Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / Azərbaycanın işsiz qalan icra başçıları (SİYAHI)

Azərbaycanın işsiz qalan icra başçıları (SİYAHI)

Prezident İlham Əliyev ötən gün sərəncam imzalayaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevi vəzifəsindən azad edib. Bir müddət bundan əvvəl də ölkə başçısının müvafiq sərəncamları ilə bir  neçə rayonun icra başçıları işdən çıxarılıb. Ölkə rəhbərinin işdən çıxardığı sabiq başçıların əksəriyyəti hazırda işsiz vəziyyətdədir. Çünki işdən çıxarılan rayon rəhbərlərinin hansısa dövlət müəssisəsinə təyinatı olmayıb. Bəziləri vaxtilə fürsətdən istifadə edib özlərinə biznes qursalar da, digərləri icra başçısı postundan uzaqlaşdırıldıqdan sonra aldıqları pensiya ilə kifayətlənib.
Goldnews.az- sabiq icra başçılarının hazırda işsiz olanları barədə siyahını təqdim edir.
Bu ilin may ayında prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla  Xaləddin Şahmar oğlu İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Postundan uzaqlaşan kimi İsgəndərovun ölkəni tərk etməsi haqqında xəbərlər yayılsa da, həqiqəti əks etdirməyib. Rayon meri vəzifəsindən uzaqlaşdırılan İsgəndərova heç bir təyinat verilməməsi onu ruh düşkünlüyünə salıb. İşdən çıxarıldıqdan dərhal sonra mətbuata açıqlama verən X.İsgəndərov işsiz olduğunu bildirmişdi. X.İsgəndərov mətbuatda adı daha çox qalmaqallı yazılarda hallanan sabiq icra başçılarındandır. Onun icra başçısı dövründə Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğln nəticəsində xeyli sayda insan həlak olmuşdu.
Salyan Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Tahir Kərimovda mətbuatda adı daha çox qalmaqallı yazılarda hallanan rayon merlərindən biri olub. T.Kərimov Salyana başçılıq etdiyi dönəmdə şagirdlərin tutduğu gül çələnginin altından keçməsi ilə mətbuatın gündəmini zəbt etmişdi. Özünü Osmanlı şahzadəsi Mustafaya bənzətdiyi deyilən Kərimov dövlət başçısının 2016-cı ildə imzaladığı sərəncamla Salyanın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İşdən çıxarılan sabiq başçının başqa bir işə təyin olunması ilə bağlı heç bir xəbər yoxdur. O, hazırda işsiz sabiq icra başçıları sirasındadır.
Bu ilin iyun ayında prezident İlham Əliyev Gədəbəyin icra başçısı Ramiz Yediyarovu da vəzifəsindən azad edib. R.Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib. Adı daha çox korrupsiyada hallanan sabiq icra başçısı barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanıldığı deyilsə də, heç bir rəsmi məlumat açıqlanmayıb. Xaricdə biznes qurduğu deyilən Yediyarovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. R.Yediyarov da hazırda işsiz vəziyyətdədir.
Bu il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da postunu itirdi. Mətbuatda adı korrupsiyada hallanan R.Məmmədovun işdən çıxarıldıqdan sonra həbs olunması ilə bağlı xəbərlər yayılsa da, həqiqəti əks etdirmədi. Mətbuatda yazılan məlumatlara görə, sabiq icra başçısı Ağdama rəhbərlik etdiyi dönəmdə dövlət büdcəsini talamaqda ittiham olunub. Mətbuata açıqlama verən Məmmədov həbs olunması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib. Falçı və cadugərlərə rəğbət bəslədiyi iddia edilən R.Məmmədovun vaxtilə bu işlə məşğul olanları tez-tez İcra Hakimiyyətinə dəvət etdiyi bildirilir. O, Ağdamda bu hobbisi ilə məşhurlaşıb. Hazırda R.Məmmədov da işsiz vəziyyətdədir.
Sui-qəsd nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilən Elmar Vəliyev də bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Gəncə sakinlərinin hər zaman şikayət etdiyi E.Vəliyevin yaralandıqdan sonra postunu tərk etməsi mətbuatın gündəmini zəbt etdi. Hazırda müalicəsi davam etdirilən E.Vəliyev heç bir işlə məşğul olmadığı və ev şəraitində müalicə aldığı bildirilir.
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də vəzifəsini itirdi. V.Abdullayev bir müddət bundan əvvəl Beyləqan rayonunda yüksək vəsait hesabına başa gələn tualetin açılışında iştirak etməsi ilə yadda qalıb. Ötən gün işdən çıxarılan Abdullayev də hazırda işsizdir. Onun hər hansı bir işlə təmin olunması ilə bağlı təyinat olmayıb.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …