Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın ən yaşlı tələbəsi: “Təhsil alacağımı deyəndə mənə qəribə baxdılar”

Azərbaycanın ən yaşlı tələbəsi: “Təhsil alacağımı deyəndə mənə qəribə baxdılar”

Yaşından və mövqeyindən asılı olmayaraq, təhsil almaq və ya əlavə ixtisasa yiyələnmək heç vaxt gec deyil. Əsas odur ki, aldığın təhsilin, əlavə peşənin özünə, cəmiyyətə bir faydası olsun. Elə 73 yaşlı arıçı Musa Mahmudov kimi.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin arıçılıq fakültəsində oxuyan M.Mahmudov Azərbaycanın ən yaşlı tələbəsidir.

Musa Mahmudov Kamal oğlu 1951-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakıda avtomobil çilingəri kimi çalışıb. 1972-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq, Mingəçevir Politexnik Texnikumuna qəbul olub və orada yaşayıb, işləyib.

M.Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayırdı. Lakin son 11 ildi ki, doğma Qəbələ rayonunun Vəndam kəndinə köçərək burada arıçılıq təsərrüfatını böyüdüb. Hal-hazırda 60-dan çox arı ailəsi var və özü “Ana arı” yetişdirir.

Arıçılığı praktik bacarsa da, onun nəzəri sirlərini öyrənmək üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olub.

“Ötən ilin oktyabrında ilk arıçılıq qrupu açıldı və biz ilk tələbələrik. Gənclərlə yanaşı, burada 72 yaşlı sinif yoldaşım Nurməmməd Nuriyev və 65, 60, 50 yaşlarında arıçılar da təhsil alır. Onlar da praktik arıçılığı yaxşı bilirlər, amma nəzəri bilikləri öyrənmək üçün mənim kimi təhsil alırlar.

Hazırda qrupun ən fəal tələbələrindən biri olan Musa Mahmudov təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirib.

“Tədris başlayandan bir saat da dərsi buraxmamışam. Müəllimlər də məndən razılıq edirlər. Peşə məktəblərində deyilənlərin çoxu bildiklərimdir. Amma nəzəri biliklər də var ki, onlar da vacibdir. Martın 18-dən praktikaya çıxacağıq, tədris ilinin sonunda isə artıq diplomumuzu alacayıq. Burada məhsulumuzun marketinqini də öyrədirlər ki, bu da bizim üçün vacibdir”.

M.Mahmudov qeyd edib ki, ilk dəfə təhsil alacağını evdə deyəndə ona qəribə baxıblar:

“Dedilər ki: “bu yaşda məktəb oxuyacaqsan? Özünün təsərrüfatın var, başqalarına arıçılığı öyrədirsən”. Onlarla razılaşmadım və mükəmməl arıçı olmaq üçün təhsil aldım. Lakin yenilikləri görəndə nəvələrim təəccüblə “Baba. Baba, nə qəşəng” deyirlər.

Fevralın 29-da ad günüm idi. Məktəbdə elə ad günü keçirdilər ki, sözlə ifadə etmək çətindir.
Lakin övladlarım heç biri arıçılıqla məşğul deyil. Nəvələrim də kiçik olduğu üçün onları dərsdən yayındıra bilmirəm.
Təhsil hər bir yaşda vacibdir. Bu, mənim ikinci təhsilimdir. Amma təhsildən yayınan gəncləri görəndə hirslənirəm. Çünki təhsilsiz, heç bir ixtsasa yiyələnməyən gənc həyatda öz yolunu tapa bilməyəcək, uğur qazanmayacaq. Biliksiz insan susuz quyu kimidir”.

AzVision.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …