Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı iş adamlarının Ukraynada dalbadal qətli ətrafında müəmmalar böyüyür

Azərbaycanlı iş adamlarının Ukraynada dalbadal qətli ətrafında müəmmalar böyüyür

İş adamlarının ovuna çıxan kimlərdir, işin arxasında nələr var?

Samir Adıgözəlli: “Birinci ehtimalımız onunla bağlıdır ki, hansısa üçüncü tərəf Ukraynada yaşayan azərbaycanlılarla yerli hakimiyyətin münasibətini korlamaq istəyir”
“Yaxından tanıdığımız bir fəal insan qətlə yetirilib”
Xəbər verildiyi kimi, avqustun 17-nə keçən gecə Ukraynanın Xerson vilayətində Azərbaycan icmasının rəhbərlərindən biri olan İlham Tağıyev qətlə yetirilib. İş adamının meyiti ona məxsus “Mercedes” markalı avtomobildə tapılıb.
Milis güman edir ki, İ.Tağıyev icarəyə götürdüyü qaraja gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr endiriblər, daha sonra avtomobilindən çıxararaq təpikləməyə başlayıblar. Cinayətkarlar qətldən sonra İ.Tağıyevin cibindən evinin açarını götürərək mənzili soymağa gediblər. Ev alt-üst edilib. Qatillərin nə qədər pul və zinət əşyası apardığı bəlli deyil.
Hadisə zamanı İlham Tağıyevin həyat yoldaşı və qızı Azərbaycanda olub. Onun oğlu isə Kiyevdə yaşayır.
İ.Tağıyev ət polufabrikatları ticarəti ilə məşğul olan regional şirkətin yerli nümayəndəsi olub. İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub. Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov bildirib ki, əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan, 1956-cı il təvəllüdlü Tağıyev İlham Tağı oğlu Xerson şəhərində iri mağazalar şəbəkəsinə malik olub. Ə.Kərimov qeyd edib ki, Azərbaycanın Ukraynadakı Səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib.
Qeyd edək ki, son vaxtlar məhz Ukraynada azərbaycanlı iş adamlarına qarşı belə cinayətlərin törədilməsi intensivləşib. Bunun səbəbi nə ilə bağlıdır?
Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzi icra aparatının sədri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, Ukraynada baş verən hadisədən onlar da bərk narahat olub:

“Biz son vaxtlar xüsusilə də Ukraynada analoji hadisələrin baş verdiyini müşahidə edirik. Orada bizim böyük diaspor təşkilatımız var. Xüsusilə də Rusiya ilə Ukraynanın münasibətləri gərginləşəndən sonra belə hallarda intensivlik müşahidə olunur. Bundan əvvəl Xerson və Lvovda baş verən kriminal hadisələr ətrafında araşdırmalar apardıq. Məsələnin sadə kriminal müstəvisindən kənara çıxdığını gördük. Birinci ehtimalımız onunla bağlıdır ki, hansısa üçüncü tərəf Ukraynada yaşayan azərbaycanlılarla yerli hakimiyyətin münasibətini korlamaq istəyir. Digər tərəfdən isə, bəzi iş adamlarımız Rusiya ilə Ukrayna arasında biznes əlaqələrini qurub. Sonradan münasibətlərin korlanması həmin bizneslərdən imtina ilə nəticələnib. Bu səbəbdən də belə haqq-hesablar çürüdülür. Sadə kriminal motivlər də var. Sonuncu hadisə ilə bağlı konkret nəsə deyə bilmərəm. Ancaq yaxından tanıdığımız bir fəal insan qətlə yetirilib. Prosesləri diqqətdə saxlayırıq. Qətlin bütün versiyaları tərəfimizdən araşdırılır”.

Bu arada, Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub. Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyevdir. Bu barədə APA-ya onun atası Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib.
Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədilə getdiyini deyən Ə.Mehdiyev hadisənin təfərrüatını danışıb: “Yaltada onun ticarət obyekti vardı. Yaxınlıqda daha bir azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlumun qonşuluğundakı azərbaycanlı gəncə sataşıb. Oğlum dərhal buna etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum edib. Bu zaman daha bir neçə erməni onlara köməyə gəlib və oğlumu təkləyiblər. Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum yerindəcə keçinib. Yalta Şəhər Polis İdarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuran isə sonradan köməyə gələnlər olub”.
Ə.Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib: “Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacağam”.
Digər azərbaycanlı – əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib. V.Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə qardaşımı görüşə çağırıb onu qorxutmaq istəyiblər.
Sonradan milis tərəfindən saxlanan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir”.
İ.Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun Respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: “Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq”.
Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimərdan Kərimov isə APA-ya bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı Səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: “Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım gəlsə, kütləvi etiraza da qalxacağıq”.
Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov isə APA-ya bildirib ki, Krımın Yalta şəhərindəki “Puşkinski” bazarında azərbaycanlı Rahil Mehdiyevin qətlə yetirilməsi ilə bağlı məsələ yerli rəhbərliyin nəzarətindədir.
R.Hümbətov bildirib ki, bunu ona göndərdiyi məktubunda Krımın daxili işlər naziri Sergey Abisov bildirib. Məktubda deyilir ki, Rahil Əbdürrəhman oğlu Mehdiyevin qətlə yetirilməsi faktı üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır: “İstintaq və cinayəti törətmiş şəxslərin yerinin müəyyənləşdirilməsi üzrə operativ-axtarış tədbirlərinin həyata keçirilməsi Daxili İşlər Nazirliyinin nəzarətindədir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın