Ana səhifə / Cəmiyyət / “Azadlıq” şirin sözdür, qardaşım – FOTOLAR

“Azadlıq” şirin sözdür, qardaşım – FOTOLAR

13 saylı cəzaçəkmə müəssisəsinin qarşısı adamla dolu idi. Hamı həyəcanla qapıların açılmasını gözləyirdi, hamı yaxınlarını qarşılamaq arzusundaydı. Kimi dəmir çərçivələrə sığınmışdı, kimi daşlara çöküb oturmuşdu. Hamı o anı gözləyirdi. O anı – qapıların açılmasını…

13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

© SPUTNİK / IRADE CELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

Bu gün Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamı ilə əfv olunmuş şəxslər cəzaçəkmə müəssisələrindən buraxılırdı.

Qeyd edək ki, Prezidentin imzaladığı sonuncu əfv sərəncamı 1995-ci ildən başlayaraq məhkum edilmiş şəxslərə tətbiq edilən sayca 65-ci əfv sərəncamıdır. Onlardan 32 sərəncam Heydər Əliyev, 33 sərəncam isə İlham Əliyev tərəfindən imzalanıb. Bu günə qədər əfv sərəncamları 7973 nəfərə şamil edilib, onlardan 4645 nəfəri penitensiar müəssisələrdə cəza çəkən şəxslər olub. 16 mart 2019-cu il tarixdə imzalanmış əfv sərəncamı  431 nəfərə şamil edilib.  Onlardan 399 nəfəri azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. 3 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınan 1 nəfər cəzadan azad edilib.

13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

© SPUTNİK / IRADE CELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

Sərəncama görə, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq, məhkum edilmiş  1 nəfər cəzadan azad edilib, bir nəfər isə azadlığın məhdudlaşdırılması  cəzasının çəkilməmiş hissəsindən  azad edilib.

3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 1 nəfər ictimai işlər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

12 nəfər isə cərimə cəzasından azad edilib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycan-ın əməkdaşı Qaradağ rayonu ərazisində yerləşən 3 müxtəlif cəzaçəkmə müəssisəsində əfv şamil edilmiş şəxslərin azadlığa buraxılma prosesində iştirak edib.

Əfv sərəncamı Qaradağ rayon 13 saylı cəzaçəkmə müəssisəsində  cəzasını çəkən 42 məhkuma şamil edildi. Onlara müvafiq sənədlər təqdim edildi və bir daha məhkumluq həyatı yaşamamaq arzu olundu. Qapıda əfvə düşmüş şəxsləri yaxınları, valideynləri, övladları gözləyirdi.  Əfvə düşmüş şəxslər yaxınlarına sarılıb, gözyaşı axıdırdı…

12 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

© SPUTNİK / IRADE CELIL12 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

Bu gün azadlığa çıxmağın sevincini yaşayan Tələt Bayramov 2016-cı ildə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə həbs edilib: “Allah razı olsun prezidentimizdən. 4 il müddətinə azadlıqdan məhrum edilmişdim. 1,5 ay cəzam mənə bağışlanıdı.  Nəvələrim var. Ömrümü onlara həsr edəcəm”.

Digər  keçmiş məhkum Şünasib Əliyev isə 2013-cü ildə həbs edilib. Dediyinə görə, bıçaqlama hadisəsinə görə həbs edilmiş: “8 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışdım. 1 il, 11 ay cəzamı bağışladılar. Bundan sonra ailəmlə məşğul olacağam. Bir qızım var. Səbirsizliklə onu  qucaqlayacağım anı gözləyirəm”.

Daha sonra 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdik. Burada 4 məhkuma əfv şamil olunmuşdu. Onlar arasında Nardaran hadisələrinə görə həbs edilmiş Ruzi İsmayılov da vardı. Onun sözlərinə görə,  15 il müddətinə azadlıqdan məhrum edilməsinə baxmayaraq, Prezidentin əfv sərəncamı ona da şamil edilib: “İnanın, mənim üçün çox gözlənilməz oldu. Mənim 11 ildən çox cəzam bağışlandı. Prezidentimizə minnətdaram”.

8 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

© SPUTNİK / IRADE CELIL8 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

Cəzaçəkmə müəssisəsində əfv şamil edilmiş iki qardaş isə “qız qaçırmağa” görə azadlıqdan məhrum ediliblər. Onlar həyəcanlı olduqlarını və danışa bilmədiklərini bildirdilər.

8 saylı cəzaçəkmə müəssisəsində isə əfv sərəncamı bir məhkuma şamil edilmişdi. Nardaran hadisələrinə görə 17 il müddətinə azadlıqdan məhkum edilmiş Zülfüqar Mikayılov cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Onun sözlərinə görə, bu ona bir dərs olub: “Həyatımız sınaqlarla doludur. Hər bir yaşadığımız hadisə bizim sınağımızdır. Bundan sonra həyatımı dinlə dövlət arasında ədalət yaratmağa həsr edəcəm”.

Yaxınlarını gözləyənlər arasında 8 yaşlı balaca Fazil də vardı. Deyir ki, atası 5 ildir həbs edilib: “Onun üçün çox darıxırdım. Mən balaca idim onda. Hərdən atamla görüşürdüm. Amma istəyirəm ki, yanımda olsun. İndi yanımda olacaq. Çox sevinirəm”.

13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

© SPUTNİK / IRADE CELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası

Bir neçə dəqiqədən sonra dəmir qapılar açıldı və Fazil atasının yanına qaçdı…

Müəssisənin ətrafı yaxınları gözləyən, yaxınları ilə görüşə gələn  insanlarla dolu idi. Kimi bu günün sevincini yaşayır, kimi isə bu sevinci yaşamaq arzusunu dilə gətirirdi.

Beləcə, bu gün 399 nəfər ailəsinə qovuşdu.  Hamının gözündə bir sevinc vardı, baharın gəlişini ailələri keçirəcəkdilər. Körpələr atalarına qovuşmuşdu…

Azadlığınız mübarək!

Read more: https://sputnik.az/life/20190317/419792450/cezacekme-muessiselerinden-reportaj.html

Həmçinin oxuyun

Deputatdan çağırış: “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir”

“Vəsaitləri təmir-tikintiyə deyil, insan kapitalına və innovasiyalara yönəltməliyik” Prezident İlham Əliyev xalqa Novruz bayramı ilə bağlı müraciətində …