfindən hüquqları pozulan şəxslərin məhkəməyə müraciət etməkdən başqa yolu qalmır Azərbaycanda fəaliyyət göstərən mobil operatorların abonentlərin hüquqlarını pozması, bahalı tarif siyasəti yeritməsi və müxtəlif aldadıcı kampaniyalar vasitəsilə müştəri toplaması adi hala çevrilib. Azinforum.az “gündelik-bakı”-ya istinadən xəbər verir ki, operatorlar daha çox pul qazanmaq barədə fikirləşdiklərindən bu sektorda rəqabətləri də şirnikləndirici endirimlərə ünvanlayıblar.

Təəssüflə qeyd etməliyik ki, mobil operatorlar müştərilərini yox, özlərini fikirləşirlər. Son illər ölkəmizin ilk mobil operatorlarından sayılan “Azercell” Telekomun fəaliyyəti ilə bağlı şikayət hallarının sayı xeyli artıb. Bu mobil operatorun müştərisi olan şəxslərin əksəriyyəti daha çox balanslarından müxtəlif SMS-lərin vasitəsilə pul çıxılmasından, təklif olunan internet paketlərinin istənilən səviyyədə olmamasından və tariflərin qiymətinin baha olmasından şikayət edirlər. Şirkətin fəaliyyətindən narazı qalan bəzi şəxslər bildirirlər ki, “Azercell” internetin sürətinin az olmasına baxmayaraq, reklamlarda daha yüksək sürətləri vəd edir.

Xatırladaq ki, şirkətin bir müddət əvvəl satışa çıxardığı data-kartlar vətəndaşların bir çoxuna problem yaratmış, hətta məhkəmə səviyyəsinə qədər gedib çıxmışdı. Bu problemlə üzləşən vətəndaşlardan birinin sözlərinə görə, reklamlarda “Azercell” data-kartının pulsuz verildiyini görüb şirkətin dükanına yaxınlaşıb: “10 ay müddətində ayda 9 manatlıq paket seçməklə data-kartı pulsuz ala biləcəyimi dedilər. Razılaşdım və aldım. Açığı deyim ki, sürətinə söz ola bilməz. Yaxşıdır. Amma əsas məsələ başqadır. Bir ay müddətində data-kartı istifadə etdim. Ay sonunda internet bitdi. Yenidən 9 manat ödədim, amma internet bərpa olunmadı. Müştəri xidmətlərinə zəng vurdum, aldığım cavab məni şoka saldı. Mənim 9 manat ödəməyimə baxmayaraq, hələ də borcum var idi. Səbəb isə internet paketin bitməsinə baxmayaraq, xəbərdarlıq edilməməsi idi. Buna görə də internet paketi bitdikdən sonra borc yazılmağa başlanıb. Öyrəndim ki, data- kartı istifadə etdiyin ilk ay ərzində internet trafikini yoxlamaq olmur. Ona görə də müştərilər ay sonunda şok borc sürprizi ilə qarşılaşırlar. Onlardan data kart aldığım üçün çox peşmanam.

İstifadə etmirəm, amma məcbur hər ay 9 manat balansa pul köçürürəm. Bizim üçün adi gələn xırda rəqəmlərdən şirkət milyonlar qazanır. “Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik – yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil”. Araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən mobil operatorlar arasında insanları ən çox aldadan məhz “Azercell” şirkətidir. “TeliaSonera” şirkətlər qrupunun bir hissəsi olan “Azercell”-in üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən abunəçilərinin sayı ilbəil azalmaqdadır. Azərbaycanda bir il öncə “Azercell” abunəçilərinin sayı 5 milyon nəfərə yaxın olduğu halda, bu gün artıq onların sayı 3 milyon 800 minə qədər olub. Azalmaya səbəb isə təbii ki, qüsurlu xidmət, eləcə də abunəçilərdə inamsızlıqdır. Məsələn, Rəfiqə Hüseynova adlı vətəndaş bir müddət əvvəl telefonuna “Azercell”in 65100 xidmətindən zəng gəldiyini bildirib:

“Xanım qız bildirdi ki, nömrəm kampaniyaya düşüb. Bir il ərzində nömrənizi “Azercell”ə daşımaqla yüklədiyiniz məbləğ ikiqat artırılacaq və əlavə hədiyyələr də qazanacaqsınız. Hətta telefonuma SMS də gəldi ki, balansınıza 3 AZN yüklənilib. Eləməyib tənbəllik 2002 saylı telefon mərkəzinə zəng etdim. Məlum oldu ki, sevincim əbəs imiş. Xəbərdarlıq edildim ki, balansımda kifayət qədər məbləğ yoxdur. Əksinə bir neçə dəfə bu xidmətə zəng etməyim müqabilində 24 qəpik məndən borc tutdular”.

Başqa bir vətəndaş Samir Feyruzov isə nömrəsinə “Azercell”dən xoşagəlməyən mesajlar gəldiyini qeyd edib: “Dünyanın heç bir mobil operatorlarında 1 dəqiqəsi 8 qəpiyə danışıq tarifi yoxdur, amma “Azercell”də var. Digər operatorlara çıxış isə 1 dəqiqəsi 16 qəpiyə başa gəlir. Eləcə də 58 saniyəyə qədər, ümumilikdə 7 qəpik çıxılır”. Ekspertlər isə hesab edir ki, “Azercell” tərəfindən hüquqları kobud şəkildə pozulan abunəçilər məhkəməyə müraciət etməlidir: “Təəssüf ki, “Azercell” abunəçilərinin elə formada pullarını kəsir ki, onları sübut etmək çətindir, amma belə faktlar var. Həmin faktları sübut etmək üçün mütləq və mütləq məhkəməyə müraciət olunmalıdır. “Azercell”ə bağlı tənqidlər, iradlar həmişə olub. Özbaşınalığın qarşısının alınması üçün müvafiq dövlət qurumları və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələyə ciddi münasibət bildirməlidir”. İnanmaq istərdik ki, müvafiq dövlət qurumları “Azercell”də mövcud olan qanun pozuntuları ilə bağlı tezliklə ölçü götürəcəklər. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın