Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bəraət statistikası – 8 ildə 430 hökm…

Azərbaycanda bəraət statistikası – 8 ildə 430 hökm…

Azərbaycan məhkəmələrində əsas problemlərdən biri də  bəraət hökmlərinin çıxarılması ilə bağlıdır. Sanki hakimlər bəraət hökmlərinə imza atmaqdan çəkinirlər.

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a bəraətverici hökmlərlə bağlı maraqlı açıqlama verib. Deyib ki,  2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb.

“Yeni statistik məlumatlar da var. 2014-2021-ci illəri əhatə edən dövr ərzində bəraət hökmlərinin sayı 430 olub, beləliklə cüzi də olsa, irəliləyiş müşahidə olunur. Lakin işlərin ümumi sayına nisbətdə bu rəqəm yenə çox-çox azdır. Maraqlı və qorxunc məqamlardan biri hərbi məhkəmələrin ümumiyyətlə bəraətverici hökmü çıxarmamasıdır. Yalnız 2014-2021-ci illər ərzində Bakı Hərbi Məhkəməsində cəmi 2 bəraət hökmü çıxarılıb, digər hərbi məhkəmələrdə ümumiyyətlə belə hökmlər yoxdur” – deyə vəkil bildirib.

Hüquqşünas bildirib ki, ümumiyyətlə bəraətverici hökmlər çıxarmayan başqa məhkəmələr də var: “Lənkəran Ağır Cinayətlər Məhkəməsində statistik məlumata əsasən ümumiyyətlə bəraətverici hökm çıxarılmayıb. Nəzərə alsaq ki, adından da göründüyü kimi, bu məhkəmə cinayət işlərinə baxan ixtisaslaşmış məhkəmədir, durumun nə qədər acınacaqlı olması göz qabağındadır. Belə məhkəmələr təqribən notariat funksiyasını həyata keçirərək prokurorluq tərəfindən verilən ittihamları təsdiq etməklə məşğuldur”.

Vəkil deyir ki, bəraət hökmlərinə imza atan 2-3 hakim olmasa, ümumiyyətlə, statistika acınacaqlı olar:

“Açıq olan statistik məlumata görə, 2014-2021-ci illər üzrə hakim Ramin Qaraqurbanlı liderliyi qoruyub saxlayıb. Bir qədər əvvəl Bakı Apelyasiya Məhkəməsinə keçirilib, bundan sonra da bəraət hökmlərini çıxartmağa davam edib. Hakim Qaraqurbanlı 22 bəraət hökmü çıxarıb. 2-ci yerdə əvvəlki kimi  hakim Zamin Tahirov 20 bəraət hökmü ilə qərarlaşıb”.

Cavad Cavadov: Nardaran əməliyyatında kifayət qədər qaranlıq məsələlər var  - YouTube

Cavad Cavadov

Bəs ümumiyyətlə, bəraətverici hökmlərin artması üçün nə baş verməlidir?  Azərbaycan məhkəmələri cinayət mühakimə icraatında nə üçün ittihamedici hökmlərinin çıxarılmasına meyillidir?

Vəkilin cavabı belədir: “Əsas səbəblər bunlardır: məhkəmələrin müstəqil olmaması və bunun üçün siyasi iradənin olmaması; prokurorluğun məhkəmələr üzərində hələ də  dominant mövqedə olması; yuxarı məhkəmələrin aşağı məhkəmələri  əksər hallarda dəstəkləməməsidir. Prokurorluqla bağlı dəfələrlə qeyd etmişik. Konstitusiyanın 133-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. Prokurorluğun eyni zamanda cinayət işi başlamaq, həmin cinayət işinin istintaqını aparmaq, verilən ittihamı təsdiq etmək və özünün verdiyi ittihamı məhkəmədə müdafiə etmək, məhkəmə qərarlarından protest vermək kimi funksiyaları  obyektivliyi öncədən qapadır. Bunun üçün konstitusion islahat aparılmalıdır, yəni bu yalnız referendum yolu ilə mümkündür və prokurorluğun istintaq aparmaq funksiyası götürülməlidir, bu zaman məhkəmədə verilən ittihamın müdafiəsində daha obyektiv yanaşma görəcəyik.

Cinayət Prosessual Məcəlləsində dövlət ittihamçısının məhkəmədə verilən ittihamdan imtina etmək səlahiyyəti olduğu halda bundan ümumiyyətlə istifadə olunmur”.

Vəkil deyir ki, eyni zamanda hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam olaraq icrasını və implementasiyasını təmin etməlidir: “Avropa Məhkəməsinin presedent hüququ məhkəmələrdə formal olaraq tətbiq olunur. Müstəqil məhkəmə sistemi olan dövlətlərdə bəraətverici hökm adi hal hesab olunur, bizdə isə nadir tapıntı kimi mətbuatın xəbər manşetlərində yer alır. Sonunda hüquqşunaslar arasında bir deyimi bir daha təkrarlamaq istəyirəm: ”Bəraət hökmü çıxarmayan hakim əslində hakim hesab olunmur”. Frensis Bekonun bu sitat bu gün də keçərlidir: “Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır””.

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …