Ana səhifə / Cəmiyyət / Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy olmur”.

Bu sözləri müğənni Manaf Ağayev “Rəngarəng səhər” verilişində deyib.

O, əvvəlki toylardan danışaraq köks ötürüb:

“May ayı bir az zəiflik, toy az olur. Qabaqlar yaxşı idi, indi o toylar yoxdur. Elə olub 30 gündə 30 toyda olmuşam, 32 toyda olmuşam. Səhər də toy oxumuşam, axşam da. 2000-ci illərin əvvəlində elə idi. Onda oxuyan da az, indi gördüyünüz müğənnilər yox idi”.

Qeyd edək ki, son vaxtlar gənclər adətən bağ evlərini kirayələyir, 20-30 nəfər dostları ilə toy günlərini qeyd edirlər.

Maraqlıdır, bu tendensiya əvvəlki təmtəraqlı toyların keçirilməsinə mənfi təsir göstərir?

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki,  bu gün türk dünyasının bütün qövmləri (xalq, millət) sadə toydan təmtəraqlı toylara gəlib çıxıblar:

“Bu da biznesə çevrilib. Hazırda yeni tendensiya Azərbaycana da gəlib çıxıb. Əsasən, Avropada təhsil alan, sivil qövmləri görən gənclərimiz bu toy biznesini qəbul etmirlər. Hər bir adət-ənənəyə düşüncəylə yanaşmaq lazımdır.

“Palaza bürün, elnən sürün” məntiqi ilə hərəkət doğru deyil. Hər bir insanın bütün məsələlərə fərdi yanaşması olmalıdır. Fərdi yanaşma isə intellekt tələb edir. Bu fərdi yanaşmalar içərisindən səmərəli olanlar artıq ənənəyə çevrilib genişlənir.

Hamı bilir ki, ənənəvi hal almış təmtəraqlı toylar toy biznesi ilə məşğul olan şəxslərə fayda verir. Bu təmtəraq nə toy sahibinə, nə də ailəsinə fayda verir. Xüsusi intellekti olan insanlar artıq bu ənənəyə qarşı çıxaraq, bağ evlərində dost-tanışla toy gününü qeyd edirlər.

Bu artıq xərcləri də aradan qaldırır. Hazırkı tendensiya gələcəkdə daha çox geniş yayılacaq və toy biznesinin axırına çıxacaq. Bu da çox müsbət haldır”.

Sosioliq Üzeyir Şəfiyev isə bildirib ki, gənclərin bağ evi kiralayıb toy etməsi hələ trend halı almayıb, çünki həmin gənclərin sayı elə də çox deyil:

“Toy biznesi geniş anlayışdır. Buna görə də gənclərin öz istəklərinə uyğun toy etməsi o qədər geniş tendensiya deyil ki, toy biznesinə mənfi təsir göstərsin. Toy iqtisadiyyatına nəzarəti şadlıq saraylarının sahibləri edir.

Günümüzdə toy sahibləri təmtəraqlı məclislərdən böyük qazanc əldə etmirlər, hətta bəzən əlavə borclar da yaranır. İnsanlar “qonşudan dala qalma!” prinsipi ilə kreditə girib toy edirlər, bu da ailələr arasınsa konfliktə gətirib çıxarır”.

O bildirib ki, əslində, bu, yaxşı haldır, böyük insan kütləsini toylara dəvət etməyə lüzum yoxdur:

“Lakin bağ evləri kirayə götürməyi daha da sadələşdirmək olar. Çünki əgər bu rəqəmlər çoxalsa, bağ evlərinin kirayə qiymətində artım müşahidə olunar. Qeyd etdiyim kimi, gənclərin bu addımı çox kiçik rəqəmləri əhatə edir, geniş yayılmayıb.

Ümumiyyətlə, təmtəraqlı toylar çox vaxt qınaqla qarşılanır, amma əksər hallarda bu toyların qınayanlar da vəziyyətdən qaça bilmirlər. Düşünürəm ki, toyların ictimai tənzimlə keçirilməsinə ehtiyac var ki, təmtəraqlı qoylar keçirilməsin”.

Həmçinin oxuyun

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. “Unikal”ın əldə etdiyi …