Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanın himninin müzakirə doğuran janrı

Azərbaycanın himninin müzakirə doğuran janrı

Deputat Tahir Kərimlinin Azərbaycan Respublikasının Dövlət himni ilə bağlı səsləndirdiyi fikirlər, bir neçə gündür ki, ictimaiyyətin müzakirəsindədir. Tahir Kərimlinin elə öz deputat həmkarları ona qarşı çıxıb, himnimizin qısaldılmasının, dəyişdirilməsinin yolverilməz olduğunu bildirdilər. İctimai şəxslər söylədilər ki, himnimiz bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır və heç bir halda ona toxunmaq olmaz.

Tahir Kərimlinin himnlə bağlı fikirləri arasında belə bir cümlə də vardı ki, himiniz minordadır. Deputat söyləmişdi ki, bu, mərsiyə deyil.

Qeyd edək ki, himnimizin janrı ilə bağlı bundan öncə də fikirlər səsləndirilib. Belə ki, 2016-cı ildə  Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə də Tahir Kərimli ilə oxşar fikirlər səsləndirmişdi. A. Əlizadə söyləmişdi ki, Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsik də musiqiyə sözlər uyğunlaşdırıblar: “Dünyada yeganə ölkəyik ki, bizim himnimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

Əlizadənin bu fikirləri də ictimaiyyət tərəfindən kəskin tənqidlə qarşılanmış, ona qarşı sosial şəbəkələrdə hətta təhqir dolu cavablar verilmişdi.

Bəzi şəxslər bildirirlər ki, Azərbaycan xalqının başına tarix boyu faciələr gəlib. Bu səbəbdən də həmin faciələr folklorumuza da yansıyıb.

“Yeni Müsavat”a danışan yazıçı-publisist Mehriban Vəzir söylədi ki, dövlət üçün bir neçə toxunulmaz məsələlər var ki, onlardan biri də himndir: “Yəni Azərbaycan dövləti öz himnini çox böyük müsibətlərdən, cəfalardan keçib, yaşadıb və nəhayət, bərqərar edə bilib. Bu yol ağır və müqəddəs, millətin taleyində fövqəladə hadisə olan bir yoldur. Fikir verin ki, milli azadlıq hərəkatının həqiqi nümayəndələrinin heç birinin ağzından himn haqqında artıq-əskik söz çıxmır. Çünki onlar həqiqətən də bu himni qoruyub, yaşatmış, bu günə qədər çıxarmış insanlardır. Bu himnin mövcud olub, yaşamasında onların da rolu var. Lakin adları qeyd olunan adamların da bioqrafiyası bizə bəllidir. Rusiyaya bağlı olan, yaxud hansısa sifarişlə gəlib, parlamentə düşmüş adamların dediklərinə fikir vermək lazım deyil. Hər halda himnin minor və ya major olmasını peşəkarlar deyə bilərlər. Ancaq bu faktdır ki, həmin çalınan zaman bu ölkədə və ölkəmizdən xaricdə yaşayan milyonlarla azərbaycanlı türkünün canı ürpənir, ruhu yerindən oynayır. Əgər bu himn kiminsə ruhuna toxuna bilmirsə, qoy o, bunu gedib öz bioqrafiyasında araşdırsın. Bizim işimizə toxunmasın. Heç kim himnimizə söz deyə bilməz. Bu himnin qəmi də, qüssəsi də, majoru da, minoru da Azərbaycan dövlətinin, türkünün tarixi və mənəviyyatıdır”.

Ä°lgili resim

Himnin major, yoxsa minor olması məsələsinə isə “Yeni Müsavat”a açıqlamasında bəstəkar-müğənni Murad Arif aydınlıq gətirdi. Bəstəkar bildirdi ki, himnimizin musiqisi kifayət qədər majordur: “Ümumiyyətlə, gərək bu barədə məlumatı olmayan insanlar məsələ ilə bağlı rəy bildirməsinlər. Bilmədikləri terminləri işlətməsinlər. Musiqi terminlərini kənara qoyaq. Himnimiz insanın ruhunda bir himnin yarada biləcəyi bütün major ovqatı verə bilir. İkincisi də Tahir Kərimlinin təklifini də anlaya bilmirəm. O, hansı 4 dəqiqədən danışır ki, himnin ardıcıllığı 2 dəqiqə 30 saniyədir. Nədənsə, hesablamanın dəqiq aparılmadığını da söyləyən yoxdur. Himnimizin hər bir cümləsinin arxasında böyük bir düha, ideoloji yanaşma, cəmiyyətə, bəşəriyyətə, azərbaycanlılara bir öyüd dayanır. Hesab edirəm ki, bu himndən 1 saniyə də azaltmaq olmaz. O himni əvəz edəcək elə bir mətn, musiqi adamı bizim zəmanəmizdə yoxdur. Nələrisə doğmalaşdırmağın, xüsusiləşdirməyin tərəfdarı deyiləm. İstənilən mövzuda müzakirələrin tərəfdarıyam. Lakin mənə elə gəlir ki, real danışsaq, bu gün himnin yerinə alternativ çıxara biləcək şəxsiyyət yoxdur. Kimsə çıxıb, Üzeyir Hacıbəyovdan daha üstün təklif edə bilməz. Araz Əlizadəyə gəlincə isə bu adamın fikirlərinə heç bir münasibət bildirmək istəmirəm. Bu da mənim vətəndaş mövqeyimdir”.

Ä°lgili resim

Onu da qeyd edək ki, digər bəstəkar Nailə Mirməmmədli isə Tahir Kərimlinin fikirlərinə haqq qazandırıb. Bəstəkar oxu.az saytına açıqlamasında aşağıdakıları söyləyib: “Əslində, bu himni Üzeyir Hacıbəyovla Əhməd Cavad 1918-ci ildə şəhid olan azərbaycanlılara həsr edib. Bu, himn kimi yazılmayıb. Ona görə də, Üzeyir bəy burada minor ab-havası verib. O, “Xalq musiqisinin əsasları” kitabında qeyd edir ki, bayatı-şiraz qəmginlik gətirən musiqidir. Onun çox gözəl digər himni də var, ancaq o sovet dövründə olan Azərbaycana aiddir. Mən də həmişə fikirləşmişəm ki, bu, şəhidlərə aiddir. Biz əgər şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə ona görə qəmgin not normaldır”, – deyə bəstəkar bildirib.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …