Ana səhifə / Cəmiyyət / “Azərsu” ilə bağlı dəhşətli faktlar

“Azərsu” ilə bağlı dəhşətli faktlar

 

4.5 milyard ziyan, şişən borclar və bərbad idarəçilik; Qorxmaz Hüseynovun başı üzərində «qara buludlar» toplaşıb

Beynəlxalq audit şirkəti “Ernst & Young Holdings” (CIS) Azərbaycanın su monopolisti “Azərsu” ASC-nin bərbad maliyyə göstəricilərini üzə çıxarıb.
Bu barədə “Turan” agentliyi “Azərsu” ASC-nin audit şirkətinin rəyi əsasında illik maliyyə hesabatına istinadən məlumat yayıb. 2014-cü ildə səhmdar cəmiyyət 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. “Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub.
Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.
Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur.
Eyni zamanda “Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 milyon manat (-2,6 faiz), satış və su paylanması xərcləri 94,4 milyon manat (+9,7 faiz) olub. Il ərzində aktivlər 837,2 milyon manat qiymətdən düşüb.
“Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib.
Su istifadəçilərinin borclarının ödənilməsi də məqbul səviyyədə deyil. 31 dekabr, 2014-cü il üçün əhali və qeyri-əhali qruplarının debitor borcları 16,4 milyon və 52 milyon 765 min manat olub. “Azərsu” ASC bu borcların ödənilməsi üçün 59,5 milyon manat ehtiyat yaradıb. Çünki onların ödənilməməsi təhlükəsi var.
Ötən il su təchizatı sisteminin inkişafına investisiyalar (dövlət zəmanətli kreditlər də daxil) 500,9 milyon manat olub. Beləliklə, yanvarın 1-i üçün “Azərsu” ASC-yə dövlət investisiyaları 3 milyard 656,9 milyon manata çatıb.
31 dekabr, 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub. Il ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat mənfidir.
Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Ona görə “daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var”.
Virtualaz.org saytı isə bildirir ki, “Azərsu” son illərdə ən çox dövlət investisiyaları yönəldilən şirkətdir. Qorxmaz Hüseynov bu şirkətə prezident təyin edilənə qədər “Azərsu”da vəziyyət daha fəlakətli idi. Bu təyinatdan sonra yeni rəhbərliyin qarşısında vəzifə qoyuldu ki, ölkənin, o cümlədən paytaxt Bakının su və kanalizasiya təsərrüfatı yenidən qurulsun, əhalinin içməli su ilə təchizatı yaxşılaşdırılsın, eyni zamanda istifadə olunan suya görə yüz faiz ödənişlər təmin edilsin. Bu məqsədlə şirkətə hər il dövlət büdcəsindən irihəcmli investisiyalar yönəldilib.
Lakin belə görünür ki, “Azərsu”da vəziyyəti düzəltmək hələ də mümkün olmur. Paytaxtın su və kanalizasiya sistemində təsərrüfatsızlıq, su və kanalizasiya xətlərinin bu işlərdə heç bir səriştəsi olmayan, birgünlük şirkətlərə (mətbuatdan məlumdur ki, bu birgünlük şirkətlərin çoxu “Azərsu” rəhbərliyinin qohumlarına məxsus olur) həvalə edilməsi, investisiya xərclərinin şişirdilməsi, abonentlərdən yığım səviyyəsinin hələ də aşağı olması və digər amillər üzündən ölkənin su operatorunun maliyyə vəziyyəti bərbad durumdadır.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın