Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bölgələrin fərqli YAS MƏRASİMLƏRİ

Azərbaycanda bölgələrin fərqli YAS MƏRASİMLƏRİ

Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb və bunula bağlı daşlaşmış adət-ənənələr mövcuddur. Amma son illər yas mərasimləri öz məzmun və mahiyyətini, formasını dəyişib ki, bud a bir sıra hallarda xoşagəlməz sonluqlara səbəb olur.
Azərbaycanda yas mərasimləri bölgələrə uyğun olaraq, dəyişən adətlərlə müşayiət olunur.

Maraqlıdır, şimal, cənub, qərb və digər bölgələrdə dəfn adətləri necədir?

Modern.az saytı bununla bağlı bir neçə bölgənin din xadimləri ilə həmsöhbət olub.


Balakən şəhər Cümə məscidinin imamı İbrahim İbrahimov deyib ki, onların adətlərinə görə,  dəfnin üçüncü günü  Zikr məclisi olur:

“Əgər ölən qadındırsa, qadın yuyucuya xəbər edib, gətirirlər. Kişidirsə, əksinə.  Ölü ya  həyətində bir yer qurularaq orada yuyulur, ya da məscidlərdə. Əgər mərhumun uzaqda qohum-əqrabası varsa, tez gəlib çıxacaqsa, meyitin dəfnini bir az yubadırlar. Yox əgər həmin gün gələ bilməyəcəklərsə, günorta namazından sonra mərhumun dəfni elan edilir.  Həyətdə palaz açılır, cənazə namazı qılınır və qəbiristanlıqda dəfn olunur. Bundan sonra 3 gün məclis olur. Üçüncü gün bizim adətimizə görə böyük zikr məclisi təşkil edilir. Hardasa 100 nəfər kişi toplanır və məclisdə iştirak edir. Sonra  ölünün 7 və 40 mərasimi verilir və bununla da  tamamlanır”.

İmamın sözlərinə görə, hazırda Balakəndə  yas mərasimlərində heç çay da verilmir:

“Bir-iki il bundan qabaq dedilər ki, yas mərasimlərində yemək olmasın. Ona görə də hazırda  ölü yerində heç nə verilmir. Heç çay da olmur. İkinci, üçüncü gün şirnidən ibarət süfrə açılır. Zikr məclisində isə şorba, dolma kimi yeməklər verilir. Yas mərasimlərinə gələnlər adətən pul yazdırsa da, bizim bəzi kəndlərdə belə deyil. Elə kəndlər var ki, mərasimdə dəftər qoyulur, ehsanı yeyəndən sonra camaat gücü çatan qədər pul yazdırır. Amma elə kəndlərdə də var, heç kim pul yazdırmır. Balakəndə qəbir daşları müxtəlif cürdür. Təmtəraqlısı da, sadəsi də var. Lakin əksəriyyət dəbdəbədən uzaqlaşır”.


Gəncə Şahsevənlər məscidi  dini icmasının sədri Füzuli Məmmədli 
bildirib ki, Gəncədə 7 mərasimi olmur:

“Peyğəmbərimizin hədisində buyrulub ki, dəfnə tələsin. Əgər ölünün yiyəsi bacarırsa, özü onu yuyur. Yox əgər əksinədirsə, başqasını tapır və  müəyyən məbləğ qarşılığında bunu edir. Təbii, qadını gərək ki, qadın, kişini isə kişi yuya. Gəncədə ölünün  yuyulandan sonra bir-iki gün müddətində saxlanması məsələsi çox az hallarda baş verir. Mərhumun yaxınları uzaqda qalırsa, belə problemlər yaranır. Amma bizdə dəfn nə qədər tez edilsə, bir o qədər savab hesab olunur.

Ölünün dəfn mərasimi əsasən günorta namazından sonra olur. Lakin  saatın fərqli olmasının eybi yoxdur. Yəni  həmin günü dəfn etmək çatdırılmasa, bunu  axşama da salmaq olar. Sadəcə olaraq bizdə qəbirstanlıqlarda şərait yaxşı deyil, işıqlandırılması yoxdur, natəmizlikdir. Bu baxımdan nəsə problem ola bilər. Hazırda Gəncədə demək olar ki, yas mərasimlərində yemək verilmir. Bircə dəfn günü halva və yuxa təklif edilir.  Həmçinin, çay və şirni də olur. Təbii, qadın və kişi məclisləri ayrıdır. Əgər evdə şərait varsa, qadın məclisi  evdə təşkil olunur. Bizdə 3 və 40 mərasimi olsa da, 7 mərasimi verilmir. Qəbir başdaşlarının isə demək olar ki, hamısı təmtəraqlıdır. Düzdür, şəriətdə belə bir şey yoxdur, amma  adətlər belədir”.

Lənkəran Liman Şəhər məscidinin axundu Haqqəli Paşa Zeynalov deyib ki, həmin bölgədə ölünü basdırmaq üçün vaxt məhdudiyyəti qoyulmur:

“Dəfn olunan adamı öz həyətlərində yer, şərait olsa, orada yumaq olar.  Bundan sonra kəfənləyirik və qəbiristanlığın qabağında cənazə namazı qılıb, dəfn edirik. 3 gün məclis keçirilir. Bizdə adətlər kənd yerindəki kimidir. Ölünü saxlamağa imkanımız olmur. Məsciddə səsgücləndirici ilə xüsusi dua vasitəsilə dəfnin saatını elan edirik. Camaat, el-oba yığışır və ölünü dəfn edirik. Ölünü basdırmaq üçün vaxt məhdudiyyəti qoyulmur. Tutaq ki, adam axşam saat 5-də rəhmətə gedibsə, onu sabaha saxlamırıq. Ola bilər, səhərə qalsa, ev sahibləri narahat olsun. Bu nöqteyi-nəzərdən ölü sahibinin razılığı ilə həmən dəfn edirik. Qəbiristanlıqdan qayıdandan sonra yüngülvari süfrə açırlar, yeməklər olur. Kişi və qadın yığıncaqları adətən ayrı olur. Ümumiyyətlə, bu yas mərasimləri ilə bağlı bizdə təmtəraqlı işlər görülmür. Lənkəranda 7 mərasimi yoxdur. 40 mərasimində 15-20 nəfər yığışır, çay süfrəsi təşkil edilir, Quran oxunur və gələnlər qəbiristanlığı ziyarət edib başsağlığı verirlər”.

Tovuz şəhər məscidinin axundu Nəriman İbayev qeyd edib ki, Tovuzda axşam saatlarında ölü dəfn edilmir:

“Bizdə ölü yiyəsi onu məsciddə yox, evlərdə yuyur.  Ölü yuyulub büküləndən sonra cənazə namazı qılınır və basdırılır. Axşam saatlarında heç zaman ölü dəfn etmirik. Ancaq gündüz saatlarında namaz qılınır və ölü dəfn edilir.
Yas mərasimləri isə artıq sadə keçirilir. Yəni yasa gələnlərə halva, yuxa, salat təklif edilir, başqa heç nə. Tovuzda çox vaxt qadın və kişi məclisləri ayrı olur. Lakin  bəzən də eyni yerdə kişilərin yığıncağı qurtarandan sonra qadınların  yığıncağı başlayır. 3, 7, 40 mərasimləri isə hər yerdə olduğu kimidir”.

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” – FOTO

“Azərbaycanın igid oğlu – əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən …